
Komitə sədri: “Erkən nikah və qızqaçırma halları azalıb”
"Bir neçə il əvvəl erkən nikah və qız qaçırmalarla bağlı vəziyyət çox kritik idi. Erkən nikahlar, qız qaçırmalar kifayət qədər aktual problemə çevrilmişdi".
Bu sözləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son üç ildə aparılan müşahidələr onu göstərir ki, artıq insanlar cinayət məsuliyyətindən xəbərdardır: "Düzdür, problem hələ ki var. Lakin əvvəlki illərlə müqayisədə problemin dinamikası yüksələn xətdə deyil. Təbii ki, burada qanunvericilikdə qəbul olunmuş müəyyən qərarların da rolu var. Rəhbərlik etdiyim təşkilat erkən nikahlarla bağlı rayon polis şöbələrinə mütəmadi olaraq sorğular yollayır. Polisdən bizə verilən cavablarda erkən nikahlar, qız qaçırmalarla bağlı bir və yaxud iki hal üzrə cinayət təqibinin həyata keçirildiyi bildirilib. Hesab edirəm ki, gələcəkdə erkən nikah problemi aradan qalxacaq".
Qanunvericiliyin qadınlara kifayət qədər imkanlar verdiyini söyləyən M.Zeynalova ictimai həyatda, məişət münasibətlərində tamam əks vəziyyətin müşahidə olduğunu qeyd edib: "Bildiyiniz kimi, evdə qadınlara qarşı baş vermiş zorakılıqların dinamikası dəyişməz olaraq qalmaqdadır. Baxmayaraq ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olunub. Evdə öldürülən qadınlar günümüzün problemidir. Həftədə ən azı iki qadının öldürülməsi xəbəri yayılır. Bu çox ciddi siqnaldır. Qanundan savayı da fərqli addımların atılmasına ehtiyac var. Mühafizə orderinin tətbiqi də hələ ki işə düşməyib. Bunun icrası ilə bağlı lazımi qurumlar kifayət qədər hazırlıqlı deyil. İkinci tərəfdən, xidmət paketlərinin olmaması da bir başqa problemdir. Hesab edirəm ki, təbliğatla bərabər xidmət paketləri mükəmməl şəkildə qurulmalıdır ki, evdə öldürülmə təhlükəsi olan qadınlar küçədə qalmasınlar. Habelə xidmət paketlərinin içində düşünmə dövrü üçün mərkəzlər də olmalıdır. Bu mərkəzlər bizim qanunda nəzərdə tutulmayıb. Düşünmə dövrü üçün mərkəzlərin olması qadını kənar təsirlərdən xilas edə bilər. Bu gün rəqəmlər söyləyir ki, boşananların sayı artıb. Rəsmi rəqəmlərə əsaslansaq, evlənənlərlə boşananların arasında kəskin bir fərq yoxdur. Sadəcə, qeyri-rəsmi və erkən nikahlar bu faizi artırır".
Sonda M.Zeynalova bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar günü ərəfəsində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi regionlarda qadınlara təlimlər keçəcək.
Mediainfo.az