Yuxusu ərşə çəkilənlərə məsləhət

Yuxusu ərşə çəkilənlərə məsləhət

22 İyun 2011 21:45
Bəyəndim (0) Bəyənmədim (0)
Yuxusuzluq bir xəstəlik ola bilər

Tamamilə yuxusuz heç vaxt yaşaya bilmərik. Bütün insanlar yuxuya ehtiyac duyurlar. Normal yuxu müddəti sutka ərzində 8 saat olmalıdır. Fərdi olaraq yuxunun müddəti yaşdan, sinir sistemindən və həyat tərzindən asılıdır. Yuxusuzluq tibbi dildə "insomniya" adlanır.

Əsl insomniyadan o zaman söhbət gedə bilər ki, insan gündəlik həyatda özünü pis hiss etmədən, zəiflikdən, yorğunlundan, tez əsəbiləşməkdən şikayət etsin.

Bəziləri belə hesab edirlər ki, intellektual və yaradıcı insanlar həmişə yuxusuzluqdan əziyyət çəkirlər. Hətta belə bir fikir var ki, yuxusuzluğun qurbanı daha çox qadınlar olurlar.

Məlumdur ki, yuxusuzluqdan heyvanlar əziyyət çəkmirlər. Deməli, yuxusuzluq müəyyən intellektə sahib insanların xəstəliyidir. Qadınlar gənclik dövrlərində daha çox yuxusuzluğa düçar olurlar. Bu da onların həddən artıq emosional həyatı ilə əlaqədardır. Kişilərdə yuxusuzluq başqa səbəblərdən və daha gec yaşlarında yaranır. Bunlar əsasən karyera və ailə həyatı ilə bağlı problemlərdir. Bununla yanaşı, demək olmaz ki, kişilər daha az emosionaldırlar. Sadəcə, onlar öz problemləri barədə nadir hallarda danışırlar. Bir şey də var ki, 60 yaşından sonra həm qadınların, həm də kişilərin yuxuya olan ehtiyacları 5-6 saata qədər azalır. Bu, ümumi fizioloji prosesdir. Bəziləri isə belə düşünürlər ki, yuxusuzluq hər hansı xəstəliyin göstəricisidir. Əlbəttə ki, yuxusuzluq müxtəlif xəstəliklərlə yanaşı müşahidə oluna bilər. Əgər yatan zaman diskomfort hiss edirsinizsə, hər şeydən əvvəl əsas xəstəliyi - kəskin mədə yarasını, bağırsaqların iltihabını, döş xəstəliklərini müalicə etdirməlisiniz. Yuxusuzluq daha çox nevroz və depressiya zamanı müşahidə olunur. Onlar müalicə olunduqda keçib gedir. Bəzən isə belə olur ki, o özü əsas xəstəlik hesab olunur.

Məsələn, pasient hipertoniyadan müalicə alır. Bu zaman yuxu pozğunluqlarına fikir vermir. Həkim onda yuxusuzluqdan şübhələnir və ona yuxugətirici preparatlar təyin edir və bundan sonra xəstə özünü daha yaxşı hiss edir, onun təzyiqi aşağı düşür.

Bəzi xəstələr yuxusuzluqdan əziyyət çəkən zaman həkimə müraciət etməkdən qorxurlar. Bunun səbəbi isə odur ki, həkim yuxugətirici dərmanlar təyin edə bilər. O isə buna alışacaq və heç vaxt özü yuxuya getməyəcək. Mütəxəssislər isə söyləyirlər ki, qısamüddətli insomniya bir qayda olaraq stressin əlaməti olaraq meydana çıxır. Belə olan halda psixoterapevtin yardımı müsbət nəticə verə bilər. Əlbəttə ki, stress uzun müddət davam edərsə, yuxusuzluq da xroniki hala keçə bilər. Bu ən çox ağır ailə problemləri, iqtisadi böhranlar zamanı baş verir. Ancaq əksər insanlarda dərhal orqanizmin yardımçı imkanları işə düşür və insan qənaətbəxş olmayan bu vəziyyətə uyğunlaşır.

Qısamüddətli yuxusuzluq zamanı həkim bir-iki gün üçün yuxugətirici təyin edə bilər. Bu zaman vərdiş əmələ gəlmir, yuxusuzluq inkişaf etmir, sağlamlığa heç bir zərər gətirmir. Mütəmadi olaraq yuxugətirici dərman preparatının 3-4 gün ərzində qəbul olunması, həqiqətən də, vərdiş yarada bilər. Lakin bundan yaxa qurtarmaq üçün bir neçə gün kifayətdir. Başqa bir məsələ psixoloji amildir. Əgər insan özü həblərdən əl çəkmək istəmirsə, onu ayırmaq çox çətin məsələdir. Yenə də bu işlə məşğul olan mütəxəssis öz təcrübəsindən bizə bir misal göstərir. Belə ki, onun bir pasienti heç bir səbəb olmadan həftədə 2-3 dəfə yuxusuzluqdan əziyyət çəkir. Ona gündəlik tutmağı, ora hər gün nə vaxt yatdığını, nə vaxt oyandığını, gün ərzində nə baş verdiyini, necə yuxuya getdiyini yazmağı məsləhət görürlər. İki həftə sonra məlum olur ki, yuxusuzluq işdə olan periodik xoşagəlməzliklərlə, narahatlıqlarla əlaqədardır. Ona stress əleyhinə dərman preparatı, o cümlədən yuxugətirici təyin edilir. Bu yuxugətirici sxem üzrə deyil, konkret əsəbilik situasiyalarında qəbul edilir. Bir ay sonra problem tamamilə həll olunur və dərman preparatlarına qarşı heç bir vərdiş əmələ gəlmir.

Məqaləni oxuyarkən mürgüləməyə başladınızsa, bu, yazının maraqsız olmağından irəli gəlmir. Sadəcə, yuxusuzluq dərdinə dərman ola bilmək idi məqsədimiz.

Əfqanə Səhər

O.M.