Eşq dəryasından damlalar

Eşq dəryasından damlalar

19 Sentyabr 2014 18:44
Bəyəndim (0) Bəyənmədim (0)

Suda hünər hansı eşqi soyuda,

Eşq odu yandırar soyuq suyu da.

Eşq birdir aşiqlər isə müxtəlif. Bu müxtəliflik içində hər kəs öz sevgisini yaşayır. Əsl sevgi eyni hiss, eyni duyğu olsa da, yaşanan o sevgilərin taleləri fərqli olur. Vüsal dolu anlar, hicran atəşinin həsrətinə çəkilən acılar sevginin tərkib hissəsidir. Ona görə də təkcə sevməklə qəlb öz istədiyini əldə etmək iqtidarında deyil. Sevən qəlb sonadək öz sevgisi naminə fədakar olmalı, o ülvi duyğuları daim diqqət və qayğı ilə əhatə etməlidir. Təəssüflər olsun ki, çox zaman belə olmur. Düzgün olmayan seçim üzərində yaşanan sevgilərin taleyi bəzən uğursuz sonluqla nəticələnir.

Bununla bağlı keçid alıram gələn mesajlara.

055---15-43 nömrəli telefonun sahibi olan bəy yazır: Salam, əziz və hörmətli İsa Rəvan. Mən bir xanımla tanış oldum, çox xoşbəxt idi. Bir neçə gün əvvəl onu başqa oğlanla gördüm və heç nə olmamış kimi həmin yeri tərk etdim. Sonra o, mənə zəng etdi, cavab vermədim. Ona mesaj yazıb göndərdim ki, məni narahat etmə, mən nişanlanmışam. Ona çox inanırdım, amma anladım ki, yanılmışam. Sizə öz təşəkkürümü bildirirəm.

İsa Rəvan: Qarşılıqlı sevərək o sevgini sonadək yaşamaq ən böyük vüsaldır. Lakin yalan, xəyanət sevgiyə olduqca yaddır. Bunlar istər-istəməz bu sevgini sarsıdacaqdır. Sevgi qəlbən yaşanmalı və daim ülviyyətini qorumalıdır. Nəyəsə xətir üzdə sevgi yaşanmır. Onu qəlb duymalı, qəlb yaşamalıdır. Qəlbə aid olmayan sevgi sevgi deyil, ötəri hissdir. Ötəri hiss də adı kimi ötüb keçəcək. Sizin qəlbən yaşadığınız sevgi də qarşı tərəfdə ötəri yaşandığı üçün belə uğursuz alınıb. Digər tərəfdən siz sevginizin haqqı olaraq bu məsələyə aydınlıq gətirməliydiniz. Bəlkə gördüyünüz həmin oğlan onun yaxın qohumlarından biri idi. Təsadüfən hər şey ola bilər. Yox, əgər həqiqətən də başqa bir oğlan idisə, yenə də siz bunu onun özünə bildirib ayrılmalıydınız. Siz nişanlanmışam, məni bir də narahat etmə, - deməklə bu sevgidə özünüzü günahkar göstərmisiniz. Çünki həmin xanım özü xəyanətkar ola-ola, siz nişanlanmaq adı ilə onu aldadaraq atdınız deyə sizi günahkar biləcək. Halbuki o sizi aldadıbdır, ona görə də gərək onun sizə xəyanət etdiyini görüb-bildiyinizi ona deyəydiniz. Bundan sonrakı seçiminizdə isə çalışın yanılmayasınız.

055---66-03 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, hörmətli İsa Rəvan. Mən də sizinlə öz fikirlərimi bölüşmək istərdim. Mən ailəli olub ayrılmışam, 1 övladım da var. 1 il bundan qabaq bir oğlanla tanış oldum. Onu yaxından tanıyandan sonra ona ürəyimi verib sevdim, o da məni sevdi. Subay olsa da , o məni daha çox sevdiyini, mənsiz qala bilmədiyini dedi. Bu yaxınlarda valideynləri ailə qurması üçün onu nişanlamaq istəyiblər. Ancaq oğlanın dediyinə görə özü razı olmayıb. Ona görə də münasibətlərimizdə az da olsa fərq yaranıbdır. Bilmək istəyirəm ki, o doğrudan da mənə görə razı olmayıb, yoxsa yox? Xahiş edirəm mənə bu haqda bir məsləhət verərdiniz. Çox sağ olun.

İsa Rəvan: Başqasına görə sevgi yaşanmır. Hər kəs öz qəlbinin hökmü ilə sevərək o eşqi yaşayır. Sevgi sərhəd bilməyən bir ülvi duyğudur. Heç kəs bu hissdən kənar olmadığı kimi, yaşayacağı sevgidən də sığortalanmayıbdır. Ancaq sevgi də münasib tərzdə, düzgün seçim əsasında olmalıdır. Düzdür, boş qalan hər bir qəlb evinin sevgiyə ehtiyacı var. Lakin ülvi sevgi o ehtiyacdan deyil, ürəklərin qarşılıqlı istəyindən yaranmalıdır. Aranızda olan fərqləri nəzərə alsaq, sizdə bu qarşılıqlı istək tərs-mütənasib haldadır. Bu da sizin boşanmış xanım, onun isə subay olmağına görədir. Çünki bizim cəmiyyətin də özünəməxsus adət-ənənəsi vardır. Təbii ki, sizin də boşanmış xanım olaraq ikinci baharınızı yaşamağa haqqınız çatır. Lakin milli dəyərlərdən irəli gələrək bu da normalar çərçivəsində olmalıdır. Çünki bizim cəmiyyətdə heç bir valideyn subay oğluna boşanmış gəlin almaq istəməz. Hər bir valideynin də arzusu öz istədiyi kimi övladının xeyir işini görməkdir. Sevdiyiniz oğlanın nişanlanmaq üçün valideynləri ilə razılaşmamasını təkcə sizlə əlaqələndirmək düzgün deyil. Sadəcə olaraq onun da bu xeyir iş üçün zamanı var. Bir ildir ki, o oğlanla aranızda münasibətiniz yaranıbdır. Deməli, yaşanan qarşılıqlı o hisslər hələ tükənməyibdir. Bu o demək deyil ki, sonadək də belə olacaq. O oğlan da müəyyən vaxtdan sonra öz həqiqi, qarşılıqlı sevgisini yaşayacaqdır. Odur ki, sonradan yaşayacaqlarınız acılara indidən hazır olmalısınız.

055----55-30 nömrəli mobil telefonun sahibi olan bir xanım yazır. Salam, İsa Rəvan. Mən də başqa qızlar kimi təmiz sevgimi yaşamaq istəmişəm. Ancaq düşünürəm ki, səhv etmişəm. Bir oğlanla bir-birimizi sevirdik, lakin o, məni aldadaraq atıb getdi. İndi heç bir sevgiyə, heç bir oğlana inanmıram.

İsa Rəvan: Cəmiyyət bir nəfər fərddən ibarət deyil ki, hamıya qarşı da eyni baxasınız. Sevgi də bir nəfərdən asılı deyil ki, başqalarına qarşı da eyni fikir yaransın. Səhv seçimə sevgi günahkar deyil. Hər bir hissdən irəli gələn qəlb istəyi də sevgi ola bilməz. Ülvi olan saf duyğular ayrı, kənar və yabanı hisslər ayrıdır. İnam olmadısa nə sevmək, nə də yaşamaq çox çətin olar. Həm sevməkdə, həm həyatda, hər bir işdə inam olmalıdır. O oğlanın sizi aldatmağı hələ sevgi həyatınızın sonu demək deyil. Bu səhvdən yararlanaraq bundan sonra düzgün seçim etmək imkanınız vardır. Unutmayın, saf duyğular yalan olmur. Siz sadəcə o oğlanın ötəri hissinə aldanmısınız. Saf duyğularla yaşanan əsl sevgi ilə qarşılaşsanız aldanmazsınız. Odur ki, yaşamaq və həqiqi sevgi naminə ümidləri itirmədən həyata və insanlara qarşı özünüzdə inam yaradın.

İsa Rəvan: (055) 785-84-83