Bu gün Qəddafinin bunkeri vuruldu
Bu gün baş verən hadisələr Reuters xəbər agentliyinin təqdimatında:
Misrata, yerli vaxtla saat 04:20 - Liviya əsgərlərinin sözlərinə görə,
ordu geri çəkilməyə başlayıb. Qəddafi cəbhə boyu ordularının geri çəkilməsi barədə
əmr verib.
Amman, yerli vaxtla saat 12:26 -
Suriya nümayişlərində öldürülən insanların cənazələri bu gün qaldırılacaq. Kütləvi
dəfn mərasiminin iğtişaşlar və etirazlar dalğasını daha da möhkəm
alovlandıracağı gözlənilir.
Tokio - Yaponiya təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün ilk olaraq 50 milyard dollar məbləğində vəsait ayırıb. Bu barədə cümə günü nazirlər kabinetinin iclasında qərar verilib.
Pnompen, yerli vaxtla saat 04:22 -
Tailandla Kamboca sərhədində döyüşlər davam edir. Cümə və Şənbə günləri ərzində
hər iki tərəfdən ən azı 8 nəfərin öldüyü bildirilir. Xatırladaq ki, BMT bu ölkələri
fevral ayından atəşkəsə dəvət edir.
İslamabad, yerli saatla 03:16 - Pakistan silahlı qüvvələri "Əl Qaidə" və Taliban qüvvələrinə sarsıdıcı zərbələr endirib. Ordu komandanı Kayani şənbə günü çıxışında ABŞ-ı kəskin tənqid edərək, qətiyyətsizlikdə günahlandırıb.
Roma - Roma papası Benedikt adətən televiziyada görünməyi xoşlamır. Lakin cümə günü o, ilk dəfə canlı bağlantı ilə vətəndaşların suallarını cavablandırdı. Yaponiyalı uşağın, Fil dişi Sahillərindən olan müsəlman qadının, komada olan bir uşağın anasının və digərlər insanların dərdinə şərik çıxmağa çalışdı.
Sana - Sana və Taiz küçələri cümə
günü prezident Əli Abdulla Salehin tərəfdarları və müxalifləri ilə dolub-daşdı.
Bununla belə, əks cəbhələrdən olan vətəndaşlar arasında qarşıdurma yaşanmadı.
Tripoli - NATO qüvvələri Qəddafi güclərinin lap yaxınlığındadır. Şənbə günü sübh tezdən Tripolinin mərkəzindəki bir obyekt atəşə tutulub. Yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri arasında 3 itki var. Rəsmi Tripoli qapalı avtodayanacağın vurulduğunu desə də, şahidlərin fikrincə, bu, Qəddafinin bunkeridir.
O.M.