Siz probleminizi deyin, mütəxəssis cavab versin

Siz probleminizi deyin, mütəxəssis cavab versin

20 Sentyabr 2012 20:15
Bəyəndim (0) Bəyənmədim (0)
Doğru yola doğru…

Hicran atəşi

Redaksiyaya gələn çoxsaylı məktub və mesajlarda oxucular yaşadıqları və üzləşdikləri xoşagəlməz hadisələrdən mənəvi psixoloji sarsıntılar keçirtdiklərini bildirir, dəyərli məsləhətlər istəyirlər. Beləcə, düşdükləri vəziyyətdən düzgün çıxış yolu axtarırlar. Biz bütün bunları nəzərə alaraq, hər bir oxucunun probleminə diqqət yetirib qoyulan mövzuya uyğun mütəxəssislərin fikirlərini sizlərə təqdim etməyi qərara aldıq. Sirdaşınız olan Oxumeni.az həyatın hər bir anında sizin yanınızda olduğu kimi bu işdə də öz dost əlini oxuculardan əsirgəmir. Odur ki, siz də düşdüyünüz çıxılmaz vəziyyət, qarşılaşdığınız problemlərlə bağlı bizə müraciət edərək tanınmış yazar İsa Rəvanın psixoloji məsləhətlərini ala bilərsiniz. Həftə boyu 055-785-84-83 nömrəli mobil telefona qarşılaşdığınız problemi qısa mesaj şəklində göndərə və ya zəng edə bilərsiniz.

Həyat təkcə sevgi üzərində qurulmayıb, nə də ki yaşamaq təkcə sevmək üçün deyil. Sadəcə olaraq sevgi həyatı və yaşamağı gözəlləşdirir, insanı qəlbən ruhlandırır. Bəlkə elə bu səbəbdən də sevgi həyatımızın bir hissəsi olaraq qəlbimizi asanlıqla fəth edir. Deməli, nə qədər həyat var sevgi də olacaq, nə qədər sevgi var həyat da davam edəcək. Eşq ülvi hisslərlə qəlbə hakim olan bir duyğudur. Qəlb duyduğunu qəlb özü də əzizləyir. Eşq gah həzin pıçıltı və sakit-sakit əsən mehə, gah da coşaraq haray salan tufana dönür. Bunları yaşayanlar isə eşq sevdası ilə gəzən aşiqlərdir. Sevgi özü məhəbbət aləmində hakim olduğu üçün başqa hakimə ehtiyac duymur. Sevgi qəlbdə qərar tutmadığı üçün hökmü də qərarsız olur. Qərarsızlığı isə ağıla deyil, qəlbə dəlalət etməyindən irəli gəlir. Çünki sevərkən ağıl qəlbin kölgəsinə düşür və qəlb də ağılla məsləhətləşmədən qərarını verir. Bu səbəbdən də bu qərar bəzən uğurlu, bəzən də uğursuz alınır. Qəlbin gözü olmadığı üçün görmək gözlərə, düşünmək ağıla, danışmaq dilə, sevməyin özü isə ürəyə verildi. Ürək sevməsə, məcbur etdirmək olmur. Sevməyə də hökm verdisə, sevməmək mümkün deyil. Hər sevən də tam halında öz sevgisinə nail ola bilmir. Sevərək kamına çatanlar da, hicran atəşində həsrət çəkənlər də az deyil.

Yaşadıqları sevgidən narahat olan ürəklərin, eyni zamanda digər həyat hadisələri və psixoloji sarsıntılarla bağlı oxucuların ünvanladıqları sorğu dolu mesajlarını yenə də imkan dairəsində cavablandırmağa çalışacağam.

05\..-93-90 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, İsa bəy. Mənim bir problemim var. İstədiyim qız məni istəmir. 2 ildir istəyirəm, qohumdur. Əvvəllər mənə qarşı daha yaxşı idi. Onun qəlbində özümə qarşı sevgi yarada bilmirəm, amma ona canımla bağlıyam. Dünən mənə "Gəl hər şeyə son qoyaq" dedi. Səbəb isə qardaşının bu sevgiyə qarşı olmasıdır. Zəhmət olmasa kömək əlinizi uzadın, köməyinizə ehtiyacım var. Dünən gecə özümü öldürmək istəyirdim. Xahiş edirəm, kömək edin.

İsa Rəvan:
- Birtərəfli sevgi əzab və əziyyətdir. Sevgi də, hörmət də qarşılıqlı olmalıdır. Məcburən sevdirmək və ya sevilmək olmaz. Sevgi özü ürəyi fəth etməlidir. Onun sizə qarşı əvvəllər yaxşı münasibəti olubsa da bu o demək deyil ki, sizi sevib. Əgər hardasa fikri sizə qarşı olubsa da, qardaşı onu bu fikirdən döndərib. Döndərmək fiziki güc, ya da hədə-qorxu ilə deyil, söz ilə gözdən salmaq olur. Çünki söz ən güclü təsirdir. Ola bilər ki, hansısa hərəkətiniz və ya sözünüz qardaşının xətrinə dəyib. O ki qaldı özünü öldürməyə, bu həm günah, həm də acizlikdir. Bu cür düşüncə ilə siz istədiyinizə nail ola bilməzsiniz. Əksinə, siz sevginiz naminə mübariz olaraq ruhdan düşməməlisiniz. Onun özünə, qardaşına və ailəsinə sevgilinizi əsl mənada xoşbəxt etməyə qadir olduğunuzu sübut etməlisiniz. Hərəkətləriniz, davranışınız, diqqət və qayğınızla qızın qəlbində sizə qarşı mürgü vuran o gizli sevgini oyatmalısınız. Əgər qızın qəlbində əvvəlki xoş münasibəti qazana bilsəniz, çalışın onda özünüzə qarşı inam yaradasınız.

050\..-10-45 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, İsa müəllim. Xahiş edirəm mənə bir məsləhət verəsiniz. Mənim 23 yaşım var, erkən ailə həyatı qurub ayrıldım. 3 ildir subayam, indi yalnız günüm evdə keçir. Çox istəyirəm, ailə qurum, dəfələrlə qəzetə elan vermişəm, çünki tanışlıq üçün başqa çarəm yoxdur. Danışdığım oğlanlarla tək yox, yalnız anamla birlikdə görüşə gedirəm. O oğlanların bəzisi subay, bəzisi də boşanmış olub. Amma heç birini ürəyimə yatızdıra bilməmişəm. Onların da hamısının fikri evlənmək olub. Amma kimisinin görkəmi, kimisinin geyimi, kimisinin də yoxsul olması, kimisinin xasiyyəti - hərəsində bir şey məni ailə qurmaqdan uzaqlaşdırıb. Zövqüm çox çətin olub. Anam deyir "Sən ayrılmış gəlinsən, ürəyinə yatanı haradan tapacaqsan? Gün keçir, il keçir, sonra yaşın ötəcək. Birini sev, ona da get". Bilmirəm neyləyim? Axı ürəyimə yatmayanı necə sevim? Daha ürək sındırmaqdan bezmişəm, heç kimi sevə bilmirəm. Hamısına ümid verib sonra ümidlərini qırıram. Mən nə edim? Mənə bir məsləhət verin. Öncədən təşəkkürlər.

İsa Rəvan:

- Siz həm ailə qurmaq istəyirsiniz, həm də heç kimi sevə bilmirsiniz. Bunlar bir-birinə ziddir. Düzdür, sevgidə əsas qərarı ürək verir, ürəyə isə səbəbsiz yerə hökm vermək olmur. Qızın və ya xanımın onunla maraqlanan hər kəsdə bir səhv göstərməsinə el arasında "sonalamaq" deyirlər. Təbii ki, bu da çox vaxt axırda yaxşı nəticə vermir. Xoşbəxtlik və ya səadət geyimdə, gözəllikdə və var-dövlətdə deyil. Təmiz sevgi, qarşılıqlı hörmət, daim olan diqqət və qayğı, xoş münasibət və mehribançılığın özü elə səadətdir. Siz bir dəfə ailə qurub ayrılmısınız. Artıq ailə həyatında təcrübəniz var. Ailə səadətində nəyin yaxşı və lazım olub-olmadığını demək olar ki, bilirsiniz. O vaxtlar erkən yaşda olsanız da, indi artıq daha mükəmməlsiniz. Bakirə qıza nisbətən ayrılmış gəlinin adı daha ağırdır. Əgər sevmirsinizsə, kimsə sizi məcbur eləmir. Yalandan heç kimə də ümid verməyin ki, sonda qəlbini də qırmayasınız. Düzdür, sevmədən, istəmədən yaş keçir deyə, nəyəsə xatir sonradan biri ilə ailə qurmaq da düzgün deyil. Ancaq hüquqi tərəfdən sizin də ailə qurmaq və düzgün seçim etmək haqqınız var. Sizə talib olmaq istəyənlər arasında seçim etmək öz əlinizdədir. Geyimi və ya kasıb olması sizi düşündürməsin. Əsas sizə olan təmiz sevgisinə önəm verin.
051\..-06-46 nömrəli mobil telefonun sahibi yazır:

- Salam, İsa Rəvan. Mən birini çox sevdim, o da məni sevdiyini söylədi. Amma düz deyildi. Bir müddət aramız yaxşıydı, məni sevməyinə əmin idim. Ancaq son aydır ki, aramız pisdir. Demək olar ki, danışmırıq. Məni hələ də sevir, mən də onu. Ona nəsə olub, mənə demir. Mesajlarıma cavab yazmır, zənglərimi götürmür. Neyləyim mən? Mən çox pisəm, mənə kömək edin.

İsa Rəvan:

- Ən fərdi və ülvi əzab sevgi əzabıdır. Sevgi isə heç vaxt bu əzablardan sığortalanmır. Hər sevən aşiq deyil və hər aşiq də vüsalına çatmır. Təbii ki, birdən-birə bu ayrılıq səbəbsiz deyil. Sevən şəxs gün ərzində heç olmasa bir dəfə də olsa sevgilisinin səsini eşitmək istəyir. Siz nədən əminsiniz ki, ona nəsə olub? Nə qədər də olmasa bu haqda sizə bir xəbər çatdırardı. Son bir aydır ki, aranız da pisləşib. Bəlkə də bu cütlüyün sonunu görməyib və ya da sizə qarşı elə də sevgisinin olmadığını özü yaxşı bilir. Bunu sizə deməyə cəsarət etmir və sizdən biryolluq uzaqlaşır. Çox şey ola bilər. Biz hadisənin içində olmadığımız üçün bunlar bir ehtimaldır. Təbii ki, mən də istərdim ki, bu ehtimalın əksi olsun. Hər şey yaxşılığa doğru getsin və onun sizə yenidən dönüşü olsun. Hər ehtimala qarşı ona tamam başqa bir nömrədən zəng edin.

070\..-...-.0 nömrəli mobil telefonun sahibi yazır:
- Mənim 24 yaşım var, ailəliyəm, bir oğlum da var. Amma ilk məhəbbətimi unuda bilmirəm. Ərimi sevə bilmirəm, onun şirin sözü də məni əsəbiləşdirir. Mənə məsləhət verin.
İsa Rəvan:

- İlk məhəbbət qəlbin əbədi xatirəsidir. Baş tutmayan bu məhəbbət ilk illəri bütün varlığı ilə qəlbi bürüyür. Bu, daxilən rahatlıq vermədiyindən doğma ocağa belə isinişmək olmur. Lakin heç də əbədi və təzə olaraq qalmır. O da tədricən kövrək bir xatirəyə çevrilərək yaddaşda qalır. Ailəyə öyrəşmək, övlada məhəbbət getdikcə onu üstələyir. Baş tutmayan qisməti bir də geri qaytarmaq olmur. Siz artıq ailə qurmusunuz, övladınız da var. Bu qismətlə də barışmalısınız. Nə qədər ki barışmaz mövqedə qalırsınız, bir o qədər sizə çətin olacaq. Ona görə də ailənizin xoş sözü də sizə acı gələcək. Siz indi öz evinizin xanımı olaraq övladınızı düşünün. Yoldaşınızın sizə olan sevgisini də dəyərləndirin. Diqqətinizi öz ailənizə yönəldin, tədricən hər şeyin öz həllini tapacağını görəcəksiniz.

Müəllifdən: qalan mesajlarla gələn həftə görüşənədək.

İsa Rəvan

O.M.