
Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru müdafiə nazirindən Ali Baş Komandana şikayət etdi
Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyinin onu məhkəməyə verməsinə münasibət bildirib. L.Əliyev Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra barəsində başlanmış cinayət işi, yaşadığı evin onun əlindən alınması ilə bağlı Müdafiə Nazirliyinin iddiası əsasında keçirilən məhkəmə prosesi və digər məsələlərdən danışıb.
General qeyd edib ki, 3 il əvvəl - 2009-cu ilin aprelində
Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində çalışarkən nazirlik tərəfindən ona
qarşı qərəzli münasibət başlayıb: "Həmin il məni vəzifədən uzaqlaşdırmaq məqsədilə
Təlim Tədris Mərkəzində qərəzli yoxlamalara başlandı, yoxlamaların nəticəsi
olaraq mənə qarşı saxta cinayət işi qaldırıldı. Məni dövlətə külli miqdarda
ziyan vurmaqda günahlandırırdılar. Bu ədalətsizliyə dözməyən, mənim
tabeçiliyimdə olan bir mayor ürək tutmasından öldü. Mənimlə yanaşı, bir
polkovnik-leytenant işdən çıxarıldı. Uzun müddət davam edən istintaq tədbirləri
nəticəsində günahsız olduğum sübuta yetirildi və cinayət işinə xitam verildi".
L.Əliyev həmçinin bildirib ki, cinayət işinə xitam
verildikdən sonra Müdafiə Nazirliyi onun yaşadığı evdən çıxarılması ilə bağlı
Yasamal Rayon Məhkəməsinə müraciət edib: "Ötən ilin mart ayında məni və ailə
üzvlərimi yaşadığımız evdən çıxarmaq məqsədilə nazirliyin iddiası əsasında məhkəmə
başladı. Məhkəmədə məlum oldu ki, həmin mənzili mənə nazirlik özü verib və orda
qanuni yaşayıram. Buna görə də Yasamal Rayon Məhkəməsi Müdafiə Nazirliyinin
iddiasını təmin etmədi. Lakin evi əlimdən almaqda iddialı olan Müdafiə
Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Sözügedən mənzildə qanuni
əsaslarla yaşadığımı əsas gətirən məhkəmə apellyasiya şikayətini də təmin etmədi".
Yaşadığı mənzilin ona qanuni şəkildə verildiyini qeyd edən
L.Əliyev hazırda da hərbi xidmətini davam etdirdiyini, general-mayor hərbi rütbəsi
daşıdığını bildirib: "Rütbəm general olsa da, polkovnik səviyyəsində olan vəzifədə
işləyirəm. Bununla belə, Müdafiə Nazirliyinin mənə qarşı qərəzli münasibəti
davam edir. Bilirsiniz ki, qardaşım oğlu Emin Əliyev ötən il cəbhə bölgəsində şəhid
olub. Onun atası 1998-ci ildə avtomobil qəzasında dünyasını dəyişdiyi üçün Emin
mənim himayəmdə, məhkəmə mövzusuna çevrilən həmin mənzildə böyüyüb, ailəmin bir
üzvü olub. O, ötən ilin yayında hərbi təhsilini başa vurduqdan sonra döyüş bölgəsində
xidmətə başladı. Onu deməliyəm ki, hərbi məktəbi yeni bitirmiş məzunlar heç
vaxt birbaşa döyüş bölgəsinə, ön xəttə göndərilmirlər. Məzunlar ən azı altı ay
ehtiyat hissələrdə xidmət aparmalı olduğu halda, Müdafiə Nazirliyi bir daha məsələyə
qərəzli yanaşaraq, Emini ön xəttə göndərdi. Nəticəsi də məlumdur. Ötən ilin
noyabr ayında Emin şəhid oldu. Mənim himayəmdə olan Emin şəhid olduqdan iki həftə
sonra Müdafiə Nazirliyi yenidən məni evdən çıxarmaq iddiası ilə kasasiya şikayəti
verdi. Ali Məhkəmə şikayətə baxaraq, iddianı təmin etmədən işi Bakı Apelyasiya
Məhkəməsinə göndərib".
L.Əliyev bu gün yaşadığı evi çox böyük çətinliklə əldə
etdiyini bildirib: "Mən hələ sovetlər ittifaqı dövründən hərbiçi kimi
çalışıram. Əvvəllər Gəncədə xidmət edirdim, orda evim vardı. Bakıya, Təlim Tədris
Mərkəzinə rəis təyin ediləndən sonra Gəncədəki evimi təhvil verdim və bu gün
yaşadığım evi almaq üçün növbəyə dayandım. Ailəmdə əlil uşaq ola-ola, uzun müddət
ev növbəsində qaldıqdan sonra mənə ev verdilər. Tam qanuni əsaslarla mənə verilən
bu evi indi qanunsuz hesab edərək əlimdən almaq istəyirlər. Səbəb isə onu göstərirlər
ki, guya mənim yaşadığım evin yerləşdiyi ərazini qanunsuz zəbt eləmişəm.
Nazirlik iddiasında bildirir ki, həmin ərazidə yataqxana tikiləcək. Lakin həmin
yataqxanada mənə mənzil verilməyəcək. Ali Məhkəmə də məhz buna görə işi yenidən
Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Məhkəmə üçün də maraqlıdır ki, necə
olur, uzun müddət hərbçi olan şəxs yaşadığı evdən çıxarılır, əvəzində ona mənzil
verilmir".
L.Əliyev bu gün Azərbaycan hərbçilərinin mənzil təminatı
ilə bağlı çox ciddi problemlərinin olduğunu deyib, bunda Müdafiə naziri,
general-polkovnik Səfər Əbiyevi günahlandırıb. Qarşılaşdığı ədalətsizliklər və
hərbçilərin problemlərlə bağlı fevralın 1-də Ali Baş komandan, prezident İlham Əliyevə
raportla müraciət etdiyini qeyd edən general, raportunun artıq Ali Baş
komandana çatdığını deyib, müraciətə müsbət reaksiya veriləcəyinə ümidvar
olduğunu vurğulayıb.
O.M.