İsmayıllıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans

İsmayıllıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans

29 Yanvar 2015 18:51
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllıda "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu və Göyçay rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfransın əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyindən söhbət açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı danışıb. Geosiyasi maraqların getdikcə şiddətlənərək təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənməsinin dəhşətli nəticələrə səbəb olduğunu diqqətə çatdıran natiq bu gün bəzi müsəlman ölkələrində baş verən silahlı toqquşmaların məhz bu maraqdan irəli gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda da radikalizm meyillərinin güclənməsində maraqlı olan, ölkəmizin uğurlarını gözü götürməyən xarici qüvvələr var.

Mübariz Qurbanlı dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıblar.

Mediainfo.az