Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrin narazılığına səbəb olan problemi aradan qaldırdı

Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrin narazılığına səbəb olan problemi aradan qaldırdı

30 Mart 2012 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramovun verdiyi məlumata görə, universitetin bir neçə fakültəsinin tələbələrinin semestr imtahanları ilə bağlı narazılıqlarına səbəb olan məsələlər aradan qaldırılıb. Belə ki, universitet rəhbərliyinin dərhal müdaxiləsindən sonra məsələ öz həllini tapıb: "Universitetdə kollokvium müddətinin bir həftəyədək uzadılması və dərs zamanı keçirilməsi üçün müvafiq qərar qəbul edilib".

Məsələ ilə bağlı İqtisad Universitetinin saytında da məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, narahatlığa heç bir səbəb yoxdur: "Boloniya sisteminin tələblərinə uyğun olaraq imtahanqabağı kollokviumun keçirilməsi üçün ayrılan müddətin az olması bəzi tələbələrin narahatçılığına və narazılığına səbəb olub. Bu məsələ Universitet rəhbərliyinin müdaxiləsi və müvafiq tədbirlərin görülməsi nəticəsində aradan qaldırılıb. Universitetdə kollokvium müddətinin bir həftəyədək uzadılması və dərs zamanı keçirilməsi üçün müvafiq qərar verilib".
Qeyd edək ki, İqtisad Universitetinin bir neçə fakültəsinin tələbələri dünən semestr imtahanlarını boykot edərək ali məktəbin qarşısına toplaşıblar. Tələbələr ədalətli imtahan prosesi tələb etdiklərini bildiriblər. Onlar bir gündə, yarım saat ərzində 6 fəndən imtahan verməyin ədalətli olmadığını deyiblər.

O.M.