Xədicə İsmayılova ətrafında baş vermiş hadisəyə fərqli münasibətlər bildirildi

Xədicə İsmayılova ətrafında baş vermiş hadisəyə fərqli münasibətlər bildirildi

16 Mart 2012 16:14
Bəyəndim (0) Bəyənmədim (0)
"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılovanın şikayəti əsasında cinayət işi başlandı

"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılovanın şikayəti əsasında cinayət işi başlanıb. AzərTAc-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun yayılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır: "Biz bu video görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik. Məsələni hal-hazırda araşdıran Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək.
Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır".
Dünən isə Avropa Parlamentinin 10 üzvü Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciət "Azadlıq" radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı aparılan kampaniyanın pislənməsilə başlayır:
"Dünya Beynəlxalq Qadınlar Gününü qeyd edərkən, Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovaya xüsusi "hədiyyə" göndərildi: şəxsi həyatını göstərən 6 foto və həqarətlə yazılmış şantaj məktubu. Biz əminik ki, bu hədə onun peşəkar fəaliyyəti ilə bağlıdır. Belə şeylər demokratik ölkələrdə baş verməməlidir. Bu, bizi həm də ona görə narahat edir ki, Xədicə İsmayılovanın işinə görə susdurulma cəhdləri ilk dəfə deyil baş verir".
Müraciətdə qeyd olunur ki, bu hadisə Azərbaycanda insan haqları və demokratiya mühitinə kəskin zərbə vurur. Qeyd olunur ki, jurnalistlərə hücum və cinayətkarların cəzasızlıq mühitindən istifadə etməsi onların fəaliyyətinə əngəl törədir. 7 il əvvəl "Monitor" jurnalının qətlə yetirilmiş redaktoru Elmar Hüseynovun qatilinin hələ də tapılmamağından narahatlıq vurğulanır.
Müraciət müəllifləri ən sonda yazır: "Biz sizi öz ölkənizdə insan haqları və azadlıqlarına sayğıya təminat verməyə çağırırıq. Biz sizə müraciət edirik ki, jurnalist Xədicə İsmayılovanın, o cümlədən digər jurnalist və insan haqları müdafiəçilərinin şərəf və ləyaqətinin müdafiəsində əlinizdən gələni edəsiniz və onların qorxu və hədə, şantaj və zorakılıqla üzləşmədən öz peşələrini davam etdirmək haqqına zəmanət verəsiniz. Avropa parlamentinin Xarici Əlaqələr Komitəsi təmsilçiləri ilə Bakıdakı son görüşünüzdə də siz özünüz bildirmişsiniz ki, Azərbaycan insan haqları və demokratik dəyərlərə böyük əhəmiyyət verir".
"Sərhədsiz Reportyorlar" da X.İsmayıla qarşı kampaniyanı pisləyən bəyanat yayıb. "Bu, onu susdurmaq məqsədilə edilən ilk şantaj deyil. Amma maraqlıdır ki, qarayaxma kampaniyası hökumətyönlü KİV-lərin böyük dəstəyi ilə həyata keçirilir. Bu, bir neçə il əvvəl digər müstəqil jurnalistləri gözdən salmaq üçün istifadə olunan metodları xatırladır. Bu, yolverilməzdir və buna birdəfəlik son qoyulmalıdır", deyə təşkilatın bəyanatında qeyd edilir.
"Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz". Bu sözləri isə APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdirinin sözlərinə görə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, baş vermiş bütün belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür: "Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik. Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır və nəticə barədə əlavə məlumat veriləcək".
Dünən gün ərzində bu olayla bağlı hökumət qurumlarının bir-birinin ardınca verdiyi bu açıqlamalar isə X.İsmayılovaya səmimi görünmür. "Yeni Müsavat"a açıqlamasında jurnalist bildirdi ki, bu addımlar tamamilə qeyri-səmimidir. Onun sözlərinə görə, bu təxribat ölkənin ən yüksək səviyyəsində və hökumət tərəfindən həyata keçirilib: "Mən buna əminəm. Daxili İşlər naziri və prokurorluğa martın 9-da, video yayılana qədər müraciət etmişəm. O vaxtdan indiyə qədər bir müstəntiq də zəng edib, maraqlanmayıb. Çünki araşdırma aparmayıblar. O materiallar əlimdədir və bilmirəm kimə təqdim edim. O orqanlar neçə gündür sadəcə araşdırma aparmırlar".
X.İsmayılova dedi ki, hakimiyyət artıq oyunlarının alınmadığını anlayıb. "Onlar nə məni susdura bildilər, nə də yerli, beynəlxalq ictimaiyyətdən belə təpki gözləyirdilər", deyən müsahibimiz daha sonra bu olayla bağlı maraqlı bir məlumatı da bölüşdü: "Məndə məlumat var ki, dünən Prezident Aparatından bir neçə saytın rəhbərliyinə göstəriş verilib ki, o videonu yerləşdirsinlər və mənim barəmdə hədyan yaysınlar. Onlar isə bundan imtina ediblər. Bu, onlar üçün son siqnal olub. Onlar anlayıblar ki, hətta öz komandalarında belə bu hərəkətləri ilə simpatiya yox, antipatiya doğururlar. Məhz bunun nəticəsidir ki, indi bu rüsvayçılıqdan belə təmizə çıxmağa çalışırlar. Amma alınmayacaq. Çünki Azərbaycan xalqı bunu keçib".
X.İsmayılova dedi ki, həmin təxribatla bağlı burada və Amerikada araşdırma gedir. Görüntüləri yayan saytın guya Amerikada qeydiyyatdan keçdiyi göstərilmişdi. Elə bilirlərsə ki hər şeyi izsiz ediblər, səhvə yol verirlər. Bu, artıq dünya səviyyəli təxribatdır. "Azadlıq" radiosu Birləşmiş Ştatların media orqanıdır. Bu radionun əməkdaşına qarşı cinayət də federal cinayət sayılır".

O.M.