Elçibəyi tutduran general – Krasilnikov Bəxtiyar Vahabzadəni də həbs etdirmək istəyib

Elçibəyi tutduran general – Krasilnikov Bəxtiyar Vahabzadəni də həbs etdirmək istəyib

25 Sentyabr 2022 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

O, ilk baxışdan gülərüz və mehriban insan təəssüratı yaratsa da, daxilən mürəkkəb və anlaşılmaz xarakterə malik olub. Müasirlərinin söylədiklərinə görə, Vitali Krasilnikov istənilən məsələyə münasibətdə, istintaq zamanı, müşavirələrdə çıxış edərkən, ailə üzvləri və dostları ilə söhbətləşəndə, hətta qeyri-rəsmi bir ziyafətdə tost söyləyərkən üz cizgiləri heç vaxt dəyişməyib. Uzun illər SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında xidmət edən general Krasilnikovun bu strukturda özünəməxsus yeri olub.

Vitali Krasilnikov 1920-ci ildə Nijeqorod vilayətinin Varnavino qəsəbəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Qorki Su Nəqliyyatı Mühəndisləri İnstitutuna qəbul olunub. 1939-cu ildə hərbi xidmətə çağrılıb, sovet-fin müharibəsində iştirak edib və 1940-cı ilin sonlarında ordudan tərxis olunaraq ali təhsilini davam etdirib.

1941-ci ildə sovet-alman müharibəsi başlananda Krasilnikov yenidən xidmətə çağrılıb. Müharibə illərində o, Qorki şəhərində tank məktəbini bitirib. Ukrayna cəbhəsində hərbi əməliyyatlarda iştirak edib.

krasilnikov_v_s.jpg (82 KB)

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Krasilnikov Qorkidə mülki təhsilini davam etdirib və ixtisasına uyğun olaraq gəmi təmiri zavodunda mühəndis işləyib.

Krasilnikov 1949-cu ildən partiya orqanlarında çalışmağa başlayıb, o, əvvəlcə Yenisey gəmiçilik idarəsində siyasi şöbənin təlimatçısı, sonra Krasnoyarsk diyar partiya komitəsinin nəqliyyat idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Elə bu vəzifədə olarkən onu partiya xətti ilə Dövlət Təhlükəsizliyi Nazirliyi (sonralar DTK) yanında fəaliyyət göstərən kurslara göndərilib. Kursları bitirdikdən sonra Krasilnikov DTK orqanlarında xidmətə başlayıb.

1960-cə illərin ortalarında Krasilnikov xidməti işi ilə əlaqədar həmin dövrdə Mərkəzi Komitənin katibi olan Yuri Andropovla tanış olub və onların arasında yaxın münasibət yaranıb. Bu tanışlıq gələcəkdə Krasilnikovun vəzifə karyerasında xüsusi rol oynayıb.

5f438577b0953-V3x85Ynpfs4fjs_.jpg (90 KB)

Krasilnikov uzun illər DTK-nın mərkəzi aparatında məsul vəzifələrdə xidmət edib. 1967-ci ildə Yuri Andropov DTK sədri təyin olunanda onu Azərbaycan DTK-nın sədr müavini təyin edib. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndə isə Krasilnikov onun yerinə DTK sədri vəzifəsinə təyin edilib.

DTK-nın ən “nüfuzlu” dövrü sayılan 1970-ci illərdə Krasilnikov Azərbaycanda öz səlahiyyətlərindən “yetərincə” istifadə edib.

Söz və fikir azadlığının sərt qənimi olan Krasilnikov üçün Mərkəzi Komitənin idelogiya üzrə katibi Mixail Suslovun və DTK sədri Yuri Andropovun rəsmi və qeyri-rəsmi əmr və göstərişlərini icra etmək mütləq şərt sayılıb.

Krasilnikov zaman-zaman gözünə “şübhəli” görünən azərbaycanlıları hədəf seçib. Bu hədəflərdən biri həmin dövrdə Azərbaycan Dövlət Universitetinin (BDU) “Asiya və Afrika ölkələri tarixi” kafedrasında işləyən Əbülfəz Əliyev (Elçibəy) olub. Birinci dəfə xəbərdarlıqdan sonra Krasilnikov 1975-ci ildə Əbülfəz Əliyev haqqında Baş prokurorluqdan cinayət məcəlləsinin 63-cü maddəsi ilə (antisovet fəaliyyət) ittihamnamə qaldırmağı tələb edib. Məsələ böyük səs-küyə səbəb olub və Azərbaycan KP MK səviyyəsinə qalxıb. Heydər Əliyev məsələyə fərqli münasibət göstərib, Krasilnikova bildirib ki, əgər Əbülfəz Əliyev siz dediyiniz kimi neçə illərdir antisovet fəaliyyətlə məşğul olubsa, niyə onu vaxtında “zərərsizləşdirməmisiniz”, fəaliyyətsizlik göstərmisiniz? Buna görə Moskva sizə heç də sağ ol deməyəcək, siz bəlkə də general rütbəsindən də məhrum olacaqsınız.

12928.jpg (64 KB)

Krasilnikov bu iraddan sonra 63-cü maddənin ona “xeyir” gətirməycəyini anlayıb, Əbülfəz Elçibəyə cinayət məcəlləsinin 67-ci (milli və irqi hüquq bərabərliyini pozma) və 188-ci maddəsi ilə (sovet dövlət ictimai quruluşunu ləkələyən yalan uydurma yayma) cinayət işi qaldırıblar. Məhkəmə Əbülfəz Əliyevi 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Krasilnokovun növbəti ciddi hədəflərindən biri də Bəxtiyar Vahabzadə olub. O, müsahibələrində DTK generalı haqqında fikirlərini belə bölüşüb:

211309.jpg (87 KB)

“O zaman Krasilnikov məni çarmıxa çəkmək, həbs etmək, həbsxanaya göndərmək istəyirdi. Onda Heydər Əliyev məni bu həbsdən xilas etdi, Krasilnikova bildirdi ki, mən onu “tərbiyələndirəcəyəm”. Amma dünyanın qəribə işləri də var. Zaman keçdi mən məni həbsxanaya göndərmək istəyən Krasilnikovun Bakıdakı mənzilinə köçdüm. O, Bakıdan getdikdən sonra onun mənzilini mənə verdilər...”
Krasilnikov Azərbaycan DTK-nın sədri vəzifəsində 1980-ci ilə qədər işləyib. Bu vəzifədən sonra o, SSRİ-nin Bolqarıstandakı DTK nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.

1982-ci ilin noyabrından Krasilnikov DTK-nın aktiv ehtiyatında olan əməkdaşı kimi SSRİ Dövlət Maddi-Texniki Təminat Komitəsi sədrinin təhlükəsizlik məsələləri üzrə müşaviri, 1988-ci ilin aprelindən eyni zamanda bu komitədə şöbə müdiri vəzifəsində çalışıb. 1990-cı ilin dekabrında onu DTK-nın strukturundan yaşına görə xaric ediblər.

Vitali Krasilnikov 2003-cü ildə, 82 yaşında vəfat edib. /Musavat.com/