Aşiqlərin cəfası
Mənəvi aləmin lövhəsidir eşq,
Gəncliyin ən gözəl nəğməsidir eşq.
Ey eşq aləmindən xəbərsiz olan,
Anla ki, həyatın nəşəsidir eşq.
Ömər Xəyyam
Eşq birdir, aşiqlər isə müxtəlif. Bu müxtəliflik içində hər aşiq öz könül sevgisini yaşayır. Lakin eşq təkcə şirin olan vüsal dolu anlardan ibarət deyil. Ona acılar yaşadan həsrət dolu hicran da qaçılmazdır. Hicrandan irəli gələrək sevən ürəklərin qovuşmaq ümidi ilə verdikləri suallara keçid alıram.
(055) ... 04-81 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa bəy. Sizdən bir məsələ haqqında məsləhət almaq istəyirəm. Mən ailəli olub ayrılmışam, 22 yaşım var. Ailəsindən ayrılmış bir oğlan da məni istədi, razılaşdım. Sonradan öyrəndim ki, yalan danışır, hələ subaydır. Niyə belə dediyini soruşdum. Deyir ki, desəydim subayam sən razılaşmazdın. Bu necə olar sizcə?
İsa Rəvan: O sevgi təmiz və saf olarsa hər aşiqə öz sevdiyi gözəldir. Sizin boşanmış bir xanım kimi ikinci dəfə ailə həyatı qurmağa haqqınız var. Ancaq bu düzgün və ünvanlı seçim əsasında olmalıdır. Subay oğlan sizi istəyə bilər, burada əsas ürəyin öz sevdiyidir. Ancaq bizim cəmiyyətin milli ruhunu nəzərə alsaq, bu cür izdivaclar çox az hallarda baş tutur. Çünki buna valideynlər razı olmur, əlbəttə ki, söhbət oğlanın valideynlərindən gedir. Sırf olaraq bizim xalqa xas olan adətlər çoxdur. Onlardan biri də budur ki, ailəsindən ayrılmış bəy ikinci dəfə evlənərkən subay qız ala bilər. Ancaq boşanmış xanım ikinci dəfə ailə həyatı qurarkən subay oğlana getməyi narazılıq yaradır. Övladına şadyanalıqla toy-büsat etmək hər bir valideynin ən xoş arzusudur. Və hər bir ana da evinə gətirdiyi gəlini öz xasiyyət və təbiətinə uyğun olaraq seçməyə üstünlük verir.
Bütün bunları nəzərə alaraq indi sizi sevən o subay oğlanın öz qərarı bu işdə o qədər də rol oynamır. Əsas söz onun valideynlərinindir. Çünki övladın seçiminə qarşılıqlı olaraq valideynlər də razılaşmalıdır. Burada isə onun ailəsi tərəfindən razılaşma çox çətindir. Ona görə də oğlan ilk növbədə öz ailəsi daxilində razılıq və xeyir-dua almalıdır. Eyni zamanda o özü də bu sevgisi naminə mübariz olmalıdır. Bəlkə bu hisslər oğlanda da anidir, sonra ötüb keçəcək. Yox, əgər valideynləri qəti olaraq etiraz etsələr və soyuqluq yaranarsa, siz də sabahkı gününüzü fikirləşin. Orada siz xoşbəxtlik əldə edə bilməyəcəksiniz. Sizin isə bu dəfə səhv seçim etməyə haqqınız yoxdur.
(050) –53-24 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam, İsa Rəvan. 2 il bir oğlanla bir-birimizi sevdik. Sonra bu sevgimiz getdikcə qarşılıqsız oldu. 2 ay bundan qabaq isə öz qohumlarından olan bir qızla nişanlandı. Bu mənə çox pis təsir etdi. Düşündüm ki, sonradan hər şey düzələr. Ancaq getdikcə daha da pis oluram. Çəkdiyim acılar mənə əzab verir. Xahiş edirəm mənə kömək edəsiniz. Sağ olun.
İsa Rəvan: Sevgi elə güclü bağlılıqdır ki, ayrılmaq olmur. Ayrılığı da acılar dolu həsrət yaşadır. İnanmadan sevmək düzgün deyil, inandırıb sevərkən də sonradan o inamı itirmək sevgiyə heç layiq deyil. 2 il sevib sonradan o sevgidən üz döndərmək sevgiyə qarşı nankorluqdur. Çünki bu illər ərzində həm xasiyyət, həm də davranışlara yaxından bələd olunur. Əgər xasiyyət və digər davranışlar uyğun gəlmirdisə elə birinci ildə də ayrılmaq olardı. Siz qəlbən sevsəniz də, düşündüyünüz kimi bu sevgi qarşılıqlı olmayıb:
Bilmədim sevgimdə qalacam yetim,
Nə arzuma çatdım, nə kama yetdim.
Sənə gəncliyimi ərməğan etdim,
Sənin mənə payın göz yaşım oldu,
Acı xatirən də sirdaşım oldu.
İsa Rəvan
Siz ona ürək dolu sevgi, o isə sizə əzab dolu acılar bəxş etdi. Demək, bu heç də qarşılıqlı olmayıb. Qarşılıqlı olan sevgi sonadək mübarizə tələb edir. Bu mübarizəni isə ən əsas oğlan aparmalıdır. Əsl sevgi qovuşmadan nə məhv olmur, nə də ki, azalmır. Onun sevgisi isə nişanlanana qədər artıq tükənərək soyumuşdu. Bu da onu göstərir ki, o heç də sizə qarşı ülvi hisslərlə yaşamayıb. O ülvi hisslər ki, onlar əlçatmaz olur. Sizə dəyər verməyən insana görə acılar çəkməyinizə dəyərmi. Sizi sevməyənin boş-boşuna sevgisini yaşayacaqsınızmı? Məcbur sevilmək, nə də ki, məcbur sevmək olmur. Bunlar qəlbən qarşılıqlı olmalıdır.
Siz saf niyyətlə sevdiyiniz üçün bu sizə pis təsir edir. Düzdür, ürəyin nələr çəkdiyini o ürəyin sahibinin özü yaxşı bilir. Sevginin də hökmünü elə ürək özü verir. Ancaq sevərkən unutmaq qərarını verməkdə ürək çətinlik çəkir. Unutmayın ki, bu qərar sizə qarşı artıq verilib. Siz də öz xanımlıq qürurunuzu qoruyaraq özünüzə qarşı hörmətlə yanaşın. Qəlb evinizin boşluğu sizi sarsıtmasın. Nə qədər bu hisslərə qapansanız, bir o qədər də acılarınız artacaq. Unudan insan özü də unudulmalıdır. Siz onun haqqında düşünməyin özünü unudun. O öz səadətini tapıb xoşbəxt olduğu kimi, siz də həyatda öz səadət və xoşbəxtliyinizi əldə etməlisiniz. Və bütün sağlam düşüncələrinizlə sübut etməlisiniz ki, həqiqətən də necə xoşbəxt olmağa layiq olan bir xanımsınız. Bunun üçün daim dost-tanışlarla ünsiyyətdə olmalı, təklikdən qaçaraq gəzintiyə çıxmalı, sizi narahat edən fikirləri beyninizə salmamalı, taleyinizin sabahına doğru inamla addımlamalısınız. Tədricən hər şey öz yerini tapacaq. Bir müddətdən sonra isə onun haqqında düşüncələriniz də sizinçün adiləşəcək.
(050) –31-30 nömrəli mobil telefonun sahibi olan başqa bir xanım isə yazır: Salam. Mən bir oğlanla bir-birimizi sevirdik. Onun xəyanəti ucbatından bu yaxınlarda ayrıldıq. İndi başqa bir oğlanla tanış olmuşam. Dediyinə görə fikri ciddidir. Amma qorxuram ki, yenə aldanam. Bu haqda nə deyə bilərsiniz?
İsa Rəvan: Xəyanət ümumiyyətlə, həyatda heç kimə başucalığı gətirməyir. Bu cür hərəkətlər insanlığa yaraşmayan hallardır. İstər sevgi, istərsə də inam birdəfəlik dərd üzərində qurulmayıb ki, ona görə də hamıya tərəddüdlə yanaşılsın. Qəlblər müxtəlif, fikirlər isə ayrıdır. Çox vaxt gözlənilənin əksi olur. Qorxmaq yox, öyrənib, tanıyıb bilmək lazımdır. Birinci dəfə aldanmaq qarşındakının günahıdır. İkinci dəfə aldanmağa isə özün günahkarsan. Fikri ciddi olanın sevgisi onun niyyətindən bəlli olacaq. Odur ki, siz də onu yaxından tanıyaraq xasiyyətinə bələd olun. Sizə qarşı hərəkət və münasibətlərinə diqqət yetirin. İstər yaxşı, istərsə də pis mənada qərarınızı verməyə tələsməyin. Qəlbinizin səsi ilə deyil, ağlınızla düşünərək hərəkət edin. Onu tanıyıb güvəndikdən sonra seçiminizi edə bilərsiniz.
Əlaqə nömrəsi: (055) 785-84-83 İsa Rəvan



















































.jpg)












































