Qəddar komissarın aqibəti – Stalinin general etdiyi Leplevskinin mühakiməsi 20 dəqiqə çəkib

Qəddar komissarın aqibəti – Stalinin general etdiyi Leplevskinin mühakiməsi 20 dəqiqə çəkib

5 Fevral 2023 15:42
Bəyəndim (0) Bəyənmədim (1)

O, SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələr tututb, Belarusiya və Ukraynada “NKVD”-yə rəhbərlik edib, komissarlığın mərkəzi aparatında bir neçə şöbə və idarədə rəis işləyib. İzrail Leplevski 2-ci ranq dövlət təhlükəsizliyi komissarı rütbəsini (general-polkovnik) daşıyan 20 nəfərdən biri olub və bu rütbənin poqonlarını ona şəxsən İosif Stalin təqdim edib...

1896-cı ildə Brest şəhərində yəhudi ailəsində anadan olan Leplevski hələ yeniyetməlik vaxtlarından öz həmyaşıdlarından sərt xarakteri ilə fərqlənib. Onu fərqləndirən digər cəhət isə mütaliəyə və siyasətə böyük maraq göstərməsi olub. Heç bir ali təhsil almasa da, Leplevski savadlı yazmağı, yüksək təşkilatçılıq qabiliyyəti ilə ətrafdakılarının, xüsusilə də yerli dövlət qurumları rəhbərlərinin diqqətini cəlb edib.

I dünya müharibəsinin iştirakçısı olan Lepleviski müharibədən sonra xüsusi xidmət orqanlarında xidmətə başlayıb. 1934-cü ilə qədər Saratovda, Dneprdə, Odessada, Podolskda xidmət edən Leplevski həmin ilin dekabr ayında Belarusiyada “NKVD”-yə komissar təyin edilib. Henrix Yaqoda (1934-1936-cı illərdə “NKVD”-nin rəhbəri) Leplevskiyə böyük etimad göstərib, hətta müşavirələrin birində onun ən yüksək vəzifəyə gətiriləcəyini də bildirib. Xidməti münasibətlərlə yanaşı, Yaqoda ilə Leplevski arasında sıx dostluq münasibətləri də hökm sürüb.

İki il Belarusiyada işlədikdən sonra Leplevski “NKVD”-nin dövlət təhlükəsizliyi baş idarəsinin xüsusi şöbəsinə rəis təyin edilib. Bu həmin ərəfələrə təsadüf edib ki, SSRİ-də “böyük təmizlik” prosesi başlayıb. Xüsusilə də vaxtilə imperator ordusunda xidmət edən zabitlərin kütləvi həbsləri başlanıb. Bu həbslərdə Leplevski ən yüksək göstəricilərə nail olub. Leplevskinin həbslərlə bağlı hazırladığı siyahılarda heç vaxt mindən aşağı rəqəm olmayıb.

Leplevskij_Izrail_Moiseevic.jpg (61 KB)

Kreml rəhbərliyi Leplevskinin “məhsuldarlığını” yüksək qiymətləndirib. Bir-birinin ardınca növbədənkənar rütbələr, ali dövlət mükafatları onu daha da populyarlaşdırıb. Leplevski təkcə təhlükəsizlik orqanları əməkdaşları arasında deyil, partiya məmurları arasında da ən təhlükəli simalardan birinə cevrilib.

Henrix Yaqodanın vəzifədən kənarlaşdırılması Leplevskinin dayaqlarını zəiflətsə də, o, bir müddət “NKVD”-yə yeni təyin edilmiş Nikolay Yejovla da dil tapmağı bacarıb. Əslində, Leplevski yox, Yejov onunla dil tapmağa çalışıb.

Müasirlərinin yazdıqlarına görə ,Yejov nə qədər qəddar və sərt komissar olsa da, o, Leplevskidən çəkinib. Yejov üçün Leplevskinin mərkəzi aparatda işləməsi arzulanan hal olmayıb. Bunun birinci səbəbi Leplevskinin Stalinlə birbaşa əlaqə yaratmaq səlahiyyətinə malik olması, ikinci səbəbi isə Leplevskinin dövlət məmurları və xüsusi xidmət orqanları əməkdaşları arasında böyük nüfuza sahib olması olub. Sözsüz ki, Leplevski bu “nüfuz”u onun şəxsiyyətinə olan hörmətdən deyil, istənilən vaxt istənilən şəxsi həbs etməyə qadir olduğundan qazanıb. Leplevski bu xofu yaratmağı bacarıb.

Yejov Leplevskinin ittifaq miqyaslı səlahiyyətlərini məhdudlaşdırmaq üçün açıq mübarizəyə getməyib.

O, 1937-ci ilin may ayında Stalinlə görüşdə Ukraynada antisovet əhval-ruhiyənin qabarmasını vurğulayaraq kadr dəyişikliyinin vacibliyini vurğalıyıb. Sovet lideri “NKVD” rəhbərindən konkret təklif soruşunda Yejov cavab verib:

- Ukraynada “NKVD”-yə Leplevski komissar təyin edilsə, tərəfimizdən keçirilən bütün tədbirlər öz nəticəsini verəcək.

image2_large.jpg (64 KB)

Adətən, təyinat məsələlərində tələskənliyə yol verməyən Stalin bu dəfə Yejovun təklifinə düşünmədən cavab verib:

- Leplevski... O, Ukraynanı antisovet ünsürlürdən təmizləyə biləcək. Ona etibar etmək olar.

Bu görüşdən bir ay keçməmiş, 1937-ci ilin iyun ayında Leplevski Ukraynada “NKVD”-yə komissar təyin edilib.

Leplevskinin Ukraynaya təyinatı və onun bu respublikadakı fəaliyyəti özünü bir neçə gündən sonra göstərib. Sutkalar ərzində respublikanın ərazisində kütləvi həbslər başlanıb. Həbslər elə geniş bir miqyas alıb ki, Leplevskinin fəaliyyəti Kremldə müzakirə mövzusuna çevrilib və onu altı aydan sonra Ukraydan geri çağırıblar. Yejov onun haqqında Stalinə geniş arayış hazırlayıb, arayışda Leplevski vəzifə səlahiyyətlərini aşmaqda, yüksək və ali rütbəli hərbçiləri günahsız həbs etdirməkdə və nəhayət, Polşa və Almaniya kəşfiyyatına işləməkdə ittiham olunub. Yejov Stalindən Leplevskinin Ukraynadakı altı aylıq fəaliyyətini yoxlamaq üçün Kiyevə xüsusi komissiyanın göndərilməsini xahiş edib. Leplevski isə müvəqqəti olaraq “NKVD”-də 3-cü idarəyə rəis təyin edilib.

Ukraynada yoxlamalar üç ay çəkib. Aparılan araşdırmaların nəticələri məxfi saxlanılıb. 1938-ci ilin aprelin 26-da Leplevski haqqında heç bir cinayət işi açılmadan və prokuror sanksiyası təqdim edilmədən “NKVD”-dəki kabinetində həbs edilib.

Leplevskinin istintaqı üç ay, məhkəməsi isə cəmi iyirmi dəqiqə çəkib. O, məhkəmə zamanı kütləvi həbslər həyat keçirərək əhalidə antisovet ovqat yaratmaqda, sovet rəhbərlərinə qarşı terror aktları hazırlamaqda, bir neçə xarici ölkənin kəşfiyyat orqanlarına işləməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və daha bir neçə maddə ilə ittiham edilib. İyirmi dəqiqəlik məhkəmə prosesində Leplevski bildirib ki, mən bu ittihamları bir şərtlə qəbul edirəm, ölüm cəzası almamaq şərtilə. Hakimlər və dövlət ittihamçıları onun bu şərtini istehzalı təbəssümlə qarşılayıblar və aşağıdakı kimi münasibət bildiriblər:

“Sizin şərtlərinizdən asılı olmayaraq, sizə yalnız bir hökm oxunacaq, ən ağır cəza – güllələnmə...”

Elə həmin gün məhkəmənin hökmü icra olunub, 42 yaşlı Leplevski “Kommunarka” poliqonunda güllələnib.

Leplevskinin yaxınları onun bəraət alması ilə bağlı dəfələrlə, 1953, 1955, 1957, 1965, 1978-ci illərdə müfaviq qurumlara müraciət ediblər. Bu müraciətlərin heç birinə müsbət cavab verilməyib. Sonuncu dəfə 2013-cü ildə bəraətlə bağlı müraciətə isə konkret cavab verilib: “İzrail Leplevsikinin bəraət alması məsələsi müzakirə olunacaq məsələlərin kateqoriyasına salına bilməz...” /Musavat.com/