DİQQƏT! Sahur etməyən ürək xəstəliyinə tutula bilər

DİQQƏT! Sahur etməyən ürək xəstəliyinə tutula bilər

23 İyul 2013 17:17
Bəyəndim (0) Bəyənmədim (0)
Hər bir insan bunu bilməlidir: “Səhər doyunca, günorta az, axşam isə heç yeməmək lazımdır!”

Mütəmadi olaraq səhər qəlyanaltı etməyənlər ağır ürək xəstəliklərinə tutula bilərlər. RİA Novosti-nin ABŞ-ın kardiologiya assosiasiyasının "Circulation" jurnalına istinadən yaydığı məlumata görə, Amerika kardioloqlarının son araşdırmaları diyetoloqların fikrini bir daha təsdiq edib. Məlum olub ki, səhər qəlyanaltı etməyən, o cümlədən Ramazan ayında sahura durmayan şəxslərdə ürək xəstəliklərinin riski artır.

Harvard səhiyyə məktəbinin mütəxəssisləri 16 il ərzində (1992-2008) 45-82 yaşlarında təxminən 27 min adamın qida tezliyi üzərində araşdırma aparıblar. Məlum olub ki, səhər yeməyi yeməyən insanlarda ürəyin işemiyası ilə müşayiət olunan kardioloji problemlərə 28% daha çox rast gəlinir. Araşdırmalardan o da bəlli olub ki, risk qrupuna azyaşlılar, siqaret çəkənlər, tənbəllər, alkoqol həvəskarları, fiziki cəhətdən passiv həyat tərzi sürənlər daxildirlər.

Araşdırmanın nəticələrinə görə, gecə yeyib yatanların da ürək xəstəliklərinə tutulma riski böyükdür. Maraqlıdır ki, bu tip insanlarda kardioloji xəstəliklər digərlərinə nisbətən 55% daha çox müşahidə olunur. Boston şəhəri Harvard Ali Səhiyyə Məktəbinin aparıcı mütəxəssisi Liya Kehil (Leah Cahil) təcrübələrin nəticəsi olaraq bildirib ki, səhər qidalanmasından imtina etmək mədə-bağırsaq sisteminin funksiyasını pozmaqla bütün orqanların fəaliyyətinə mənfi təsir göstərir və sonradan aritmiya, şəkərli diabet, artıq çəki kimi fəsadlara səbəb olur. Odur ki, mütəxəssislər səhər yeməyində bol-bol zülallar, karbohidratlar, vitamin və minerallar qəbul etməyi tövsiyə edirlər. Sadə dildə desək, səhərlər doyunca yemək orqanizm üçün faydalı olmaqla yanaşı həm də vacibdir.

Mütəxəssislər Ramazan ayının gəlişi ilə qidalanma məsələsinin aktual olduğunu bir daha vurğulayıblar. Onların fikrincə, sahur yeməyindən imtina etmək iftar zamanı həddən artıq qida və maye qəbuluna və ya əksinə, iştahın küsməsi ilə müşahidə olunan fəsadlara səbəb ola bilər. Odur ki, gündəlik qida rasionunda daha çox səhər yeməyinə fikir vermək lazımdır. Beləcə, azalan silsilə ilə axşama doğru yağlı və şirin qidalardan tamamilə imtina etmək lazımdır. Başqa sözlə desək, səhər doyunca, günorta az, axşam isə heç yeməmək lazımdır.
O.M.