Azərbaycanda sel və daşqın təhlükəsi var

Azərbaycanda sel və daşqın təhlükəsi var

22 Aprel 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Yazın gəlməsi ilə əlaqədar çaylarda daşqın təhlükəsi yenə də gündəmə gəlib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Kür çayının Gürcüstan ərazisindəki Tiflis məntəqəsində suyun səviyyəsi son 2 gün ərzində 108 sm artıb. Artıma səbəb isə son günlər yağan yağışlardır.


Nazirlikdən verilən məlumata görə, suyun Kür çayının Tiflis məntəqəsindən Qıraqkəsəmən məntəqəsinə qədər gəlib çatma müddətini, eyni zamanda aprelin 24-dək arabir intensivləşəcək yağışları nəzərə alaraq, Kür çayının yuxarı axınında səviyyənin bir qədər artımı gözlənilir.


Şimal rayonlarımızda leysan xarakterli yağışlarla əlaqədar respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel olacağı ehtimal olunur.


Qeyd edək ki, keçən il Kür çayında baş vermiş daşqınlarla əlaqədar minlərlə insan evsiz-eşiksiz qalmış, təsərrüfatlara ziyan dəymişdi.


Dama-dama göl olar, axa-axa sel olar...


Elvin Babayev


O.M.