Eşqin göz yaşı
Bir aşiq çəkməsə hicran qəmini,
Böyük nemət bilməz vüsal dəmini.
Vüsal da, hicran da sevgi ilə bir yarandığından onlar sevgidən ayrı deyildir.
Hər ikisi sevginin tərkib hissəsidir. Vüsal yaşanırsa nə zamansa onun hicranı da mütləqdir. Təbii ki, hicran olmasaydı, sevginin vüsalı da o qədər şirin olmazdı. Bununla belə heç bir aşiq hicran əzabını yaşamaq istəməz. Və sevərkən də bu sevgidə onu nələr gözlədiyindən xəbərsiz olur.
Gələn müraciətlər də bunu deməyə əsas verir.
(050) -----39 nömrəli mobil telefonun sahibi olan xanım yazır:
Bağışlayın, sizi narahat edirəm. Mənim də sizin məsləhətinizə ehtiyacım var. 19 yaşım var, tələbəyəm. 9-cu sinifdə oxuyanda sevmişəm və sevdiyim də məndən 1 sinif yuxarıda oxuyub, qardaşımın da ən yaxın dostu olub, adı Z-r. ona deyiblər ki, dostunun bacısıdır, düz eləmirsən. O da deyib ki, aldatsam düz etməzdim, sevdiyim və ailə qurmaq istədiyim qızdır. Məni başqa bir oğlan da sevirdi, indi də ürəyində varam. O, məndən əl çəkmirdi. Z-a dedim belə bir oğlan var, qardaşıma deyə bilmirəm. Dedi narahat olma, mən özüm söhbət edərəm və etmişdi də. Sonra Z-r ürəyini açdı mənə, ciddi fikirdə olduğunu dedi və sübut da etdi. İnandım, 4-5 ay sevgili olduq. Hamıya inandığım üçün deyirdim Z-a sevgiliyəm. Belə-belə yayıldı məktəbə. Sonra o, birdən-birə mənə qarşı dəyişdi və ayrıldı. Səbəbini də dedi ki, istəmirdim bunu hamı bilsin. 11-ci sinfə keçəndə o, əsgər getdi. Onun telefon nömrəsini tapıb mesaj yazdım və mesajlaşaraq barışdıq. Dedi gözlə, gəlib elçi göndərəcəyəm nişanlanaq. Sevinərək razılaşdım. Ancaq məni sevən qonşu oğlan R-f dedim ki, mən Z-u sevirəm, sənə nifrət edirəm. Z-r əsgərlikdən gələn günü pəncərədən baxıb görüşdük. Sonra qonşu oğlan R-da onunla görüşüb. Mən Z-a zəng etdim, cavab vermədi. Mesaj yazdı ki, məni unut, R-f səni məndən çox istəyir və xoşbəxt edəcək. Mən aranızdan çəkilirəm. Oxuyub dəli oldum. Nə qədər yazsam da mən səni sevirəm, cavab yazmadı. Elə oldu S-r adında başqa bir oğlanla danışdım. Z-u unutmaq üçün. S-r də mənə sevgisini sübut etdi. Valideynləri də valideynlərimlə danışdı. Tək atamdan başqa hamı bilir. Z-la da dost kimi danışırdıq. Dedi atamın dostunun qızını mənə almaq istəyirlər. Almasam sizə haçan elçi gəlim? Dedim haçan istəsən gələ bilərsən. Dedi onda işə düzəlim, maşın alıb gələcəyəm sizə. S-dən ayrıldım, Z-la barışdığım üçün. S-r ağladı, pis günə düşdü. Anası, bacısı zəng edib and içdilər ki, pis gündədir. Eşitdim ki, Z-ra həmin qızın "hə"sini alıblar. Ona mesaj yazdım ki, bəs bizə elçi gələcəkdiniz? Dedi mən demişdim alınmasa. Sən də, mən də evlənsək də gəl əlaqəmizi itirməyək, həmişə gizlincə görüşək və ölənəcən aramızda sirr qalsın. İstəsən hər zaman yanında ola bilərəm, evli olsam da. Deyir mən istəmirəm sən evlənəsən. Yadıma salanda ki, sənə başqası toxunacaq dəli oluram. Gəl görüşək. Mən razı olmadım, dedim mənə və namusuma yaraşmaz. Onunla danışıram, elə-belə, qırıla bilmirəm. Bilmirəm neyləyim. S-də çox istəyirəm, 10 aydır ki, danışırıq, amma sevə bilmirəm. Çünki Z-u unuda bilmirəm. Təsadüfən yolda onu görürəm, o da məni. Evlərimiz də yaxındır, onun evlənməyin düşünəndə dəli oluram. S-r də biz elçi göndərmək istəyir, qoymuram. Yubandırıram ki, hələ bir müddət gözləyək sonra. Mən axı neyləyim, elə bilirəm evlənsəm də unuda bilməyəcəm Z-u. İsa Rəvan, mənə yol göstərin. Onu necə geri qaytarım, ya necə edim, S-ləmi nişanlanım? S-r də çox qısqanc və hər işimə qarışan, işləməyə qoymayan, çoooox qısqancdır, amma məni çox sevir.
İsə Rəvan: Məhəbbət bizlərə bəxş olunan saf bir nemətdir. Bitib-tükənməyən bu nemətdən hər kəs öz payını götürərək sevib-sevilir. Sevgi-fədakarlıq, dərin və güclü olan səmimi bir bağlılıq yaradır. Sevgi həyatımıza stimul verən bir eşq dəryasıdır ki, yaranan hər bir insanın bu dəryadan bir damla götürməsi mütləqdir. Sevgisiz-həyat, həyatsız da sevgi mövcud deyil. Məhəbbət ehtirasların ən güclüsü olduğu qədər də, ən nəcib, ən fərdi və ən ülvi əzab yaşadan bir duyğudur. Burada birtərəfli sevgi rol oynamır. O, qarşılıqlı sevgi ilə yanaşı, qarşılıqlı hörmət, diqqət və qayğı da tələb edir. Çünki hörmətsiz məhəbbət daim və uzun sürən olmadığı kimi, məhəbbətsiz hörmət də soyuq və gücsüz olacaq. Ən başlıcası isə düzgün seçim əsasında vüsala yetişib kama çatılır. Nakam qalan eşq isə düzgün olmayan seçimin uğursuz taleyidir. Sevgi ağıla deyil, qəlbə aid olduğundan ağıl da qəlbin kölgəsində olur. Qəlbin də gözü olmadığından insan o sevginin əsirinə çevrilir. Bu səbəbdən də bədbəxtçiliyimiz ondadır ki, bəzən bizi sevəni deyil, bizi sevməyəni sevərək öz hisslərimizə allanır və sarsılaraq daxilən mənəvi əzab çəkirik.
Siz də qəlbinizdəki yanlış hisslərin əsirinə çevrilərək bu mənəvi əzabı yaşayırsınız. Bu da sizin təmiz qəlblə olan inamınızdan irəli gəlir. Siz 9-cu sinifdə oxuyarkən sevmisiniz. Bu yaş sizin keçid dövrünüz olduğundan o sevgini çılğın hisslərlə yaşamısınız. Çılğın hisslərdə isə məntiq olmur. Sadəcə olaraq o hisslərin əsirinə çevrilərək sevdiyin insanın dəlisi olursan. Sizin kimi qarşı tərəf olan Z-r da keçid dövrü olduğu üçün o hissləri çılğın formada yaşayıb. Lakin keçid dövrü qurtarandan sonra əvvəlki hisslər itdiyindən, çox vaxt sevgi də azalaraq başqası ilə dəyişilir. Z-r da onlardan biridir. Bu mənada seçiminiz səhvdir. Səhv olan seçimdə isə səadət kor olur. Sizi başqaları sevsə də, siz ancaq Z-un xarici görünüşünə aldanaraq ona bağlanmısınız. Bəzən xarici gözəllik həmin insanın daxili pisliyini görməyə qoymur. Birmənalı olaraq deyirəm ki, Z-n sizə qarşı ülvi sevgisi olmayıb. Sadəcə olaraq keçid dövrü ilə əlaqədar sizə qarşı ötəri hissi olub. Ötəri hiss də sevgi qədər təsir bağışlayır, lakin saf sevgi gücündə olmayır. Sevgi qayğı və fədakarlıq tələb edir. 3-r isə sizi əldə etmək üçün sevgi naminə mübarizə aparmaqdır. Qonşumuzdakı oğlanla (R-la) söhbət edəndən sonra geri çəkildi və sizə bildirdi ki, o səni mən dən çox sevir, səni xoşbəxt edəcək. Məgər sevmək beləmi olur, bir maneə olan kimi geri çəkiləsən? Xeyir! Elə olur ki, qız sevməsə də oğlan onun sevgisini qazanmaq üçün sonadək mübarizə aparır. Siz ona görə başqa sevənlərinizə yox dediniz. O isə bu eşq yolunda sizi tək qoyaraq geri çəkildi:
Bu necə məhəbbət vüsal görmədim
Əhdi peymanımdan bir an dönmədim
Çox hicrana dözdüm, boyun əymədim
Qəlbimi bölmüşdüm sənin ilə tən
Səni sevdiyim tək sevilmədim mən
Ürək istəməsə yada satılmaz,
Sevdasız bir ömür yaşamaq olmaz.
Eşqin cəfasından könül usanmaz,
Bu sevgi yolunda tez yoruldun sən
Səni sevdiyimtək sevilmədim mən. ( İsa Rəvan)
Z-r sizə deyir ki, mənə başqasını istəyirlər alsınlar. Əgər alınmazsa sizə gələcəyəm. Sevgidə "əgər" olmur, mütləq olmalıdır. Yəni ya sən, ya mən, ya başqa heç kim! O özü başqasını sevdiyi halda niyə sizi də başqasının sevməyinə razı olmamalıdır? Özü ailə qurub səadətinə çatdığı halda, nədən sizin ailə qurmağınızı istəmir. Axı, əsl sevən nə olursa olsun sevdiyi insana da xoşbəxtlik arzulamalıdır. Sizi başqasıyla bölüşmək istəməyən oğlan axıradək də sizə sahib olmalıdır. O isə sizə kənarda məşuqə kimi gizlində görünməyi təklif edir. Məgər siz sevmişdiniz ki, sonda ona məşuqə olasınız? Onun fikri belədir ki, mən evlənim, ancaq sən ailə həyatı qurma, gizlincə görüşək. Sizə məşuqə gözü ilə baxan oğlandan hansı ülvi sevgini gözləyirsiniz? "Onu necə geri qaytarım?" deməklə siz, olmayan sevgini necə əldə edə bilərsiniz. O, sizi sevməyir, sadəcə sizinlə kənarda şəhvət və ehtirasını bölüşmək bölüşmək istəyir. Şəhvət və ehtirasda isə eqoizm və öz arzusuna çatmaq istəyi başlıca rol oynayır. Onun xarici görünüşünə aldanaraq yalançı hislərinizin qurbanı olmayın. Gələcəyiniz hələ qabaqdadır. Gələcək səadətinizə isə kor-koranə baxmayın. O, başqasıyla ailə həyatı quracağı halda sizin də öz gələcək səadətinizi əldə etməyə haqqınız var. Bunu da düzgün seçim əsasında etməlisiniz. Qəlbinizin hökmü ilə yanaşı, bir qədər də ağlınızın düşüncəsiylə qərar verməlisiniz. Narahat olmayın, qarşılıqlı əsl sevgi yaşasanız, acılar çəkmədən Z-u unudacaqsınız. Buna mənəvi haqqınız da çatır. Əgər S-r sizi sevirsə bu haqda düşünməyinizə dəyər. Onun anası da, bacısı da bu istəyə razıdır. Sevgi varsa qısqanclıq da olacaq. O da sizi sevir ki, bu qədər qısqanır. Siz necə Z-a görə əzab çəkirsinizsə S-r sizə görə bu cür əzab çəkir. Sizi sevməyəni yox, sizi qəlbən sevənə dəyər verin. Zahiri gözəlliyə deyil, daxili gözəlliyə üstünlük verin. İnsana zahiri gözəllik deyil, daxili gözəllik və saf olan sevgi xoşbəxt də bilər. Odur ki, seçiminizə diqqətlə yanaşın. S-lə 10 aydır ki, danışırsınız. Əgər xasiyyətləriniz tutursa, sizə diqqət və qayğı göstərirsə və sizə qarşı ülvi hislərlə yanaşırsa düşünməyinizə dəyər. Şansınızdan maksimum istifadə edin. Yenə də son qərar özünüzündür. Sizə xoşbəxtlik və səadət arzusuyla.
Müəllifdən: Bu sual-mesaj çox böyük olduğundan mən də ətraflı cavablandırmalı oldum. Ona görə də gələn mesajlara yer ayıra bilmədim. Qalan mesajlara sonrakı həftə görüşənədək.
İsa Rəvan (055) – 785-84-83.