Zığda torpaq sürüşməsi zonasına düşən bina söküləcək

Zığda torpaq sürüşməsi zonasına düşən bina söküləcək

9 Mart 2012 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binanın ətrafında yaranan çökmə prosesi ilə bağlı yekun rəy açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin məlumatına görə, baş verən hadisənin səbəbləri ilə bağlı arayış Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub: "Burada iki proses - qruntlarda çökmə prosesi və mexaniki susponziya baş verir. Susponziya o deməkdir ki, binanın bünövrəsinin aşağı hissəsi yuyulmaya, axıntıya qarşı yumşaq olan qumlardan və qruntlardan ibarətdir. Bunun təbii, yeraltı sular nəticəsində yuyulması baş verib və ərazidə bünövrənin qeyri-bərabər çökməsi, boşalma gedib". Ş.Niftiyev həmçinin bildirib ki, ərazidə baş verən çökmə ilə bağlı bu gün Azərbaycan Nazirlər Kabinetində baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə iclas keçirilib: "Həmin ərazidə kommunikasiya xətlərində su sızmaları, atmosfer çöküntülərinin intensivliyinin artması qeyri-bərabər çökməyə və susponziyaya səbəb olub, bu proseslərin nəticəsində də binanın özül hissəsində deformasiyalar yaranıb. Ərazidə geoloji proseslərin inkişafı müşahidə olunduğu üçün ona qarşı tədbirlərin görülməsi qeyri-mümkündür. Ona görə də binanın əhalisi köçürülüb. Binanın tamamilə sökülməsi həyata keçiriləcək, çünki bu binanı bərpa etmək mümkün deyil. Ərazinin özülü qumlardan ibarət olmaqla bərabər, qrunt sularının səviyyəsi kritik həddən də yuxarı qalxıb və artıq yer səthinə yaxınlaşıb".

Qeyd edək ki, fevralın 27-dən Bakının Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binanın ətrafında susponziya və qeyri-bərabər çökmə prosesi gedib. Bununla əlaqədar binada çatlar və binanın konstruksiyasında dəyişikliklər əmələ gəlib. Aidiyyəti qurumlar tərəfindən əhali oradan təxliyə olunub.

O.M.