Diqqət! Dönər saatla işləyən bombadır!

Diqqət! Dönər saatla işləyən bombadır!

20 İyun 2012 18:45
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA: Dönərin tərkibindəki zəhərli maddələr

Türkiyəli mütəxəssislərin apardıqları araşdırmaların nəticələrinə görə, hamımızın ləzzətlə yediyi dönər kababı əslində saatlı bombadır. Daha doğrusu, onun tərkibindəki maddələr insan orqanizmi üçün ölümcül xassələrə malikdir. "Vatan" qəzetinin verdiyi məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə birgə apardığı araşdırmalar dönər məsələsində son nöqtəni qoydu. Məlum oldu ki, bu yeyinti məhsulu başdan-ayağa insan orqanizmi üçün ölüm mənbəyidir. Əvvəla, ona görə ki, odla birbaşa təmasda olan ət məhsullarında baş verən kimyəvi reaksiya zamanı vitaminlər tamamilə məhv olur, minerallar və zülallar isə birbaşa kanserogen maddələrə çevrilir, yəni bədxassəli şişlər yaradan zəhərli hissəciklərə. Bu isə mütəmadi istifadə zamanı onikibarmaq bağırsağın və mədənin xərçəngi riskini 78 % artırır. Nəzərə alsaq ki, çoxları dönəri duzlu-istiotlu yeməyə üstünlük verir, zərər görən orqanların sırasına öd kisəsini, qaraciyəri və böyrəyi də əlavə etmək lazımdır. Hələ söhbət ətin keyfiyyətindən və mənşəyindən getmir. Bu amili də nəzərə alsaq, vəziyyətin son dərəcə təhlükəli olduğunu görə bilərik.

Araşdırmalardan o da məlum olub ki, dönəri dadlı və maya dəyərini ucuz etmək üçün bir çox hallarda onun tərkibinə təbii və süni heyvan qidaları qatılır. Hələ bu azmış kimi, əvvəlki gündən qalmış dönər qalıqları da xammala qatılaraq təkrar istehsala buraxılır. Ucuz qiymətə satılan dönərlərdə vəziyyət daha da acınacaqlıdır. Orada xammalın tərkibinə mənşəyi bəlli olmayan heyvanların ətləri əlavə olunur (ölmüş heyvan, xəstə heyvan və ya eşşək və at ətləri).

Türkiyənin İctimai İaşə və Şirniyyatçılar Federasiyasının rəhbəri Aykut Yeniçe də aparılmış tədqiqatların nəticələri ilə razıdır və insanları dönər məhsullarından uzaq durmağa səsləyir. O, adıçəkilən qida məhsulunun tərkibinin insan orqanizmi üçün son dərəcə təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, dönərlərin tərkibində çəkilmiş formada toyuq qığı, toyuq tükü, qığırdaqlar, vəzlər, daxili orqanlar, təmizlənmiş bağırsaqlar, inək məməsi və sair maddələrə rast gəlmək mümkündür. Bundan başqa, köhnədən qalmış dönər qalıqları da əsas ət kütləsinə qarışdırılaraq, yeni dönər porsiyasında müştərilərə təqdim olunur. Bu isə bir çox xəstəliklərin birbaşa yaranma mənbəyidir. Xüsusilə yay aylarında bakteriyaların və mikrobların yayılma təhlükəsi daha da artır.

Mütəxəssislərin fikrincə, problem təkcə bununla bitmir. Səyyar kafelərdə, dönərxanalarda və ya bu tip restoranlarda hökm sürən antisanitariya şəraiti xəstəlik riskini daha da artırır. Belə ki, dönər dəzgahının qarşısında saatlarla, fasiləsiz, tər-su içində çalışan usta istər-istəməz tez-tez tərini silir və ya istidən qıcıqlanan nahiyələrini qaşıyır. Daha sonra isə müştəriyə xidmət edir. Ustanın gün ərzində bir neçə dəfə isti otaqdan sərin zala və ya əksinə yer dəyişdiyini nəzərə alsaq, onun rahatlıqla soyuqdəyməyə yoluxa biləcəyini görmək olar. Bu halda həmin adamın qripə tutulması və ya sadəcə burnunun axması təbii haldır.

Türkiyəli mütəxəssislərin araşdırmalarının davamı olaraq, biz də bir məsələyə nəzər saldıq. Sümüksüz mal ətinin kilosu 9 manat, sümüksüz toyuq ətinin kilosu 5 manat olduğu halda, 100 qram əti olan dönərin porsiyası 1.2 - 1.4 manata satılır. Nəzərə alsaq ki, dönər təkcə ətdən ibarət deyil və onun tərkibində təxminən 20 qəpiklik (çörək, göyərti, qızartma kartof, mayonez, ketçup və sair) digər qida məhsulları da var, onda bir qədər də düşünməli oluruq. Axı dönər bişirilən obyektlərdə işçilərə əməkhaqqı, icarə və kommunal xərcləri, dövlət rüsumları da ödənilir. Bu isə hər bir dönərin maya dəyərində öz əksini tapmalıdır. Belə olan təqdirdə, 1.2 - 1.4 manata satılan dönərin tərkibinin nədən ibarət olduğunu müəyyən etmək elə də çətin deyil.

Məncə, ev yeməkləri var ikən zəhərlə qidalanmağa, hələ üstəlik buna görə pul verməyə dəyməz!

Könül Aypara

O.M.