Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

6 Fevral 2015 18:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2014-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralovqeyd edib ki, 2014-cü il Azərbaycan Prokurorluq orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

Hesabat dövründə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf proseduralar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.

2014-cü hesabat ilində ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya və rüşvətxorluq kimi təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 333 şəxs barəsində 206 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

Eyni zamanda Baş İdarənin fəaliyyətində formalaşmış müsbət meyllərin inkişaf etdirilməsi, korrupsiya cinayətlərinə və hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılması, idarə əməkdaşlarının hazırlıq səviyyələrinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının yeni formalarının tətbiqi üçün zəruri tədbirlərin görülməsi, cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödənilməsi göstəricilərinin yüksəldilməsi barədə tapşırıqlar verilib.

Kollegiyada Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluğu orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Kollegiya iclasında çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov, baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlər çıxışlarında 2014-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran baş prokuror əmin olduğunu bildirib ki, Respublika Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcək.

Mediainfo.az