
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkilatın baş katibinə məktub göndərdi
BMT İnformasiya Mərkəzinin məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkilatın baş katibinə məktub göndərib. Məktubda yazılır: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri qanunsuz silahlı qruplaşmalar və terrorçu qrupların, əsasən ermənilərdən təşkil olunmuş keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının dəstəyi ilə Xocalıya hücum etdi. Hücum nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və yaşlılar öldürüldü, minlərlə dinc sakin yaralandı, əsir düşdü, onların çoxunun taleyi bu günədək məlum deyil, şəhər yerlə yeksan edilib".
Səfirin sözlərinə görə, Xocalıda törədilmiş vəhşiliyin
həddi-hüdudu yoxdur, insanların başının dərisi soyulub, başları kəsilib, hamilə
qadınlar süngüyə keçirilib: "Faktlar göstərir ki, Xocalı şəhərində törədilmiş
qırğının məqsədi məhz bu insanlar azərbaycanlı olduğuna görə onları kütləvi
şəkildə öldürmək olub. Bu dəhşətli cinayəti törətməklə onların məqsədi
insanları qorxutmaq idi. Əsllində, Xocalı Azərbaycan ərazilərinə qarşı
təcavüzün və etnik təmizləmənin davamı üçün bir məkan kimi seçilmişdi". Səfir həmçinin qeyd
edib ki, Xocalıda törədilmiş cinayətlərə görə Ermənistanın, onun siyasi və
hərbi rəhbərliyinin, tabeliyində olan silahlı qruplaşmaların məsuliyyət
daşıdığını təkcə Azərbaycan hüquq-mühafizə orqanlarının əlində olan əhəmiyyətli
məlumatlar sübut etmir, bu, həm də bir sıra müstəqil qurumlar, faciə şahidləri
tərəfindən tanınıb və sənədləşdirilib, bunu hətta Ermənistanın yüksək rütbəli
rəsmiləri və ölkənin ictimaiyyətə açıq mənbələr də qəbul edir: "Bu məsuliyyət
beynəlxalq hüquq, xüsusilə də həm Ermənistan, həm də Azərbaycanın qoşulduğu
Avropa İnsan Haqları Konvensiyasından irəli gəlir."
A.Mehdiyev, həmçinin bildirir ki, Azərbaycana qarşı güc
tətbiqi və ərazilərinin işğalına cavab olaraq BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə beynəlxalq
humanitar hüququn pozulduğu, çoxlu sayda azərbaycanlının köçkün düşdüyü, dinc
sakinlərə hücum edildiyi, insanların yaşadığı ərazilərin bombardman olunduğunu
xüsusi qeyd edilir: "Bu qədər sayda müharibə cinayətləri, insanlığa və irqi
ayrı-seçkiliyə qarşı yönələn cinayətlər müzakirəyə ehtiyac duymur. Ermənilərin
Azərbaycana qarşı başladığı müharibənin səbəb və nəticələrinin ümumi
qiymətləndirməsi aydın şəkildə göstərir ki, dinc əhalinin və onun
müdafiəçilərinin əvvəlcədən planlaşdırılmış ölümü təsadüfi bir hərəkət deyildi,
əksinə Ermənistanın geniş yayılmış və sistematik siyasətinin bir hissəsi idi.
Bu siyasətin özülündə mənfur irqi üstünlük ideyaları, etnik fərqlilik və nifrət
dayanır. Onu da qeyd etmək lazımdır ki, Xocalı qətliamı və azərbaycanlılara
qarşı törədilən digər cinayətlər nəhayət ki, Ermənistanı əbədi qurban şəklində
təsvir edən əfsanəni darmadağın etdi".
A.Mehdiyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti
əmindir ki, milli səviyyədə görülən ardıcıl tədbirlər, həmçinin beynəlxalq
ictimaiyyətin diqqətini cəlb edən daha da ağır cinayətlər üçün verilən cəzalar
Xocalıda və Ermənistanın Azərbaycana qarşı təcavüzü ərzində törədilən digər
ağır cinayətlərin cəzasızlığına son qoymağa xidmət edəcək: "Əmin olmaq lazımdır
ki, cinayətkarların təqibi ya milli hüquqi sistem və üçüncü dövlətlərin
müdaxiləsi, ya da müvafiq beynəlxalq cinayət institutları vasitəsilə yerinə
yetirilir və zərurət olan zaman hökumətin məsuliyyəti mövcud dövlətlərarası
mexanizmlər vasitəsilə təmin edilir".
O.M.