“Jiqulinin atası” – Polyakov VAZ-ın direktoru olanda da, nazir işləyəndə də işə piyada gəlib-gedib

“Jiqulinin atası” – Polyakov VAZ-ın direktoru olanda da, nazir işləyəndə də işə piyada gəlib-gedib

1 Aprel 2023 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

O, olduqca sərt, ciddi, yumor hissindən uzaq olsa da, hətta yüksək ranqlı dövlət məmurlarının zarafatlarını belə qəbul etməsə də, sovet rəhbərlirinin ən sevimli simalarından biri olub. Viktor Polyakovu nazir təyin edərkən Leonid Brejnevin ona “biz yoldaşlarla belə qərara gəldik ki, sizi nazir təyin edək” ifadəsinə Polyakovun maraqlı reaksiyası olub: “Leonid İliç, yoldaşlar deyəndə kimi nəzərdə tutursunuz?”

Baş katib onu yaxşı tanıdığından əlini yelləyib başını bulamaqla Polyakovu yola salıb...

Polyakov_VN.jpg (53 KB)

1966-cı ildə Mərkəzi Komitə ilə SSRİ Nazirlər Soveti Tolyatti şəhərində yeni avtomobil zavodunun (VAZ) inşa edilməsi ilə bağlı qərar qəbul edəndə Brejnevlə Kosıgin inşa olunacaq zavoda kimin direktor təyin edilməsi haqqında uzun-uzadı müzakirə aparıblar. Nəhayət, həm baş katib, həm də baş nazir partiyanın ən böyük layihəsi kimi qiymətləndirilən zavodun tikintisini Viktor Polyakova həvalə etməyi qərara alıb. Maraqlı məqamlamdan biri o olub ki, Polyakovu zavod direktoru təyin edəndə onun qarşısına ağır bir şərt qoyublar, 1970-ci ilin aprel ayında, Leninin 100 illiyində zavoddan ilk “Jiquli” avtomobili çıxmalıdır. Polyakov bu şərtə də maraqlı reaksiya verib: “Yoldaş Kosıgin, biz avtomobili Leninin 99 illiyində buraxsaq, Mərkəzi Komitə onu qəbul etməyəcək?”

Viktor Polyakov 1915-ci ildə Tomskda anadan olub. 15 yaşında avtomobil çilingərinin köməkçisi kimi ilk əmək faəliyyətinə başlayan Polyakov Moskva Avtomobil İnstitutunda ali təhsil alıb, institutu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sovet-alman müharibəsinin başlanması ilə Polyakovun hərbi xidməti uzanıb. O, Qərb cəbhəsində avtomobil təmiri hərbi hissəsində baş zabit, daha sonra isə hərbi hissə komandiri vəzifəsində xidmət edib. 1945-ci ildə mayor rütbəsində ordudan tərxis olunub.

c28e10aea68291c09b06bacce9029dca.jpg (98 KB)

Polyakov müharibədən sonra Moskva Avtomobil Zavodunda mühəndis, sex rəisi vəzifələrində işləyib, 1958-1963-cü illərdə isə həmin zavodun direktoru olub.

1964-cü ildə Kosıgin SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə gələndə apardığı kadr islahatlarında Polyakovu SSRİ avtomobil sənayesi nazirinin müavini təyin edib. Kosıginlə Polyakovun arasında sıx işgüzar münasibətlər yaranıb, baş nazir onun işgüzarlığını, məhsuldarlığını yüksək qiymətləndirib.


1966-cı ildə “VAZ”-ın tikintisi haqqında qərar qəbul ediləndə Polyakovun nazir müavini vəzifəsindən zavod direktoru təyin edilməsi vəzifənin bir neçə ranq aşağı enməsi sayılsa da, Polyakov bu təyinatdan imtina etməyib.

c6c66f92ec2c9c21d002e371c4566158.jpg (116 KB)

Polyakovun “VAZ”-ın direktoru işlədiyi dövr bir çox hadisələrlə yadda qalıb. Zavodun tikintisi zamanı işlər o qədər sürətli aparılıb və tələblər o qədər sərt olub ki, bir çox mütəxəssislər Polyakovun iş rejiminə tab gətirə bilməyiblər. Tikinti işləri üç növbədə aparılıb. Polyakovun gecə növbəsində əyninə fəhlə paltarı geyinib sıravi fəhlə kimi işləməsi adi hal sayılıb.

Polyakov Mərkəzi Komitənin onun qarşısına qoyduğu şərtləri uğurla yerinə yetirib. 19 aprel 1970-ci ildə Dövlət Komissiyası zavodun ilk istehsalını, altı ədəd “VAZ-2101” avtomobilini qəbul edib. Beləliklə, SSRİ-də “Jiquli” avtomobillərinin erası başlanıb. Avtomobil həvəskarı olan Brejnev Polyakovu “Jiqulinin atası” adlandırıb.

Polyakov 1975-ci ilə qədər “VAZ”a rəhbərlik edib. 1975-ci ildə isə o, yeganə namizəd kimi SSRİ avtomobil sənayesi naziri təyin olunub.

b11d7017bd4139ffcb831b4626b8ddfd.jpg (155 KB)

Polyakov digər nazirlərdən bir çox cəhətlərinə görə fərqlənib. O, ciddi və sərt olduğu qədər, həm də çox sadə bir insan olub. Təntənəli məclislərdən, zəngin həyat tərzindən, var-dövlət hərisliyindən uzaq olan nazir çox vaxt öz yubileylərini də unudub. Heç vaxt dövlət mükafatları haqqında düşünməyən Polyakov təltif üçün Mərkəzi Komitəyə çağrılanda açıq şəkildə narazılığını bildirib: “Təltif mərasimləri bizim vaxtımızı alır...”

Polyakov nazir kimi xarici ölkələrə rəsmi səfərlərə gedəndə heç vaxt xarici həmkarlarından hədiyyə qəbul etməyib. Hətta o, bir çox hallarda rəsmi ziyafətlərdən də imtina edib. Öz tərcüməçisi ilə adi kafelərin birində öz hesablarına nahar etməyi daha üstün sayıb. Digər nazirlərdən fərqli olaraq Polyakov səfərə çıxanda həyat yoldaşı ona yol azuqəsi kimi yalnız bir termos çay və qızardılmış çörək qoyub.

affbb8e74e8acbc0df214a8357a95796.jpg (130 KB)

Özü avtomobil mühəndisi olsa da, Polyakov avtomobildən olduqca az istifadə edib. Zavod direktoru olduğu illərdən işə piyada gedib-gəlməyi adət edən Polyakov nazir olanda da çox vaxt işə piyada gedib.


Nazir olduğu 1975-1986-cı illərdə, 11 il ərzində Polyakovun gərgin əməyi sayəsində SSRİ avtomobil istehsalında dünya ölkələri arasında altıncı yerə qalxıb. Hər il SSRİ-də 2 milyon avtomobil istehsal olunub.

1986-cı ildə Mixail Qorbaçov heç bir tutarlı səbəb olmadan Polyakovu nazir vəzifəsindən uzaqlaşdırıb. Polyakov vəzifəsində qalmaq üçün kiçik bir cəhd də etməyib. Sonralar Qorbaçov öz açıqlamalrında Polyakovu vəzifədən kənarlaşdırmağında səhv etdiyini etiraf edib.

Nazir vəzifəsindən sonra Polyakov avtobil sənayesi ilə bağlı elmi-tədqiqat institutlarında çalışıb.

Viktor_Polyakov's_grave.JPG (239 KB)

Viktor Polyakov 2004-cü ildə 89 yaşında vəfat edib. O, Tomskda doğulsa da, Tolyatti şəhərində dəfn edilməsini vəsiyyət edib. Sabiq nazirin vəsiyyəti yerinə yetirilib, o, Tolyatti şəhərində Banıkin qəbirstanlığında dəfn olunub. Musavat.com