Aşiqlərin cəfası

Aşiqlərin cəfası

24 Noyabr 2014 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bir aşiq çəkməsə hicran qəmini,

Böyük nemət bilməz vüsal dəmini

Ağıl yola getmir məhəbbət ilə,

Çünki salır sirri ağıza, dilə.

Ağıl ilə sevmək olsaydı bu qədər əzab və hicran yaşanmazdı. Sevgi ülvi duyğular aləmidir, iki qəlbin eyni istəyidir. Orada kobudluğa, təhqirə yol verilirsə, o yerdə ülviyyətdən söhbət gedə bilməz. Sevgi ülvi duyğular əhatəsində yaşanaraq daim qəlbi sevindirməlidir. Lakin sevgi olan yerdə hicran əzabı da qaçılmazdır.

(050) 96-63 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, hörmətli İsa Rəvan, necəsiniz? Yaxın bir kimsəyə deyə bilmədiyimiz gizli fikirlərimizi sizinlə bölüşüb məsləhət alırıq. Buna görə sizə çox sağ olun deyirəm. Bir oğlanla tanış olub 4 ay sevgi yaşadıq. Sonra onun xasiyyətinə və səhvinə görə ondan ayrıldım. Zəng edib görüşmək istəsə də mən getmirəm. Çünki başa düşdüm ki, seçimimdə yanılmışam. İndi də birgə çəkdirdiyimiz şəkillərlə yaşadığım yerə gəlmək, məni şantaj etməklə hədə-qorxu gəlir. Üstəlik şəkillərimizi internetə qoyacağını da bildirir. Mən isə bunu ailəmin, qohumlarımın bilməyini istəmirəm. Xahiş edirəm mənə kömək edəsiniz. Əvvəlcədən təşəkkürlər.

İsa Rəvan: Sevgi bütün pisliklərdən uzaqdır. Sevgidə qisas, intiqam olmur. Olursa, demək o sevgi deyil. Sevgi fədakar, dərin və güclü olan bağlılıqdır. Sevgi əlaqəsi qayğı və fədakarlıq üzərində qurularaq daha da güclü olur. Hər sevgiyə sevgi, hər sevirəm deyənə də aşiq demək olmaz. Ehtiras, şəhvət də sevgiyə aiddir. Lakin onlar öz istədiyin əldə edənə qədərdir. Hər ötəri hiss ülvi sevginin iqtidarına malik deyil. Yabanı hisslərdə əhd-peyman olmur. Bu hisslər üzərində qurulan

əlaqədə istəyinə çatandan sonra qarşı tərəf uzaqlaşaraq o əlaqəni başqalarının üzərində qurmağa çalışır:

Məhəbbət güldürsə, gül kimi solmaz,

Pak olan könüllər əhdini pozmaz.

Əsli natəmizdən qəlbə yar olmaz,

Bir zaman olacaq atacaq səni.

İsa Rəvan

Təbii ki, ülvi duyğularla yaşanmayan sevgi sonadək davam etməyəcək. Burada şəxsi istək üstün tutularaq eqoizm əsas yer alır. Hər tanışlığı sevgi üzərində davam

etdirmək olmaz. Əsl sevgi 4 ay ərzində bitib tükənməyir. Bunun sevgi olmadığını özünüz də hiss edib vaxtında ayrılmısınız. Bu da onun sizə qarşı olan kobud münasibəti və sevgidən kənar öz şəhvəti hisslərindən irəli gəlib. O sizə şantaj edəcəyəm deməklə qorxudur ki, yenidən ona tərəf qayıdasınız. Bununla da o sizdən öz istədiyini əldə etmək fikrindədir. Siz nə qədər ondan çəkinsəniz o daha çox sizə psixoloji hücum edəcək. Siz qətiyyən çəkinməyin və onun hədəsindən qorxmayın. Onun sizi şantajla təhdid etməsinin özü cinayət daşıyır. Bu haqda siz də polis orqanlarına müraciət edəcəyinizi ona bildirin. Ona qarşı sərt və hökmlü olun. Konkret olaraq sözünüzü elə qəti deyin ki, bu barədə bir də sizi narahat etməsin. Onun mənliyi olsaydı bu cür çirkin əməlləri düşünməzdi, nə də ki, dilinə gətirməzdi. Ayrılanda da dost kimi ayrılardı. Ondan vaxtında ayrılmağınıza da sevinin. O dediklərini etməyə heç bir əsas yoxdur. Və hüquqi baxımdan məsuliyyətə cəlb olunmalıdır. Sizin burada heç bir günahınız yoxdur. Odur ki, elə edin ki, o özü edəcəklərinə görə cavab verəcəyini dərk etsin. Bütün bunlar sizin iradəcə zəif, təbiətcə sakit olmağınızdan irəli gəlir. O, bu 4 ay ərzində sizin xarakterinizə yaxından bələd olub. Düşünüb ki, inamınızdan və sakitliyinizdən istifadə edə bilər. Siz isə bu müddət ərzində onu yaxşı tanımamısınız. Belə insanlar ilk gündən öz hisslərini büruzə verirlər. Sizin bir xanım olaraq onu sevməyiniz və inanmağınız başa düşüləndir. Ancaq ona bu qədər sərbəstliyi və şəraiti yaratmamalıydınız. Nədən qorxursunuz, sizin ki, onunla bir eyib işiniz yoxdur. Şəkillərinizin olmağı əxlaqsızlıq demək deyil. Siz belə etdikcə o daha çox üstünüzə gələcək. Hamı kimi siz də sevmək istəmisiniz. Seçiminizin səhv olduğunu görüb vaxtında da geri çəkilmisiniz. Bu cür də düşünərək özünüzdə rahatlıq taparaq heç nədən də qorxmayın.

(050)--92-96 nömrəli mobil telefonun sahibi olan bəy yazır: Salam, İsa Rəvan. Mən subay oğlanam, 2 ildir ailəli olub ayrılmış xanımla sevgi yaşayırıq. O, yaşca məndən böyükdür və bir övladı da var. Bu illər ərzində bir-birinizə qarşı hörmət və sevgiylə yanaşmışıq. Onun övladına da biganə qalmayıb qayğımı əsirgəməmişəm. Biz bir-birimizə çox bağlı olmuşuq. İndi valideynlərim məni öz qohumumuz olan bir qızla nişanlayıb evləndirmək istəyirlər. Bunu həmin tanışım olan xanım da bilir. Ancaq onda küskünlük əmələ gəlib, sanki aramızda bir soyuqluq yaranıb. Mənə deyir heç olmasa dost kimi qalaq, onsuz da sonumuz ayrılıqdır. Mən onun da qəlbini qırmaq istəmirəm. Və yenə ona dost kimi qayğı göstərmək istəyirəm. Ancaq özü əvvəlki tək deyil, zənglərimə gec cavab verir. Ağlayıb deyir ki,

sənsizliyə öyrəşmək istəyirəm. Mən onunla əlaqəmi kəsməyəcəyimi desəm də inanmır. Bilmirəm neyləyim. Xahiş edirəm bir yol göstərin. Sağ olun.

İsa Rəvan: Qəlbə hökm edən sevgi insanın ruhuna da hakim olur. Yalnız əsl sevgi ilə döyünən ürək iki ömrə bölünərək, iki tale yükünü daşıyır. Ən fərdi, ən ülvi əzab da, sevginin verdiyi əzabdır. Ən fərd, ən ülvi əzab da, sevginin verdiyi əzabdır. Sevməyən ürək yoxdur, o sevgini dəyərləndirməyə də ürək var. Sevmək asan olsa da, unutmaq çox çətin olur. Ən böyük acını da insan ayrılıq zamanı yaşayır. Ayrılıq olmasaydı, həsrət də olmazdı. Unutmaq istəməsən də ayrılıqlar olur. Unutmaq-gözdən uzaq olmaqla deyil, kimsəsiz adada sonadək tənha ömür yaşamaq qədər çətindir. Təkcə sevgidir ki, ürək özü qərar verir, ağıl bu yöndə ona kömək edə bilmir. Çünki sevərkən ağıl da ürəyin kölgəsində qalır. Ayrılsaq da, sevgi hissinin nastalji duyğusu daim qəlbdə qalır.

Siz aranızdakı yaş fərqinə və subay olmağınıza baxmayaraq o ailəli xanımla səmimi hisslərlə yaşamısınız. İstər hörmət, istərsə də sevgi baxımından bunlar qarşılıqlı olub. Bu səbəbdən də o xanım sizə daha çox bağlı olub. Möhkəm bağlılıq, öyrəşmək olanda da, ayrılmaq çətin olur. Həm də qadınlar kişilərə nisbətən sevgiyə daha çox həssas olurlar. Heç bir sevgi sığortalanmasa da, siz aranızdakı həyat fərqlərinə görə bu ayrılığa əvvəlcədən tədricən hazırlaşmalıydınız. Onsuz da hisslər itəndə, sevgi də azalır. Heç vaxt ilk günün sevgisi sonadək eyni yaşanmır:

Sevgi baxmır nə ömürə, nə yaşa,

Dönür hərdən gah bahara, gah qışa.

Sənin ilə mən qalsam da baş-başa,

İlk görüşün yerin vermir, nədəndir.

İsa Rəvan

Valideynin arzusu övladına toy edib onu xoşbəxt görməkdir. Bu baxımdan siz də nə vaxtsa ailə həyatı qurmalıydınız. Və bundan sonra təbii ki, diqqət və qayğınız öz ailənizə yönəlməlidir. Ancaq o xanımla da uzaqdan-uzağa dost kimi qala biləcəksinizmi? Ötəri hisslərin duyğusu sizi yenidən onunla görüşdürəcək. Əvvəlki tək o qayğını ona və övladına verə biləcəksinizmi? Əgər o özü çətin də olsa unutmağa çalışırsa, siz də ona qarşı çox israrlı olmayın. Ancaq dostluğunuz olarsa bu çərçivədə əvvəlki hörməti də itirməyin. O xanımın hazırda qəlb evində sizdən başqa bir kimsənin olmadığını da nəzərə alın. Həm sevib ayrılmağına, həm də tənha qalıb ikiqat acılar çəkməməyinə görə səmimiyyəti hələlik itirməyin.

Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək.

İsa Rəvan

(055) 785-84-83