Aşiqlərin sorğusu
(051) --23-67 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan. Mən qohumumu sevirəm, o da həmçinin məni. Bir il yarımdır ki, danışırdıq, hər şey çox yaxşı yolunda idi. Bir-birimizə hörmət olaraq yaşadığımız məhəbbətimiz vardı. Ancaq ailəm biləndə anam qətiyyən buna qarşı çıxdı. O oğlan çox yaxşı biridir, amma anam təəssüf ki, onun imkansız və təhsilsiz olduğunu səbəb göstərdi. Hələ də çox sevişirik, ancaq qəlbi qırıldı deyə ayrıldı. İndi əsgərlikdədir. Mənə çox pis təsir edir anamın ciddi narazılığı və ayırmağı. Çox qarşı çıxırlar, daha gücüm də qalmadı. Çox xahiş edirəm, məsləhət verin.
İsa Rəvan: Sevgi elə bir gücə malikdir ki, sərhəd tanımadan, bir kimsə ilə məsləhətləşmədən ürəkləri fəth edir. Və onun verdiyi fərdi əzab da ən dözülməz mənəvi əzab olur. Bu mənada sevginin ürəyə gəlməyi asan, ürəkdən getməsi isə çox çətin olur. Eşq duyğuların ən güclüsüdür. Sevgi-fədakarlıq və güclü olan səmimi bağlılıq üzərində daha da artır. Həqiqi və normal olan sevgiyə yersiz müdaxilə etmək düzgün deyil.
Eşq elə bir yoldur ki, bu yolun yolçuları varlı və kasıb olmasından asılı olmayaraq eyni duyğuların əsiridirlər. İmkansız insanın məgər sevməyə və ya ailə həyatı qurmağa haqqı yoxdurmu. Sevgi var-dövlətə baxmır, o ülvi duyğular yarananda özü-öz hökmünü verir. Əsas odur ki, o sevgi duyğusu saf və təmiz olsun. Var-dövlətə aldanaraq onun üzərində yaşanan sevginin ömrü də az olur. Bu təməli düzgün qurulmayan evə bənzəyir. Deməli, o ev bir gün uçmağa məhkum olacaq. Amma əsl və düzgün olan sevginin isə ömrü də uzun olur. Onun təməli saf olduğundan hər bir fırtınaya da dözərək davam gətirəcək. Düzdür, dövrün tələblərindən irəli gələrək hər bir insan yaxşı yaşayaraq, hər bir şəraitinin də yaxşı olmasını istəyir. Ona görə də hər bir valideyn övladının xoşbəxt olmasını və gözəl həyat yaşamasını arzu edir. Lakin hamı olduqca imkanlı və eyni tərzdə yaxşı yaşaya bilmir. Həyatın yaşamaq prinsipi də məhz elə budur. Ali təhsil almaq təkcə sevgi aləmi üçün deyil, ümumiyyətlə, həyatın vacib şərtlərindən biridir. Bu həm ictimai, həm də dünyagörüşü baxımından böyük rol oynayır. Ən azından insani dəyər prinsiplərində üstünlük təşkil edir.
Ancaq təkcə ali təhsil diplomu ailə həyatı qurmağa əsas vermir. Diqqət və qayğıdan əlavə ailəni saxlamaq üçün maddi tələbat da ən vacib şərtdir. Ev və təhsil varsa bəs iş yoxdursa onda necə? Deməli, əsas ailənin maddi tələbatını ödəməkdir. Heç kim bilmir ki, sonrakı həyatı necə olacaq. Qıza nisbətən oğlan sevgisi naminə daha fədakar olmalıdır. Sizin sevdiyiniz oğlan da küsərək geri çəkilməməlidir. Sevgisi naminə mübarizə aparmalıdır, sizi necə xoşbəxt edə biləcəyini valideynlərinizə sübut etməyə çalışmalıdır. Siz özünüz də bu barədə ananızla təmkinlə hərtərəfli məsləhətləşin. Oğlanın hərbi xidmətdə olmağından görünür ki, hər ikiniz çox gəncsiniz. Adətən bu yaşda çox çılğın və ötəri hisslər yaşanır. Müəyyən vaxtdan sonra hisslər yaşanır. Müəyyən vaxtdan sonra isə bu hisslər əksinə dəyişir. Sizin gələcəyiniz hələ qabaqdadır. Əgər bu hisslər dəyişməz olaraq qalarsa, onda sevdiyiniz oğlan əsgərlikdən sonra da fədakarlıq göstərməlidir. Odur ki, təmkinli və səbirli olmağa çalışın.
(050) -- 22-64 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam, hörmətli İsa Rəvan. Mənim də sizin məsləhətinizə ehtiyacım var.
Mən qonşu məhəllədə yaşayan bir oğlanı sevirəm, onun isə bundan xəbəri yoxdur. Sizcə mən nə etməliyəm? Bunu ona necə bildirim? Sağ olun.
İsa Rəvan: .Məcbur sevdirmək və sevilmək olmur. Yəni sevgidə məcburiyyət yoxdur. Birtərəfli sevgi isə düzgün deyil. Çünki qarşı tərəfin xəbəri olmadığına görə daim narahatçılıq və əzab yaşanacaq. Sevgi qarşılıqlı olmalı və hər iki tərəf bir-birinin xasiyyət və davranışlarına yaxından bələd olmalıdırlar. Hazırkı vəziyyətdə yaşadığınız sevgi ancaq və ancaq şəxsi hisslərinizdən irəli gələn öz istəyinizdir. Bunu bir növ xəyali sevgi də adlandırmaq olar. Bəlkə elə oğlanın özünün istədiyi var. Və yaxud da, öz istədiyi olmasa belə, bəlkə heç sizə qarşı da heç bir sevgisi olmayacaq.
Siz məhəllədəmi və ya digər bir yerdə təsadüfən qarşılaşarkən ona olan xoş və səmimi münasibətlərinizi bildirə bilərsiniz. O oğlanın da sizə qarşı hansı münasibətdə olmağını sonrakı hadisələrin gedişatı göstərəcək.
Sizin özünüzün isə birbaşa bunu onun özünə deməyiniz yaxşı hal olmadığından məsələni həll etmir. Yəni sizin ona olan sevginizdən və bunu özünüz deməklə bir növ xahiş etməyinizdən o başqa cür istifadə edə də bilər. Siz isə sonda aldanmış olarsınız. Odur ki, birinci addımı bəy olaraq qarşı tərəf atmalıdır. Siz isə bir xanım olaraq qürur və mənəmliyinizi qoruyun. Hisslərinizi cilovlayın və özünüzü tam halında əmin olmadığınız sevgiyə görə üzməyin.
(070) --59-15 nömrəli mobil telefonun sahibi olan xanım isə yazır: Salam, İsa Rəvan. Xahiş edirəm mənim də mesajıma fikrinizi bildirərdiniz. Vaxtıyla sevdiyim oğlan məndən ayrılaraq başqasıyla ailə həyatı qurdu. Artıq 2 ildir ailəlidir. İndi yenə mənimlə görüşmək istəyir. Onu hələ də sevirəm. Bilmirəm nə edim. Əvvəlcədən təşəkkürlər.
İsa Rəvan: Köhnə sevgiliyə geri dönüb o sevgini təzədən yaşamaq, baxdığın bir filmə təkrar-təkrar baxmaq kimi bir şeydir. Bu, sevgidən çox ehtiras istəyini göstərir. Ehtiras çox həssas bir arzudur. Ehtiraslı əlaqədə partnyor öz istəyini üstün tutur. Burada fundamental eqoizm yer alır. Düşünün, o artıq ailəlidir, burada sizinlə bağlı hansı sevgidən söhbət gedə bilər? O sizi alan deyil, digər hisslərini sizinlə bölüşmək üçün görüşür. O hisslər isə sevgi deyil. Sizi sevən sizdən ayrılmazdı və 2 ildən sonra sizi yadına salmazdı. Hazırkı vəziyyətdə sizin ona olan sevginiz olduqca yanlışdır. Onun ailəli olduğunu bilə-bilə özünüzü bu yalan sevgiyə inandırmayın. Onun yoldaşı da sizin kimi bir xanımdır. O xanımın acıları üzərində xoşbəxt sevgi yaşaya bilərsiniz? Əlbəttə ki, yox. Çünki bu sevgi yox, köhnə hisslərin əlavə olaraq bölüşməsidir. Kənarda yaşanan sevgi elə kənarda da qalacaq. Əsl sevgi olmadığına görə müəyyən vaxtda bir-birinizdən doyandan sonra ötüb gedəcək. Sonra yenə açılar çəkmək sizin özünüzə qalacaq. Odur ki, sonu acılar olan görüşə heç əvvəlcədən getmək lazım deyil. Öz səadətinizi əsl sizə aid olan sevgidə tapa bilərsiniz.
İsa Rəvan



















































.jpg)












































