Məhəbbət duyğuları
Məhəbbət dəryadır, qasırğası var,
Kamal sahibi də qoynunda batar.
Ağıl yola getmir məhəbbət ilə,
Çünki salır sirri ağıza, dilə.
Məhəbbət insanlara bəxş olunan ülvi bir nemətdir. Məhəbbət - həyat, həyat isə elə məhəbbətin eşq mənbəyidir. Elə bir insan yoxdur ki, məhəbbətsiz, sevmədən ömür sürsün. Çünki əgər məhəbbət olmasaydı, sevgisiz həyat özü də sükut içində mənasız olardı. Məhəbbət ülvi duyğularla cilalanmış tükənməyən bir dəryadır. Bu dərya ilahi bir dəryadır ki, varlı üçün də, kasıb və yoxsul üçün də eyni olan saf bir mənbədir. Kimliyindən və nəçiliyindən asılı olmayaraq hər kəs buradan öz qismətini götürür. Dünya yaranandan bəri bəşər övladı bu dəryadan damla-damla götürsə də, tükənmək bilmir. Yalnız fərq ondadır ki, bu dəryadan götürülən bir qətrə damla kiminsə ürəyini sərinləndirir, kiminsə ürəyini daha da təsirləndirərək yandırır.
Elə bununla bağlı keçid alıram ünvanlanan suallara:
(055) –00-75 nömrəli mobil telefonun sahibi olan bir xanım yazır:
Salam, İsa bəy. Mənim 19 yaşım var. 4 il bundan qabaq bir oğlanla bir-birimizi bəyəndik. 10 ay telefonla əlaqə saxladıq, sonra ayrıldıq. İndi mən ailəliyəm, amma onu sevirəm. Bambaşqa bir hissdir, hər an beynimdədir, unuda bilmirəm. Xahiş edirəm məsləhət verin. İndidən təşəkkürlər.
İsa Rəvan: İlk sevgi heç zaman unudulmur, ilk olduğu üçün beynin yaddaşında qalır. Və kövrək xatirətək hər yada düşdükcə qəlbi sızladır. Təbii ki, baş tutmayan ilk sevgidən söhbət gedir. Çünki qovuşmayan o sevgi qəlbdə iz salaraq qalır. Ümumiyyətlə, insan bir şeyi itirəndən sonra onu daha çox dəyərləndirir:
Biz taleyin qismətilə görüşdük,
Bir ömürdə bir sevgini bölüşdük.
İllər ötdü, yaxın ikən dəyişdik,
Çətin bir də o günlərə dönən biz.
Məhəbbətsiz dünya özü məhv olar,
Eşqi yoxsa, o ürəyə qəm dolar.
Nə ağırmış həsrət ilə intizar,
Qoruyaydıq bu sevgini gərək biz!
İsa Rəvan
Nədən ayrılmısınız, bu sevginiz baş tutmayıb, səbəbini yazmadığınıza görə bu barədə bir söz deyə bilmərəm.
Hər halda səbəbsiz deyil ki, sevginiz də baş tutmayıb. Görünür təbiətcə həssas, mülayim və saf qəlbə malik bir insansınız. Xarakter və yaşınızdan da aydın olur ki, bu sizin könül verib sevgi yaşadığınız ilk ülvi hiss olub. O zamankı yaş dövrünüzün keçid mərhələsini nəzərə alsaq, bunu ülvi hisslərinizin çılğın sevgisi də adlandırmaq olar. Çünki 4 il bundan əvvəl sizin 15 yaşınız olub. Bu yaş dövründə yaşanan ülvi hisslər cilovlanmayan, dəlisov və çılğın sevgi olur. Bu yaş dövründə qəlbin həssaslığı və çılğın oyanışı başlayır. İradə zəif olanda bu hisslərin güclü təsirindən çıxmaq olmayır. Lakin o yaş dövrü keçəndən sonra gələn sevgi güclü olanda o ilk sevgi hisslərini tamamilə yox etməsə də, tədricən unutdurur.
İndi siz artıq ailəlisiniz. Hər bir qızın arzuladığı saf bir ailə həyatı qurmusunuz. Demək olar ki, yaşıdlarınızdan fərqli olaraq bu səadətə çox tez qovuşmusunuz. Çalışın bu ailə səadətini də sonadək qoruyasınız. Sevgi və ailə qayğıları ilə qəlbinizin boşluğunu doldurun. İndi öz evinizin həm xanımı, həm də sahibisiniz. Yaşınıza görə yəqin ki, qurduğunuz ailə həyatı da təzədir. Bəlkə də hələ bu ailə həyatına adaptasiya olunmamısınız. Ona görə də müəyyən boşluqlar səbəbindən o əvvəlki hissləri yaşayırsınız. Ancaq düşünün ki, bununla özünüzə əzab vermiş olursunuz. Bir eşqin ki sonu hicrandır, ondan vüsal ümidi gözləmək
əbəsdir. Çünki sizin o əvvəlki oğlana dönüşünüz boşdur. Buna görə də ilk növbədə ailənizə dəyər verin. Getdikcə ailənizə bağlanmağınız, sonra ana olmağınız onsuz da sizə tədricən o hissləri unutduracaq. Övladla bağlı qayğılarınız artdıqca qəlbinizdəki boşluqlar da dolacaq. Bir qədər səbirli və təmkinli olun. O köhnə hisslər yadınıza düşdükcə çalışın onları beyninizdən çıxardasınız. Həmin vaxt yaxınlarınız və ətrafdakılarınızla ünsiyyət qurmağa üstünlük verin. Unutmaq üçün ən gözəl vasitə ünsiyyətdir. Siz də bundan maksimum dərəcədə istifadə edin. Yoxsa öz ailə səadətinizi özünüz kor etmiş olarsınız. Sizə ailə səadəti və xoşbəxtlik arzulayıram.
(070) –36-69 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam, hörmətli İsa Rəvan. Hazırkı durumumla bağlı mən də sizin dəyərli məsləhətinizə böyük ehtiyac duyuram. Bir oğlanla bir-birimizi sevirdik.
Amma bu yaxınlarda ailəsi onu öz qohumlarından olan bir qızla nişanladılar. Oğlan deyir ki, yenə də səni sevirəm. Bu qızla nişanı valideynlərim məcbur etdilər, istəyirsən nişanı qaytarım. Bilmirəm nə edim. Xahiş edirəm mənə kömək edəsiniz. Sağ olun.
İsa Rəvan: Hisslər itəndə sevgi də azalır. Bu cür hisslər ani, ötəri, öyrəşmək və bağlanmaq hallarında daha çox özünü büruzə verir. Ülvi duyğularda isə bu hisslər itmir. Ötəri sevgi də bəzən əsl sevgi qədər güclü olur. Lakin bir müddətdən sonra adı kimi də ötüb keçərək adiləşir. Ancaq təmiz və həqiqi olan sevgi sonadək yaşayır. Burada mənim olan ancaq mənə məxsus olmalıdır prinsipi öndə durur. Sevgi diqqət və qayğı istəyərək daim mübarizə tələb edir. Sizin sevdiyiniz oğlanda isə bu mübarizə yoxdur və eyni zamanda sizə yalan deyir. Hər bir insan öz məqsədinə nail olaraq arzusuna çatmaq üçün əzmkarlıq göstərir, mübarizə aparır. Bəs bu oğlan neylədi? Düzdür, övladın ailə həyatında valideyn narazılığı və xeyir-duası vacib və önəmlidir. Bununla belə valideyn də övladının sevgisini nəzərə alaraq qarşı tərəflə maraqlanır. Qəbulolunmaz nöqsanlar olarsa, onda valideyn bu sevgiyə qarşı iradını bildirir. Sizinlə isə demək olar ki, maraqlanan olmayıb. Digər tərəfdən deyək ki, oğlan valideynlərinin sözündən çıxa bilməyib öz qohumlarından olan qızla nişanlandı. Bəs indi necə, öz valideynlərinin sözündən çıxıb özbaşına nişanı qaytara bilər? Əgər belə idisə heç əvvəldən o qızla nişanlanmaz və sizə görə sonadək mübarizə aparardı. Bunlar onun sizə yalan dediyinin açıq-aşkar sübutudur. O oğlan belə deməklə sadəcə olaraq guya sizə olan istəyini bildirir. Və bundan da istifadə edərək müəyyən hisslərini kənarda sizinlə bölüşmək istəyir. Ona görə də inanmayın ki, sonradan aldanmayasınız. Öz gələcəyinizi düşünərək xanımlıq qürurunuzu qoruyun. Əsl sizə aid olan səadəti və tam halında sizə məxsus olan sevgini yaşayın. Sizi unudanı siz də unudun. Vəfasızı düşünməmək ən böyük intiqamınızdır.
Əlaqə nömrəsi: (055) 785-84-83 İsa Rəvan



















































.jpg)












































