Yunanıstanın maliyyə nazirinə hücum edildi

Yunanıstanın maliyyə nazirinə hücum edildi

10 Mart 2012 21:58
Bəyəndim (0) Bəyənmədim (0)
Təqaüdçü qadın onun üstünə yoğurt tökdü

Bu gün Yunanıstanın Maliyyə naziri Evangelos Venizelos üzvü olduğu partiyanın konfransında çıxış edərkən gözlənilmədən yaşlı bir qadın onun üstünə hücum edib. Qarı əlində tutduğu qatı tərkibli yoğurtu nazirin başına töküb. E.Venizelos özünü itirməyərək paltarlarını dəyişdikdən sonra çıxışına qaldığı yerdən davam edib. Partiyanın sıravi üzvü olan qadın isə zaldan çıxarılıb.

PASOK adlı sol mərkəzçi partiyanın konfransında başqa bir insident də yaşanıb. Maliyyə naziri çıxış edərkən auditoriyanın yaşlı hissəsi onu fitə basıb. Qeyd edək ki, Beynəlxalq maliyyə qurumları ilə Yunanıstanın borcunun silinməsi haqda danışıqlarda mühüm rol oynayan Evangelos Venizelos partiyanın başqanı olmağa real namizəddir.

Xatırladaq ki, Yunanıstan maliyyə böhranına düşdüyü dövrdən bəri sadə vətəndaşların dövlət və hökumət rəhbərlərinə qarşı hücumları mütəmadi xarakter alıb. Rəhbərlər dəfələrlə yumurta, yoğurt, meyvə hücumlarına məruz qalıblar. Hətta onlara qarşı bir neçə dəfə fiziki güc də tətbiq olunub.

Bir vaxtlar süd gölündə üzənlər indi yoğurt yağışına düşüblər...

Aqil Hüseynov

O.M.