Polis internet klublarda 5 gün reyd keçirəcək

Polis internet klublarda 5 gün reyd keçirəcək

1 Mart 2012 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, gələn həftə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə paytaxtda yerləşən internet klub və internet kafelərdə reydlərə başlayacaq: "Məqsəd şagirdlərin dərsdən yayınmasının qarşısını almaq, internet klublarda vaxt keçirən şagirdləri müəyyənləşdirməkdir. İlk dəfədir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin özünün təşəbbüsü ilə polis əməkdaşları ilə birgə reydlər keçiriləcək. Dərs zamanı şagirdlərin internet klub və kafelərdə olması dəqiqləşdiriləcək. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilsə, dərhal aidiyyəti məktəb rəhbərliyinə məlumat veriləcək, şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Həmçinin məktəb rəhbərliyindən şagirdin nə üçün sinifdə olmadığı soruşulacaq. Bunun nəticəsində də işinə biganə yanaşan məktəb rəhbərlikləri müəyyənləşdiriləcək və cəzalandırılacaqlar".

Qeyd edək ki, reydlər 5 gün ərzində keçiriləcək və təhsil müəssisələrinə yaxın internet klublarını və kafeləri əhatə edəcək.

O.M.