Siz probleminizi deyin, mütəxəssis cavab versin

Siz probleminizi deyin, mütəxəssis cavab versin

20 İyul 2013 01:57
Bəyəndim (0) Bəyənmədim (0)
İsa Rəvanla “Doğru yola doğru”

Redaksiyaya gələn çoxsaylı məktub və mesajlarda oxucular üzləşdikləri xoşagəlməz hadisələrdən mənəvi psixoloji sarsıntı keçirtdiklərini bildirir, dəyərli məsləhətlər istəyirlər. Beləcə, düşdükləri vəziyyətdən düzgün çıxış yolu axtarırlar. Biz bütün bunları nəzərə alaraq, hər bir oxucunun probleminə diqqət yetirib qoyulan mövzuya uyğun mütəxəssislərin fikirlərini sizlərə təqdim etməyi qərara aldıq. Sirdaşınız olan "Oxu Məni" qəzeti həyatın hər bir anında sizin yanınızda olduğu kimi bu işdə də öz dost əlini oxuculardan əsirgəmir. Odur ki, siz də düşdüyünüz çıxılmaz vəziyyət, qarşılaşdığınız problemlərlə bağlı bizə müraciət edərək tanınmış yazar İsa Rəvanın psixoloji məsləhətlərini ala bilərsiniz. Həftə boyu 055-785-84-83 nömrəli mobil telefona qarşılaşdığınız problemi qısa mesaj şəklində göndərə və ya zəng edə bilərsiniz.

050-...-83-62 nömrəli mobil telefonun sahibi yazır: "Salam, İsa Rəvan. Siz narahat ürəklərə bir rahatlıq veririsiz. Allah sizi daim var eləsin. Mənim də dərdim böyük, narahat edən fikirlərim çoxdur. Sizinlə görüşüb, dərdlərimizi bölüşüb ətraflı məsləhət almaq istəyirəm. Əvvəlcədən təşəkkürlər.

İsa Rəvan: "Dərd bölüşəndə azalır, sevinc paylaşanda artır. Bunun üçün mən sizə zəng etsəm də, həmin an telefonunuz bağlı oldu. Bu məsələlərlə bağlı hər bir vaxt görüşü qəbul edirəm. Ancaq bir gün qabaq zəng edib vaxt təyin etməyiniz gərəkdir. Bəzi oxucular mənə zəng edib bildirirlər ki, bu rubrikada mesajları qısa cavablandırıram. Nəzərinizə çatdırım ki, əgər ətraflı hər bir mesaj cavablanarsa, onda həftədə bir və ya iki mesaj qeyd oluna bilər. Bu da düzgün olmaz. Çünki eyni vaxtda bir neçə mesaj sahibi səbirsizliklə cavab gözləyir. Mesajlar da ardıcıl olaraq qeyd olunur. Eyni zamanda yaddan çıxarmaq lazım deyil ki, bu cavablar qəzetin bir səhifəsi çərçivəsindədir. Daha dolğun və ətraflı məlumat almaq istəyənlər isə 055-785-84-83 nömrəsinə zəng edib, mənimlə görüşə bilərlər. Bununla bağlı hər kəsin görüşünü qəbul edirəm.

055-...-07-52 nömrəli mobil telefonun sahibi yazır: "Salam, İsa müəllim, necəsiz? Hər kəsə dəyərli məsləhət verdiyiniz üçün sizə təşəkkür edirəm. Mənim bir yaxın rəfiqəm var. Ailə həyatı qurub, müxtəlif səbəblərdən yoldaşından rəsmən ayrılmasa da, amma ayrı yaşayırlar. Çox gözəl və ağıllı bir xanımdır. Sevgiyə və sevilməyə ehtiyac duyduğundan həyatına bir oğlan gələrək onu sevdiyini deyib və o da onu sevib. Bir il altı aydır ki danışırlar, görüşürlər. Amma oğlan onu sevib bu təklifi edəndə heç kimlə evlənməyəcəyinə söz verib. Ancaq altı aydan sonra oğlan öz xalası qızına ad olunub, yəni nişanlanıb. İkisi də bir-birini sevir, sadəcə rəfiqəm onu çox qısqanır. Hər dəfə onun görüşünə gedəndə və s. bu qısqanclığını bildirir. Oğlan isə deyir ki, mən onu yox, səni sevirəm. O qız müvəqqətidir, o qız neyləsin? Sizin məsləhətinizə ehtiyacım var. Çox sağ olun. Yazdıqlarımı işıqlandırsanız çox sevinərdik".

İsa Rəvan: "Qısqanclıq məhəbbətin aynasıdır. Hər bir insanda, hər bir sevgidə qısqanclıq var. Qısqanclıq sevginin ayrılmaz tərkib hissəsidir. Ancaq patoloji qısqanclıq, yəni hər şeyə qısqanmaq sevginin məhvinə səbəb ola bilər. Sizin rəfiqənizin qısqanclığı isə yersizdir. Çünki o oğlan tam halında ona aid deyil. Deməli, sənin deyilsə, sən də onun deyilsən. Rəfiqəniz rəsmən boşanmasa da, ərindən ayrı yaşayır. Düzdür, onun da bir xanım kimi sevib-sevilməyə haqqı var. Ancaq eşq yolunun yolçusu o yolun sonunu da fikirləşməlidir. Sonu hicran olan vüsalı-vüsal adlandırmaq düzgün deyil. Hər aşiqin öz sevdası şirindir. Məsələn, pərvanə odun aşiqidir, odun başına fırlanır. Balıq isə suyun aşiqidir. Baxın, sonda hər ikisi öz aşiqinə qovuşur. Lakin od pərvanəyə ölüm, su isə balığa həyat verir. Sevgidə seçimi edərkən yanlışlığa yol verməmək lazımdır ki, sonda acılar yaşamayasan. Rəfiqəniz onu sevərək qəlbən bağlanıb. Oğlanda isə əksinə, ötəri hisslər üzərində öyrəşməkdir. Hisslər itəndə sevgi də azalacaq. Şəhvət, ehtiras, cinsi yaxınlıq, bunlar da özlüyündə bir sevgidir. Ancaq ülvi yox, adlarına bağlı bir istəkdir. O oğlan da öz hisslərini həyata keçirmək üçün heç kimlə evlənməyəcəyinə söz verərək rəfiqənizə sahib çıxdı. Bəs nə oldu? Altı aydan sonra başqa bir qızla nişanlandı. Əgər onun da ülvi sevgisi olsaydı, belə edərdimi? Əlbəttə yox. O, istəsəydi sonadək mübarizə aparıb əhdinə də sadiq qalardı. Amma göründüyü kimi əksinədir.

Yalan peyman imiş əhdində ülfət,

Görüş yerlərimiz olubdu qürbət,

Sən özgə ürəkdə təzə məhəbbət,

Mənə verdiyinsə göz yaşım oldu. (İsa Rəvan)

Oğlanın rəfiqənizə "o qızı sevmirəm, o qız müvəqqətidir" deməsi yalandır. Müvəqqətidirsə niyə nişanlanırdı? Bir qəlbi sevmirsə, niyə onu küsdürüb incitməlidir? O subay oğlandır, rəfiqəniz isə ər adı hələ üstündə olan ayrılmış bir qadın. Onun valideynləri də subay qız almağına razılaşacaqlar. Onsuz da o oğlan gec-tez başqa birisiylə ailə həyatı qurmalıdır. Bunu siz də bilirsiniz. O, rəfiqənizlə kənarda ötəri hissini yaşayır. Həmin hisslər müəyyən vaxtdan sonra azalacaq. Azalanda da əvvəlki fədakarlıq olmayacaq. Rəfiqəniz o oğlan üçün kənarda bir məşuqə sayılır. Məşuqələr isə kef üçündür, ailə qurmaq üçün yox. Ona görə də rəfiqəniz onu bu qədər qısqanmamalıdır. Bu, onun öz seçimidir. Ya da biryolluq ondan uzaqlaşmalıdır. Onsuz da hal-hazırda onu nişanlısına qısqanaraq daima narahat olur. Elə iradəsinə sahib olub birdəfəlik bu əzablarına son qoysun. O oğlan nişanlısı ilə ailə həyatı qurub öz səadətini yaşayacaq. Rəfiqəniz isə bu tanışlığın acılarını çəkəcək. Yaxşı olardı ki, rəfiqəniz də düzgün seçim əsnasında öz səadətini tapsın".

055-...-58-17 nömrəli mobil telefonun sahibi olan xanım yazır: "Salam, İsa Rəvan. Nə yaxşı ki, siz varsız, ən yaxın sirdaşımız kimi dərdimizi sizinlə bölüşürük. Mənim də sizin köməyinizə ehtiyacım var. İki ilə yaxındır bir oğlanla bir-birimizi sevirik. Mənim 21, onun 25 yaşı var. Bu illər ərzində bir-birimizi yaxından tanıyaraq xasiyyətlərimizə də bələd olmuşuq. Mənə qarşı olduqca qayğıkeş və diqqətlidir. Elçi göndərmək istəyir. Lakin kasıbdır deyə ailəm razılıq vermir. Oğlan da mənə qaçmaq təklif edir. Bilmirəm nə edim. Xahiş edirəm mənə məsləhət verəsiz. Cavabınızı səbirsizliklə gözləyirəm. Əvvəlcədən təşəkkürlər. Sağ olun".

İsa Rəvan: "Qurulacaq ailə həyatında, nikah məsələsində valideyn xeyir-duası və razılığı ən vacib şərtdir. Valideynlər övladlarının xoşbəxtliyinə çalışır. Ancaq bəzi valideynlərin övladının təmiz sevgisinə yersiz müdaxiləsi heç də yaxşı sonluqla nəticələnmir. Xoşbəxtlik var-dövlətlə ölçülmür, nə də ki, var-dövlət hər şeyi həll etmir. Var-dövlət üzərində qurulan sevginin təməli çox zəif olur. Kasıbçılıq ayıb deyil, ona həqarətlə baxmaq ayıbdır. Sevgi yeganə ülvi duyğudur ki, buna hər bir kəsin haqqı var:

İstər şah olsun, ya da dilənçi,

Məhəbbət yolunda ikisi də birdir.

Səadət baxmayır nə vara, yoxa,

Nə də ki, su deyil, hər yana axa. (İ.Rəvan)

Sevən hər bir kəs eşq yolunun yolçusudur. Baxır kim bu yolu necə qət edir. Həyatda sonradan çox şeyi qazanmaq olur, ancaq sevgi yoxdursa xoşbəxtlik də olmayacaq. Hər şey sevgi ilə yaranır. Məgər bütün evlənənlər ailə qurarkən var-dövlət içində olublar? Əlbəttə ki, yox. Oğlanın öz əxlaqında, ailəsində problem yoxdursa, siz də ruhdan düşməyin. Hər ikiniz əzmkarlıq göstərin, sevginiz naminə mübariz olun. Oğlan sizi nə dərəcədə xoşbəxt etməyə qadir olduğunu sübut etsin. Ancaq qoşulub qaçmaq fikrini yadınızdan çıxarın. Bu, heç bir halda sizə baş ucalığı gətirməyəcək. Bu barədə ananızla ətraflı söhbət edin".

Müəllifdən: Əziz oxucular, həyat insanların düşündüyü kimi çətin və mürəkkəb deyil. Onu çətin göstərən sadə həyati epizodların cəmidir. Əgər problemimizi vaxtında ağılla və səbirlə həll etsək, həyatımız çox sadə, maraqlı və xoşbəxt keçər.

İsa Rəvan

O.M.