![Avropa Azərbaycan Cəmiyyəti (AAC) Fransada ofis açdı](/assets/images/white.jpg)
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Fransada ofis açdı
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) məlumatına görə, AAC-nin Fransadakı ofisi Parisin diplomatik rayonunun yaxınlığında, 18-ci əsrin abidəsi olan "Maison des Polytechniciens" otelində təşkil olunub. Açılış mərasimində 300-dən çox qonaq iştirak edib. Onlar Azərbaycanın mədəniyyətini, təbiətini, landşaftını təsvir edən foto-sərgiyə baxıblar. Cəmiyyətin Fransa ofisinin rəhbəri Eliza Piter təşkilatın fəaliyyəti və Fransa ofisinin məqsədləri barədə danışaraq bildirib ki, cəmiyyət Azərbaycanı Fransa xalqına yaxınlaşdırmaq istəyir. O deyib ki, Azərbaycan və Fransa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumu prinsipləri bölüşürlər. AAC sədri və təsisçisi Tale Heydərov Fransa və Azərbaycanı birləşdirən bağlardan danışıb, Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Dağlıq Qarabağa səfərini xatırladıb. O qeyd edib ki, əgər indiki zamanda olsaydı, Düma Qarabağı ziyarət edə və onun irsini öyrənə bilməzdi, çünki indi bu bölgə erməni işğalı altındadır.
Fransa parlamentinin üzvü, Fransa-Azərbaycan Dostluq Qrupunun sədri Jan-Lui
Dümon Avropa Azərbaycan Cəmiyyətinin Fransada fəaliyyətinin vacibliyini
vurğulayıb. O bildirib ki, bu, iki ölkə arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə
xidmət edəcək. Dümon Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu
xatırladıb. Onun fikrincə, bu məsələdə Fransa cəmiyyətinin bütün elementlərinin
anlayışı və dəstəyi vacibdir. Əslən Lorren vilayətindən olan Dümon bəyan edib
ki, onun vilayəti də işğalın və məcburi köçkünlüyün nə olduğunu bilir və o, erməni
işğalı nəticəsində məcburi köçkünə çevrilmiş 875.000 azərbaycanlının dərdini
bölüşür.
Sonra Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun sədr müavini, bu
yaxınlarda Bakıya səfər etmiş Natali Qule söz alıb. O bildirib ki, Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf edir, eyni zamanda ölkə əhalisinin onda biri
yurd-yuvalarından didərgin salınıb. Senator Azərbaycanın bu ziddiyyətli vəziyyətə
mətanətlə sinə gərdiyini deyib. O, AAC-ı Azərbaycan gəncliyinə dəstək verməyə
çağırıb ki, gənclik gələcəyə doğru irəliləsin və eyni zamanda keçmişi
unutmasın.
Sonra Parisdə yaşayan azərbaycanlı pianoçu Səidə Zülfüqarova, zərb alətlərinin
ifaçısı Nikola Vranken, metso-soprano Cəmilə Babayeva Azərbaycan və Qərb
klassik musiqi parçalarını ifa ediblər. Axşam canlı tanışlıq sessiyası ilə başa
çatıb.
O.M.