Narahat ürəklərin acısı

Narahat ürəklərin acısı

18 Aprel 2014 20:10
Bəyəndim (0) Bəyənmədim (0)

Eşq birdir, aşiqlər isə müxtəlif. Bu müxtəliflikdən də fərqli suallar gəlir. Gələn mesajlar və zənglərdən deyə bilərəm ki, bu rubrika oxucular arasında böyük maraq doğurur. İstər qəzetdən, istərsə də internet saylı və Googledən məsləhətlə bağlı telefon nömrəsi götürüb qəzetdən əlavə başqa-başqa şəxslərin müraciət etməsi bunu deməyə əsas verir. Sadəcə olaraq demək istəyirəm ki, mesaj göndərən şəxs tələsməsin cavab almaq üçün. Növbə üzrə ondan da qabaq gözləyən var. Hər bir mesaj qeydiyyata götürülür və vaxtı çatanda hər biri cavablandırılır. Əsas da odur ki, hər bir mesaj sahibi ətraflı cavab istəyir. Ona görə də bir səhifəyə 3-4 mesaj çatdığından, digər mesajlar növbəti saya qalmalı olur. Onda isə birbaşa keçid alıram mesajlara.

(055) -- 52-94 nömrəli mobil telefonun sahibi olan xanım Qərb bölgəsindən yazır: İsa müəllim, mən bu həyatda ən yaxşı sirdaşımı, rəfiqəmi itirdim. Və onun ölümünə o qədər pis oldum ki... Onun imkanlı ailəsi olduğu halda o, bu həyatda tək qalmışdı. Ona ölərkən belə qohumları tərəfindən edilən hörmətsizlik, namərdlik mənə çox pis təsir edir. Onu fikrimdən çıxarda, unuda bilmirəm. Onu düşündükcə özümə qapanıram. Məsləhətinizə ehtiyacım var.

İsa Rəvan: Ölüm haqdır və qarşısı alınmazdır. Bütün bunlar mövcud olan Yaradanın ixtiyarındadır. Ömürlük həyat yoxdur, hər birimiz bir gün dünyamızı dəyişəcəyik. Yəni insanın əbədiyyəti olmur. Düzdür, əbədi ayrılığı heç kim istəmir və bu vida ayrılığı ağırdır. Çünki can candan ayrılır. Vaxtsız ölüm isə ondan da ağırdır. Yarımçıq ömrün həyatı da, arzuları da nakam qalır. Həyatı istənilən qədər yaşanmamış ömür çox sarsıdıcıdır. Onsuz da nə qədər əzablar yaşatsa da, yaşından asılı olmayaraq bu dünyadan doymaq olmur:

Yox əlacı bircə ölüm sözünə,

Bir alovdur, alışırıq közünə.

Elə öyrədibdir həyat özünə,

Bu gözəl dünyadan heç doymaq olmur.

(İsa Rəvan)

Nə etmək olar, insan öz ömür qədərini yaşamağa məhkumdur. Ölənlə ölmək olmur. Nə qismətdən, nə də əcəldən qaçmaq mümkün deyil.

Rəfiqənizin belə vaxtsız ölümü təəssüf doğurur. Ailəsinin ona baxmaması, qohumlarının laqeyd münasibəti düzgün hal deyil. İnsan tək yaşamaq üçün xəlq olunmayıb. Doğma ailənin öz övladına belə biganə yanaşması qəbulolunmazdır. Fərqi yoxdur, o ailənin imkanı var, yoxsa yoxdur. Burada bir məsələ var, bir insan hamıya pis və ya yaxşı ola bilməz. Bütün ailənin və qohumların ondan üz döndərməsinə bir səbəb olmalıdır. Səbəbsiz heç bir şey hasil olmur. Bəlkə rəfiqəniz vaxtında öz şəxsi həyatını yaşayaraq hamısına qarşı üz çeviribdir? Biz hadisələrdən kənardayıq, bunu bir ehtimal olaraq bildirirəm. Ancaq qeyd edim ki, nə qədər belə olsaydı da qohumlara nisbətən doğma ailəsi ona qarşı bu qədər soyuqqanlı olmamalıydı. Axı o, həmin ailənin övladıydı. Övladın pisi, yaxşısı olmur, övlad hər zaman valideyn üçün övladdır. O ki qalsa son əbədi ayrılıqda. Hər bir insana hörmətlə yanaşaraq sağlığında dəyər vermək lazımdır:

Sağ ikən bilinsin qədri insanın,

Vaxtında yeri var şöhrətin, şanın.

Mən öləndən sonra üstü məzarın,

Qızıldan olacaq daşı neynirəm.

(İsa Rəvan)

Biz bəzən bir insanı itirəndən sonra onun qədrini bilirik. Rəfiqənizin doğmaları ilə onun nə sağlığında, nə də ölümündən sonra ona heç bir dəyər vermədilər. Bu Allah qarşısında günah və ölüyə hörmətsizlikdir. Hər kəs günahını və savabını özü qazanır. Kimsə başqasını nəyəsə məcbur etməklə deyil

Rəfiqənizin dünyasını dəyişməyilə siz də barışmalısınız.Artıq olanlar olub, siz heç nəyi dəyişə bilməzsiniz. Ömür hamıya verilən bir əmanətdir. Siz öz ömür əmanətinizi dəyərləndirərək səmərəli istifadə edin, sizə verilən ömrü dolğun və mənalı yaşayın. Rəfiqənizin haqq dünyada Allahdan bağışlanmasını dua edin, bu elə ona hörmətiniz olaraq ruhunu şad edər. Ancaq hər gün onu düşünüb özünüzə qapanmaqla özünüz də daxilən əzablar çəkməklə xəstəlik tapa bilərsiniz. Onsuz da acılardan başqa heç nə əldə edə bilməyəcəksiniz.

Müəyyən müddətdən sonra zaman hər şeyi unutduracaq. Torpağın üzü soyuq olar deyiblər.

Lakin o müəyyən müddət keçənə qədər də siz özünüzü qoruyun. Vaxt gələcək onu çox gec-gec xatırlayacaqsınız. Bu da həyatın qanunudur, kədər varsa sevinci də var. Odur ki, pis fikirləri beyninizdən çıxardın. Özünüzü ələ alaraq səbirli və təmkinli olun. Özünüzdə xoş duyğular yaradaraq nikbin ruhda olmağa çalışın. Təklikdən qaçaraq gəzintiyə və ünsiyyətə üstünlük verin. Tədricən həyatınız əvvəlki kimi normal hala düşəcək.

(051) –36-50 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam. Mənim də bir problemim var, məsləhət almaq istəyirəm. Mən çox çarəsizəm, sevgi problemi yaşayıram. Mənim 20 yaşım var, həyatım alt-üst olub, özümə gələ bilmirəm. Məsləhətinizə ehtiyacım böyükdür.

İsa Rəvan: Həyat nə qədər gözəl olsa da, yenə də əzab və əziyyətsiz yaşanmır. Sevginin də nə qədər vüsalı olsa da, yenə də hicranı qaçılmazdır.

Sevgini problem yaşamaq üçün sevmirlər, onun vüsalına çatmaq üçün sevirlər. Bir sevginin ki sonu hicran olacaq, onu vüsal kimi qəbul etmək də düzgün deyil. Sevgi qarşılıqlı yaşanmalı və tərəflər bir-birinə hörmətlə yanaşmalıdırlar. Sevən ürək olduğu üçün , onun hər bir əzabını çəkən də elə ürək özü olur. Sevgiyə qanun yoxdur, onun özünün bir qanunu var, həqiqi və ülvi sevgi. Digər hisslər isə müvəqqəti və ötəri hisslərdir. Siz mesajınızı tam halında yazmamısınız. Sizi sevdiyiniz insan aldadıbmı, yoxsa bu sevgiyə qarşı çıxıblar, deyə bilmərəm. Həyatınız hansı səbəbdən alt-üst olub bizə bəlli deyil. Bir qədər açıqlama verməyiniz gərək idi. Bununla bağlı sizə zəng etsəm də telefonunuz söndürülmüşdü. Ona görə də bəlli olmayan hadisəyə birmənalı qərar verməyim düzgün olmaz. Sadəcə deyə bilərəm ki, siz ömrünüzün bahar çağını yaşayırsınız, gələcəyiniz hələ qabaqdadır. İndidən həyatınızı pessimist ruhda yaşamayın. Hələ bu heç də həyatınızın alt-üst olması demək deyil. Həyatınızı normal halda yaşamağa çalışın. Bu sizin öz əlinizdədir. Baş verən hadisələr qarşısında nə qədər aciz olsanız, bir o qədər də əzab çəkəcəksiniz. Çarəsiz olmaq acizliyinizdir. İradəniz zəif olmaqla heç nə əldə edə bilməzsiniz. Bu ancaq sizə acılar yaşadar. İlk növbədə olanlarla barışaraq unutmağınız gərəkdir. Daha onu dərd edib daxilən gərgin olmaq lazım deyil. Həyatda yaşamaq mübarizədirsə, siz də mübariz olmalısınız. Baş verənlərə ən yaxşı cavab ilk növbədə özünüzə qarşı hörmətlə yanaşmalısınız. Səbir və əzmkarlıq göstərərək iradənizə sahib çıxmalısınız. Gələcəyinizə doğru özünüzdə güclü inam yaradaraq daxili gərginlikdən azad olmalısınız. Onda həyatınız da normal hala düşəcək. Siz bunu bacaracaqsınız, sadəcə olaraq bir qədər özünüzə inamla yanaşın.

İsa Rəvan