FHN Gəncədə seminar keçirib - FOTO

FHN Gəncədə seminar keçirib - FOTO

29 Yanvar 2015 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin Tikintilərdə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının yerli icra orqanlarının nümayəndələri ilə görüşü təşkil olunub.

Apa-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhəri ilə yanaşı, Qərb bölgəsində yerləşən 9 rayonun icra hakimiyyəti başçılarının müavinləri, baş memarları və hüquq şöbələrinin müdirlərinin qatıldığı görüşdə 2013-cü ildə qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlər haqda danışılıb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları tərəfindən iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə proseduraları barədə məlumat verilib. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda bildirilib ki, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə, bu tikintilər qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq.

Qərb bölgəsində yerli icra orqanları tərəfindən müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan verilən 73 sərəncamın əsassız olduğu üçün ləğvi məsələsi müzakirə edilib.

Görüşdə iştirak edən yerli icra orqanların nümayəndələri yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı suallar səsləndiriblər. Nazirliyin əməkdaşları tərəfindən onlara bu və yeni sənədləşmə qaydaları ilə bağlı digər məsələlər izah olunub.

Mediainfo.az