Sevdalı könüllər

Sevdalı könüllər

26 Yanvar 2015 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Demək asan olur, unutmaq çətin,

Hər şeyi unutsaq fikir boş qalar.

Səni xatırlamaq çətindən-çətin,

Hər yada düşəndə gözdə yaş qalar.

Sevgi elə bir ülvi duyğudur ki, asanlıqla ürəyə gəlir və onun gəldiyi gündən ürək rahatlıq bilmir. Çünki onun vüsalı ilə yanaşı, hicran əzabı da qaçılmazdır. Vüsalı nə qədər şirindirsə, hicranı da bir o qədər əzablıdır. Hər aşiq də bunları sonadək yaşaya bilmir. Sevmək asan olsa da, unutmaq çətin olur. Məhz baş tutmayan sevgidə də ən böyük acını ayrılıq yaradır. Unutmaq ayrılıq kimi asan deyil. O sevgi ki, unudulmayır, demək, yaddaşda qalır. Kövrək xatirə tək hər yada düşdükcə gözə yaş, ürəyə kövrəklik gətirir.

Keçid alıram sevgidən ürəyi narahat olanların mesajlarına:

(050) -82-71 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan, necəsiniz? Bağışlayın ki, sizi bu vaxtı narahat edirəm. Ailə problemim olanda bir dəfə sizə yazmışdım. Sonra çox istədim yazım, yaza bilmədim, çünki istəmirdim ki, qəmginlik içində səhifələr olsun. Düşünürdüm ki, bir vaxt sevərəm, o anda sevgimi sizinlə paylaşaram. Və elə həmin məqam gəlib çatıb.

Mən bir insanı sevirdim. Qarşılıqsız olduğunu bilə-bilə, sevilə bilməyəcəyimi bilə-bilə. Çox qəribə rastlaşma olub. Yəqin ki, harada, necə olduğunu deməyə bilərəm, amma əsas odur ki, çox sevirəm. 25 ildə birinci dəfə idi ki, sevirdim. Sevginin necə bir hiss olduğunu bildim, duydum. Amma ondan xəbərsiz yeddi ay əziyyət çəkdim. Onu görmək üçün heç olmasa görüm deyə işlədiyi yerə gedirdim. Sadəcə kənardan baxıb onun necə olduğunu bilmək üçün. Amma çox istəyirdim ki, heç olmasa sevildiyini bilsin, onu necə sevdiyimi bilsin. Ancaq necə deyəcəyəm, necə olacaq, bu barədə çox düşünürdüm. Bilirsiniz, onsuz ola-ola mən ona gözümlə belə xəyanət edə bilmirdim. Yalnız fikrimdə elə o idi. Vaxt elə bir ana gəldi ki, bu insandan mənə zəng gəldi. Bir qədər danışandan sonra mənim ona olan sevgimi hiss etdi və mənə bir kəlmə dedi ki, mən kor olmuşam. Bilirsinizmi, o an heç nə düşünə bilmirdim. Çox rahatlaşdım ki, ona etiraf edə bildim.

İsa Rəvan: Sağ olun, yaxşıyam. Yazdıqlarınızdan təmiz qəlblə saf bir sevgi yaşadığınız bəlli olur. Ancaq birtərəfli sevgi olmur. Qarşılıqsız olan sevgi əzab dolu hicran atəşidir.

Onsuz da sevgi qovuşana qədər ən ülvi, ən fərdi əzab yaşadır. Dərk etmədən yaşamaq çətin olduğu kimi, sevmədən də eşqi duymaq olmur. Eşqsiz həyat sadəcə mövcud olmaqdır. Eşq həyatımızı zənginləşdirən duyğudur, daha doğrusu, duyğuların ən güclüsüdür. Ən başlıca şeyi gözlə görmək mümkün deyil, onu yalnız ürək duya bilər. Sevgini də ürək duymasa sevməz, sevirsə, deməli, duyub. Çünki sevmək üçün də, sevməmək üçün də qərarı ürək özü verir. Buna görə də sevgidə məcburiyyət yoxdur. Yalnız sevib-seviləndə o sevgi daha gözəl olur. Lakin qarşı tərəfin xəbəri olmadan birtərəfli sevgi daxili sıxıntılar içində əzabdan başqa bir şey deyil.

Siz mesajınızda oğlanın cavabı haqqında bir kəlmə yazmısınız. Onun sizə münasibəti və sevgisi indi necədir – deyə bilmərəm. Çünki bu sevgi siz tərəfdən yaşanıb. Düzdür, siz sevginizi etiraf etmisiniz və bununla da qəlbinizi bölüşərək daxili gərginliyinizi azaltmısınız. Ancaq onun "mən kor olmuşam" deməyi sizi sevməyinə nə dərəcədə əminlik yaradır? O, siz ona olan hədsiz sevginizdən yararlanıb istifadə də edə bilər. Unutmayın ki, sevgidən nifrətə bir addım yoldur. Elə olsun ki, o sevginiz nifrətə çevrilməsin. Ona görə də bundan sonra gözləyin. Onun sizə olan münasibətlərini və fikrini dəqiqləşdirin. Təki hər şey ürəyinizcə

olsun və bu seçimdə yanılmayasınız. Sizə sevginizin qarşılıqlı olub vüsal dolu anlar yaşamanızı arzu edirəm.

(055) 32-68 nömrəli mobil telefonun sahibi olan bəy yazır: Salam. Mən sevdiyim qızdan ayrıldığıma görə özümü pis hiss edirəm. Ayrılmağımız isə mənim öz səhvimə görə, onun qəlbinə toxunduğum üçün olub. Zəng etsəm də, mesaj yazsam da cavab vermir. Mən isə onsuz qala bilmirəm, Öz səhvimi başa düşsəm də, indi nə edəcəyimi bilmirəm. Necə edim ki, biz yenə əvvəlki kimi olaq, məni bağışlasın? Sağ olun.

İsa Rəvan: Sevgi ülvi, saf bir duyğu olaraq zərif bir hissdir. Ən kobud insanın belə qəlbi bu zəriflik qarşısında titrəyir. Sevgi-fədakar, dərin və güclü olan səmimi bağlılıqdır. Diqqətsizlik və kobudluğa görə bu bağlılıq tez də qırıla bilər. Kobudluq ümumiyyətlə, hörmətsizliyə aparan bir yoldur. Sevgidə diqqət və qayğı tələb olunduğu kimi, qarşılıqlı hörmət də mütləqdir. Zərif duyğularda həssaslıq üstünlük təşkil edir. Bir qəlbi sevindirə bilmirsənsə, heç onu küsdürməyə də çalışma. Çünki sevgini də, ayrılığı da duyub yaşayan ürəkdir.

Sevgi yaşanırsa orada küsüb-barışmaq da olacaq. Kobudluq isə ən yaxın dostu belə düşmənə çevirə bilər. Qarşılıqlı sevgi-qarşılıqlı hörmət olmadan çox uzun davam gətirə bilməz.

Öz səhviniz ucbatından indi sevginizin hicranını yaşayırsınız. Ancaq sizinlə bərabər sevgiliniz də hal-hazırda bu ayrılığın acılarını yaşayır. Cavab verməməyi sadəcə olaraq xanımlıq qüruruna görədir. Bütün olanları nəzərə alsaq burada fədakarlıq ən çox sizin üzərinizə düşür. Həm bir bəy olaraq, həm də onun qəlbinə toxunduğunuz üçün. Odur ki, daha cəsarətli olmağınız lazımdır. Maksimum potensialınızla onu necə sevməyinizi, onsuz qala bilməməyinizi sübut etməyə çalışın. Zənginizə cavab vermirsə, hələlik mesaj vasitəsilə fikirlərinizi çatdırın. Uzun müddətli ayrılıq o sevginin məhvinə, qısa müddətli ayrılıq isə onun daha da güclənməsinə səbəb olur. Bu baxımdan da bundan sonra da sevginizi qoruyaraq sevgilinizə diqqət və qayğı ayırın.

(050) -96-84 nömrəli mobil telefonun sahibi olan digər bir bəy yazır: Salam, İsa Rəvan. Səbirsizliyim məni əsəbi edibdir. Bəzən o şeyi ki sakit deyə bilərəm, ancaq əsəbi halda cavab verirəm. Bilmək istəyirəm ki, bu hal məndə Axıra qədərmi belə gedəcək? Sağ olun.

İsa Rəvan: Salamınız qarşılıqlıdır. Səbir və təmkinli olmaqla insan çox şeyə qadir ola bilir. Səbirlilərin əldə etdiklərini, səbirsiz insanlar sonradan baha qiymətə almalı olurlar. Səbirsiz insanın rahatlığı, usandırıcı insanın da dostu olmaz. Sinirlərinizin affekt halında olmağı sizi daim gərginlik içində saxlayacaq. Bununla da siz ətrafınızdakı insanları özünüzdən uzaqlaşdırmalı olacaqsınız. Həm də bu, fizioloji baxımdan səhhətinizə ziyandır. Siz ilk növbədə əsəb həkiminə müraciət edin. Əsəb sakitləşdirici dərmanların köməkliyi ilə tədricən əsəblərinizə hakim olun. Soyuqqanlı olaraq ətrafınızda baş verən hadisələrə reaksiya göstərməyin. Təmiz havada gəzintiyə üstünlük verin. Bir qədər tək olduqdan sonra hansısa dosta ehtiyac olduğunu hiss edəcəksiniz. Onda rahat halda münasibət və ünsiyyət qura bilərsiniz.

İsa Rəvan: (055) 785-84-83