İki marşalı ağladan hokkey, jurnalistə qəzet yedirdən oyun – SSRİ və Kanada yığmalarının serial matçı

İki marşalı ağladan hokkey, jurnalistə qəzet yedirdən oyun – SSRİ və Kanada yığmalarının serial matçı

23 Aprel 11:12
231
Bəyəndim (0) Bəyənmədim (0)

1970-ci illərdə dünyanın ən güclü hokkey komandaları sayılan SSRİ ilə Kanada yığmasının “Superseriya-72” adı altında keçirilən səkkiz yoldaşlıq görüşü XX əsr idman tarixinə 20 ən yadda qalan hadisələrdən biri kimi düşüb. Bu idman tədbirinin keçirilməsinə bir neçə il cəhd göstərilsə də, müxtəlif səbəblərdən baş tutmayıb. Nəhayət, 1972-ci ilin yazında Çexoslovakiyada keçirilən dünya çempionatında “Superseriya-72” ilə bağlı tərəflər qərar qəbul edərək oyunların vaxtını və yerini müəyyənləşdiriblər.

Həmin dövrdə SSRİ yığmasına Vsevolod Bobrov, Kanada yığmasına isə Harri Sinden rəhbərlik edib. Yoldaşlıq görişlərinin 4-ü Kanadada, 4-ü SSRİ-də keçirilib.

Oyunların translyasiya hüququ Kanadaya verilib. Buna görə kanadalılar 750 min dollar ödəyiblər. SSRİ “Lujniki”dəki reklam banerlərinə görə 75 min dollar və hər oyunçuya 2000 rubl qazanc əldə edib.

1642413_original.jpg (104 KB)

Hər iki tərəfdə keçirilən görüşlərə bütün biletlər satılıb. On minlərlə kanadalı SSRİ-də oyunları izləmək üçün kifayət qədər pul və sənədlərin hazırlanmasına vaxt sərf ediblər. Bütövlükdə “Superseriya-72”-ni televiziya ilə izləyənlərin sayı 400 milyon nəfərdən artıq olub.

Maraqlı məqamlardan biri oyunlar televiziya vasitəsi ilə nümayiş ediləndə Moskva küçələrində sakitliyin hökm sürməsi ilə bağlı olub. Hətta ikinci növbədə çalışan azarkeşlər oyun günlərində növbələrini qeyri-azarkeşlərlə dəyişərək evə tələsiblər.

“Superseriya-72”-nin səkkiz görüşündə 4 dəfə Kanada, 3 dəfə SSRİ qalib olub. Bir oyun heç-heçə ilə nəticələnib.

SSRİ azarkeşləri məğlubiyyəti çətinliklə “həzm” ediblər. Sovet rəhbərləri isə bu məğlubiyyəti az qala dövlət səviyyəli uğursuzluq sayıblar. Brejnevin mühafizə rəisi Aleksandr Ryabenko öz xatirələrində həmin günləri belə xatırlayıb: “Oyun günlərində Brejnevin şəxsi katibliyi baş katibin bütün tədbirlərini təxirə salırdı. Hələ oyuna bir neçə saat qalmış Brejnev Kremldən bağ evinə gedirdi. Brejnev oyunları SSRİ-nin müdafiə naziri marşal Andrey Qreçko ilə birgə izləyirdi. Hər ikisi qatı hokkey azarkeşi idi. Oyun başlanandan sonra televizor olan otağa heç kimin girməsinə icazə verilmirdi. Hətta baş katibin həyat yoldaşı, sevimli nəvəsi də buna cürət edə bilməzdilər. Sonuncu oyun sentyabrın 28-də Moskvada keçirilirdi və bu oyun hər iki tərəf üçün həlledici idi. Belə ki, oyunların ümumi nəticələri 3-3 idi, bir oyun isə heç-heçə ilə nəticələnmişdi. SSRİ yığması sonuncu oyunda öz meydançasında kanadalılara 5-6 hesabı ilə məğlub oldu. Bu məğlubiyyətdən sonra baş katiblə müdafiə nazirinin vəziyyətini sözlə ifadə etmək çətindir. İki marşal baş-başa verib ağlayırdılar...”

cut.jpg (96 KB)

Maraqlı hadisələrlə müşayiət olunan “Superseriya-72”-də baş verən bir olay mətbuat tarixində də iz qoyub. Təbii ki, həmin ərəfədə mövcud kütləvi informasiya vasitələrində jurnalistlər tərəfindən görüşlər haqqında müxtəlif fikirlər, proqnozlarla bağlı yazılar dərc olunub. Bu səpkili yazıların arasında daha çox diqqəti cəlb edən isə Kanadanın Toronto şəhərində nəşr olunan “The Globe and Mail” qəzetinin idman yazarı Dik Beddouzun məqaləsi olub. Məqalənin sonunda kanadalı jurnalist yazıb: “Bu sətirləri yadınızda saxlayın. Biz görüşlərin səkkizində də qələbə qazanacağıq. Əgər sovet hokkeyçiləri bu səkkiz görüşdən təkcə birində qələbə qazansalar, mən bu yazdığım məqaləni onların ən çox sevdiyi borşla yeyəcəyəm”.

Dik Beddouz SSRİ-nin ilk qələbəsindən sonra yazdıqlarına, verdiyi sözə əməl edib. O, Torontoda SSRİ konsulluğunun yerləşdiyi binanın pillələrində əyləşib həmin məqaləsi çap olunmuş qəzeti borşun içərisinə doğrayaraq yeyib.

Daha bir hadisə Moskvada DTK əməkdaşları ilə baş verib. Kanadalı idmançılar yerləşdikləri mehmanxana nömrələrində gizli kameraların quraşdırılmasından şübhələniblər. Yığmanın baş məşqçisi Harri Sinden bu şübhələrdən qurtarmaq üçün onlara verilən otaqları bir-bir gəzərək axtarış aparıb. Axtarışlar nəticəsiz qalmayıb. Məşqçi otaqlardan 6 ədəd xüsusi qurğu tapıb və həmin kiçik qurğuları eyvandan küçəyə atıb. Bu hadisədən 15-20 dəqiqə sonra mehmanxananı nəzarətdə saxlayan DTK əməkdaşları öz quraşdırdıqları qurğuları küçədə ayaq altında görəndə kanadalı hokkeyçilərin “kəşfiyyat” peşəkarlığına təəccübləniblər.

Daha maraqlı hadisələrdən biri isə Kanadada keçirilən birinci oyundan sonra əfsanəvi sovet hokkeyçisi Xarlamova edilən təkliflə bağlı olub. Kanadalılar onu öz yığmalarına dəvət ediblər və bunun müqabilində 1 milyon dollar verəcəklərini bildiriblər. Xarlamov bu təklifdən gülə-gülə imtina edib.

Qeyd edək ki, “Superseriya-72” adı altında SSRİ və Kanada hokkey yığmalarının görüşləri 1972-ci il 2-28 sentyabr tarixlərində keçirilib.

Musavat.com