Dövlət Sərhəd Xidməti Xəzərdə təlim keçirdi
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, DSX tərəfindən Xəzər dənizində genişmiqyaslı taktik təlimlər keçirilib. Aprelin 12-də başlayan təlim bu gün yekunlaşıb. "Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması" mövzusunda döyüş atəşi ilə keçirilən taktik təlimlərə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, itisürətli kater və qayıqları, vertolyotları, həmçinin Fövqəladə Hallar Nazirliyinin vertolyotları və yanğınsöndürmə gəmiləri cəlb olunub.
DSX rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qüvvə və vasitələrə sıra baxışının keçirilməsi ilə başlanmış təlimlər 3 mərhələdə keçirilib. Təlimlərdə 9 taktiki epizod müvəffəqiyyətlə icra edilib. DSX Sahil Mühafizəsinin, Aviasiya Dəstəsinin qüvvə və vasitələrinin neft-qaz çıxarma rayonlarının, platformalarının, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi epizodu icra edildikdən sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib. Şərti düşmənin terror-təxribat qrupunu dəstəkləyən hava hədəfi "İqla" tipli daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edilib. Sonra təyin edilmiş rayonda vertolyotlar və gəmilər birgə sərhəd axtarışı keçirib, şərti düşmənin sualtı təxribat qrupu aşkarlanaraq məhv edilib.
Digər epizodlarda sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qrupunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlıqları vasitəsi ilə baxışın keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi, partlayıcı maddələrin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olunub.
Saxlanılan gəmidə yanğın cəhdinin qarşısı FHN-in gəmi və vertolyotları tərəfindən alınıb, yaralanmış, suya düşmüş insanların xilas edilməsi və təxliyəsi aparılıb.
Təlimdə zenit artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları keçirilib.
Ümumilikdə 1200 hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 vertolyot cəlb olunub.
Təlimlərdə yüksək döyüş hazırlığı nümayiş etdirilib. Qarşıya qoyulmuş vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycana məxsus bölməsində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı DSX və FHN bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.
O.M.