Kəpəkdən qurtulmağın asan yolları

Kəpəkdən qurtulmağın asan yolları

11 İyun 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

İstər qadın, istərsə də kişilər arasında ən geniş yayılmış problemlərdən biri də kəpəkdir. Kəpək nədir? Hazırda statistik məlumatlara görə, hər üç adamdan birində kəpəyə rast gəlinir. Xüsusən də başında kəpək olan şəxslər qara paltar geyinməyə çəkinirlər. Çünki saçlarından tökülən kəpək qara paltarın üzərində qar dənəciyi kimi görünür və insana qeyri-estetik görünüş verir. Alimlərin apardıqları tədqiqatlara əsasən, onun nədən əmələ gəldiyi dəqiq bəlli deyil. Əsas versiya isə infeksiyadır. Kəpəyi mikroskopik göbələk Malas Furtur əmələ gətirir. Bu göbələk başın ancaq saç olan hissəsində yaşayır. Öz-özünə çoxalır və ziyanverici funksiyası yoxdur. Dəridəki piy vəzilərinin funksiyasının pozulması nəticəsində bu mikroblar aktivləşir. İnsan dərisi daim təzələnir. Piy vəzilərinin normal funksiyası zamanı bu proses elə də gözə dəymir. Vəziyyət dəyişdikcə bu proses daha aydın gözə çarpır. Bu məhz kəpəkdir. Kəpək iki cür olur: quru kəpək və yağlı kəpək. Quru kəpək dəri yağlılığının çatışmazlığı nəticəsində əmələ gəlir. Belə halda saçlar pudralanmış görünür, ucları didilir və haçalanır. Dəridən ayrılan kiçik hissəciklər - kəpək çiyinlərə tökülür. Yağlı kəpək isə lay-lay görünür, sarıya çalır. Saçlar tez-tez yağlanır. Yuyulub darandıqdan bir neçə saat sonra saç yenidən yağlanmağa başlayır.

Faktlara əsasən kəpək xəstəlik deyil. Sadəcə olaraq, dəridəki disbalansın fəsadıdır. Xarici faktorlar da dərini korlayır, saçlarda kəpəyin əmələ gəlməsinə şərait yaradır. Məsələn, jeledən gündəlik istifadə etmək, tez-tez saç rəngləmək, çirklənmiş ətraf mühit, qidalanmanın pozulması, vitamin çatışmazlığı, hormonal disfunksiya, stress, yorğunluq, immun çatışmazlığı, həddən artıq tez-tez saç yumalar və s. Bu faktorlar saçlarda kəpək üçün şərait yaradır. Soyuq havalarda da baş dərisi və saçlar üçün xüsusi qulluq lazımdır. Xüsusi təyin edilmiş şampunlardan istifadə edin. Əsasən də kompleks vitaminlər qəbul etməlisiniz. Stressi, yorğunluğu aradan qaldıran preparat sizin köməyinizə çatacaq. Fendən də az-az istifadə edin. Apteklərdə satılan dərmanlar, kəpəyə qarşı müalicəvi losyonlar, balzamlar dərinin ondan qurtulmasının yoludur. Ən əsas müalicə üsulu masajdır, bu, xüsusi rezin dişli daraq vasitəsilə həyata keçirilir. Saçın dibinə qanın yaşı işləməsinə şərait yaradır. Bu yolla tük təbəqəsini qidalandırır. Saçların sağlamlığını və parlaqlığını qoruyur. Masaj aloe şirəsi ilə həyata keçirildikdə daha çox effekt verir. Axırıncı məsləhətimiz pəhrizdir. Vitamini bol olan, xüsusən də C, A, S qrup vitaminləri bol olan qidalardan daha çox istifadə edin. Şəxsi gigiyena qaydalarına da riayət etmək lazımdır. Yadda saxlayın ki, kəpək keçicidir. Başında kəpək olan rəfiqənizin saç darağından, sancağından, hətta dişli daraqlı fenindən istifadə etdikdə kəpək sizin sağlam saçınızı korlaya bilər. Əgər bütün bu məsləhətlərə diqqətlə yanaşsanız, bu problemdən birdəfəlik qurtulmuş olarsınız.

Düşmən ayağa baxar, dost başa. Təmiz saçlarınızla dostlarınıza estetik zövq verin...

Əfqanə Səhər

O.M.