Oxumeni.az-ın araşdırmasından sonra I qrup əlil olan məcburi köçkünə 13 min manat maddi yardım verildi

Oxumeni.az-ın araşdırmasından sonra I qrup əlil olan məcburi köçkünə 13 min manat maddi yardım verildi

9 Mart 2012 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, erməni həkiminin qurbanı olan Cəbrayıl rayon sakini, I qrup əlil Şirinova Samirə diqqətdən və qayğıdan kənar qaldığından şikayət edirdi. Biz onunla görüşüb, problemlərini dinlədik. Daha sonra Cəbrayıl rayonundan seçilmiş millət vəkili Aslan Şahverdiyevlə telefon vasitəsilə əlaqə saxladıq. Deputat bu mövzu barədə danışmaq istəmədiyini vurğulayaraq, adıçəkilən əlilə heç cür köməklik etməyəcəyini bildirdi. Millət vəkilindən aldığım sərt cavab məni elə sarsıtdı ki, bir anlıq Samirənin ağrılarını özümdə hiss etdim. Buna baxmayaraq, araşdırmalarıma ara vermədim. Hövsan qəsəbəsindən deputat seçilmiş millət vəkili Sevinc Fətullayeva ilə dəfələrlə əlaqə saxladım. Onun vasitəsilə Suraxanı Rayonunun icra hakimi ilə görüş aldım. Görüş baş tutmasa da, problemin geniş auditoriyalarda müzakirəsinə nail oldum. Məsələ Cəbrayıl rayonu ziyalıları və rəhbərliyi tərəfindən də müzakirəyə qoyuldu. Daha sonra Cəbrayıl rayon icra başçısı Mahmud Quliyev nümayəndələri ilə birlikdə Samirəni ziyarət etdi. Ona məlumat verildi ki, Cəbrayıl rayonunun ictimaiyyəti 13 min manat pul toplayaraq Samirənin bank hesabına köçürüb. İcra hakiminin qayğıkeş münasibəti əlilin yaralarına məlhəm oldu. Mahmud Quliyevin səmimi sözləri bir çox mətləblərə aydınlıq gətirdi. "Əgər imkanım olsaydı, səni əlimin içində saxlayardım. Mən adı olan, özü olmayan bir rayonun başçısıyam. Paytaxt rayonlarının icra başçıları isə bizə kortəbii baxırlar. İmkanımız geniş olsa, heç bir sakinimizin problemi qalmaz", - deyən icra başçısı mütəmadi olaraq Samirəyə baş çəkəcəyinə, onun problemlərini diqqət mərkəzində saxlayacağına söz verdi.

Samirə Şirinova bu məlumatı oxumeni.az-a verərkən sevinc göz yaşlarımızı saxlaya bilmədik. O, problemi gündəmə gətirdiyimiz üçün bizə, biz isə öz növbəmizdə Cəbrayıl ictimaiyyətinə və Rayon İcra Hakimiyyətinin Başçısına təşəkkürümüzü bildirdik.

Dünən 8 mart Beynəlxalq Qadınlar Günü idi. Bu xəbəri məhz bayram ərəfəsində almağım mənim üçün ən dəyərli hədiyyə oldu.

Mehriban Bəylərqızı

O.M.