Sevənlərin sorğusu
Bir aşiq çəkməsə hicran qəmini,
Böyük nemət bilməz vüsal dəmini.
Məhəbbət dəryadır, qasırğası var,
Kamal sahibi də qoynunda batar.
Ağıl hər kəsin ikinci peyğəmbəridir. Və insan bir işi görərkən onu əvvəlcədən ağlı ilə düşünərək sonra həyata keçirir. Yalnız eşq aləmində ağıl ürəyin kölgəsində qalır. Çünki qəlb sevdiyinə görə burada ağıl deyil, elə qəlbin öz hissləri hökmranlıq edir. Qəlbin gözü olmasa da, sevgi ona məxsus olduğundan ağlı ilə məsləhətləşməyir. Bu səbəbdən sevərkən vüsalına çatanlar da, hicran əzabını çəkənlər də az deyildir.
Mövzu ilə bağlı keçid alıram gələn müraciətlərə:
(055)... –24-79 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan. Mən də hər kəs kimi ailə qurub xoşbəxt olmaq istəyirəm. Ancaq nədəndirsə həmişə qarşıma özümdən kiçik və yaxud ailəli olub ayrılmış birisi çıxır. Ailəli olub ayrılmış bir oğlanla təsadüfən tanış oldum, deyir səndən əl çəkən deyiləm. Deyirəm sən ailəli olub ayrılmısan, mən isə subayam, alınmaz. Həm ailəm razı olmaz, həm də camaat nə deyər. Deyir mənim üçün fərqi yoxdur. Xahiş edirəm, mənə kömək edin. Əvvəlcədən təşəkkür edirəm.
İsa Rəvan: Eşq həyatımızı zənginləşdirən ülvi bir duyğudur və duyğuların da ən güclüsüdür. Sevmək həyatın yaşamaq stimuludur. Sevgi təbiətin bizlərə bəxş etdiyi gözəl bir nemətidir ki, hər kəsin burada öz qisməti, öz payı vardır. Lakin kor-koranə sevmək də düzgün deyildir. Hər şey qarşılıqlı və səmimi olmalıdır. Sizin də bir xanım kimi sevib-sevilmək və öz səadətinizə çatmaq haqqınız vardır. Lakin ünvansız yola çıxıb yarımçıq qayıtmaqdansa o yolu başlamamaq daha məsləhətdir. Ancaq bu o demək deyil ki, sizi heç kim sevə bilməz. Sadəcə olaraq seçim düzgün olmalıdır. Məhəbbətdə yaş fərqi nəzərə alınmayır. Yalnız bizim cəmiyyətdə qızın oğlandan yaşda böyük olması birmənalı olaraq qəbul edilməyir. Buna da əsasən oğlanın valideynləri razı olmurlar. Övladın xeyir işində də valideyn razılığı, valideyn xeyir-duası önəmli və vacibdir. Hər bir ana milli dəyərlərdən irəli gələn yaş fərqini nəzərə alaraq öz xasiyyətinə uyğun gəlin istəyir. Belə olduqda gərəkdir ki, oğlan özü sevgisi naminə mübarizə apararaq fədakar olsun. Bu da çox az hallarda təsadüf edilir. Ailə qurub boşanmış oğlanın da sizi sevməyə haqqı vardır. Sevgi azad olduğundan bu onun öz seçimidir. Bu formada ailə quranlar da az deyildir. Əgər oğlanın fikri ciddidirsə, xasiyyətləriniz tutursa və o da sizin xoşunuza gəlirsə burada da sizin valideynlərinizin fikirləri vacib şərtdir. Çünki o taleyi, birgə ömür yolunu camaat deyil, siz özünüz yaşayacaqsınız. Bununla belə bir-birinizi yaxından tanımalı, xasiyyətlərinizə bələd olmalı, bir-birinizə inanaraq güvənməlisiniz.
Digər tərəfdən yaş fərqilə qarşınıza çıxan insanlara görə təəssüflənməyin. Təbii ki, ailə qurub, ev-eşik sahibi olmaq hər bir qız kimi sizin də arzunuzdur. Lakin bu arzu gecikirsə bunu hər dəfə dərd edib bədbinliyə qapanmaq da düzgün deyildir. Siz həyatınızı öz axarında davam etdirin. Özünüzdə nikbin ruh yaradaraq optimist olmağa çalışın. Bir xanım kimi özünüzə hörmətlə yanaşın. Niyə belə alınır – deyə bu cür fikirlərlə beyninizi yormayın. Qismətinizlə bağlı zaman özü hər şeyi həll edəcək. Bir qədər səbirli, təmkinli olmaqla yanaşı, ağıl ilə də düşünərək həyat yolunuzu davam etdirin. İlk növbədə qərarınıza və seçiminizə hörmətlə yanaşın. Sizə sevgi dolu xoşbəxtlik və ailə səadəti arzulayıram.
(055)... –58-07 nömrəli mobil telefonun sahibi olan digər bir xanım isə yazır: Salam, İsa Rəvan. Sizin köməyinizə ehtiyacım var. Mən qəzetiniz vasitəsilə 2010-cu ildə Azər adında oğlanla tanış oldum. Sevgiliydik, onu çox sevirdim. Mübahisəmiz düşdü, ayrıldıq və məni axtarmadı. 2 ildir onu tapa bilmirəm. Onu unudub ailə də qurmuram. Məsləhətinizə və köməyinizə ehtiyacım var. Xahiş edirəm dərc edin, evli deyilsə qəzetinizə, sizə müraciət etsin. Əvvəlcədən təşəkkür edirəm.
İsa Rəvan: Sevgililər bir-birinə baxışları ilə sədaqət andı içirlər. Ancaq bu baxışlar qəlbdən gələn ülvi hisslərdən yararlanaraq bir-birini tamamlamalıdır. Sevgi-fədakar, dərin və güclü olan səmimi bağlılıqdır. Sevgi əlaqəsi qayğı, diqqət və fədakarlıq üzərində qurularaq möhkəmlənməlidir. Köhnə sevgiyə geri dönmək, sonunu bildiyin yolu yenidən qət etmək deməkdir. Həyatda olduğu kimi, sevgidə də əvvəlcədən sığortalanmaq mümkün deyil. Küsüb-barışmaq halları sevgidə qaçılmazdır. Lakin qısamüddətli ayrılıq sevgini möhkəmləndirir, uzunmüddətli ayrılıq isə o sevginin məhvinə səbəb olur. Sevgidə hər şey var: küsmək-barışmaq, vüsal-hicran, həsrət və s. Bircə şey sevgiyə yaddır, o da biganəlik. Biganəlik unutmaq deməkdir. Əgər biganəlik varsa demək, sevgi də yoxdur. Öyrəşmək, bağlanmaq, ötəri və ani hisslər də özü-özlüyündə sevgidir. Ancaq bunlar ülvi duyğular qədər güclü deyil. Sevgi bərabər paylaşmaqla yanaşı, qarşılıqlı hörmət üzərində də yaşanmalıdır. Qarşılıqlı hörmət yoxdursa o sevgi də heçdir. Sonu vüsal olan sevgini hicran, sonu hicran olan sevgini də vüsal adlandırmaq düzgün deyil:
Bilmədim sevgimdə qalacam yetim,
Nə arzuma çatdım, nə kama yetdim.
Sənə gəncliyimi ərməğan etdim,
Sənin mənə payın göz yaşım oldu,
Acı xatirən də sirdaşım oldu.
Yalan peyman imiş əhdində ülfət,
Görüş yerlərimiz olubdur qürbət.
Sən özgə ürəkdə təzə məhəbbət,
Hicranın qəlbimdə təlaşım oldu,
Acı xatirən də sirdaşım oldu.
İsa Rəvan



















































.jpg)












































