Dini komitə Gəncədə tolerantlıqla bağlı konfrans keçirib

Dini komitə Gəncədə tolerantlıqla bağlı konfrans keçirib

17 Noyabr 2014 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə şəhərində "Azərbaycan-tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa- konfrans keçirib.

Komitədən verilən məlumata görə, konfransı giriş sözü ilə açan DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan dünyəvi, hüquqi, demokratik dövlətdir. Onun sözlərinə görə, ölkəmizdə bütün insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqludurlar: "Hər bir vətəndaş mənsub olduğu dinin daşıyıcısı olaraq, onlara məxsus olan dini ibadət ocaqlarında- məsciddə, kilsədə, sinaqoqda azad şəkildə ibadətlərini həyata keçirirlər.

Azərbaycanda mövcud olan qanunvericilik bazası və tarixən formalaşmış tolerantlıq mədəniyyəti bütün qeyri-müsəlmanların cəmiyyətdə bərabərhüquqlu şəxs kimi yaşamalarını təmin edir. Tolerantlıq Azərbaycan cəmiyyətində mənəvi və zəruri borc, eyni zamanda yüksək dəyərdir".

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi olacaq ölkədir: "Gəncə şəhəri də bütün ölkəmiz kimi, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkandır. Hazırda Gəncədə müsəlman icmaları ilə yanaşı, rus və yəhudi icmaları da fəaliyyət göstərir və dini ibadətlərini də yerinə yetirirlər. Şəhər rəhbərliyi dini konfessiyaların fəaliyyətini hər zaman diqqətdə saxlayır və dəstəyini əsirgəmir".

DQİDK-nın Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai əlaqələr şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov bildirib ki, qloballaşma şəraitində ümumbəşəri dəyər kimi, müxtəlifliyin qorunması məqsədilə, mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük ənənələrinin qorunması olduqca vacibdir: "Çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu milli azlıqlar burada milli və dini kimliklərini qoruyub saxlayıblar".

Daha sonra Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə şəhəri Şah Abbas Cümə məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini Hüseyn Budaqov və Gəncə şəhəri, Aleksandr Nevski kilsəsinin keşişi Vyaçeslav Daşkov çıxış edərək Azərbaycanın tolerantlıq modelinin bütün dünyaya nümunə olduğunu qeyd ediblər.

Mediainfo.az