İctimai Palata Bakının mərkəzində icazəsiz aksiya keçirməyə cəhd göstərdi

İctimai Palata Bakının mərkəzində icazəsiz aksiya keçirməyə cəhd göstərdi

14 May 2012 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palata (İP) İçəri şəhər metrostansiyasının qarşısında, İstiqlaliyyət küçəsində və Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib. Metrodan çıxan İP üzvlərinin İstiqlaliyyət küçəsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin binasına doğru yürüşünün qarşısı polis tərəfindən alınsa da, aksiya iştirakçıları Gənclər və Fəvvarələr meydanı ərazisində "Azad seçki!", "Sərbəst toplaşmaq azadlığı təmin olunsun!" və digər şüarlar səsləndirib, həbsdə olan İP üzvlərinin azadlığa buraxılmasını tələb ediblər. Nizami Gəncəvinin abidəsi ətrafına toplaşan piket iştirakçıları polisin müdaxiləsindən sonra Vidadi küçəsinə çəkiliblər. Aksiya iştirakçılarından 6 nəfəri saxlanılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavinləri Asəf Quliyev, Gözəl Bayramlı, o cümlədən "Nida" hərəkatının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də olub. Gözəl Bayramlı sonradan sərbəst buraxılıb. Polis aksiyanın qətnaməsinin oxunmasına imkan verməyib.

O.M.