
Təbrizlilər xocalıları yada saldılar
Azərbaycanın Təbrizdəki baş konsulluğunun məlumatına görə, konsulluq binasında Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciənin mahiyyəti və acı nəticələri haqqında məlumatlar verilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə
çıxış edərək, tarix boyu dəfələrlə erməni millətçilərinin etnik təmizləmə,
soyqırımı siyasətinə məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq
qaçqına, məcburi köçkünə çevrilmiş Azərbaycan xalqının, bu faciə nəticəsində də
ən dəhşətli qətliamlara məruz qaldığını diqqətə çatdırıb, yüzlərlə günahsız
insanın qətlə yetirildiyini, itkin düşdüyünü, minlərlə insanın əsir
götürüldüyünü, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri ilə yanaşı,
müsəlman aləminə aid türbələrin, kümbəzlərin, qəbiristanlıq və məscidlərin
yerlə-yeksan edildiyini, Xocalının ən qədin sakinləri olan azərbaycanlılara aid
bütün izlərin həmin gecədə silindiyini bildirib.
Baş konsul Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il
fevralın 24-də Azərbaycan Milli Məclisi tərəfindən "Xocalı Soyqırımı Günü
haqqında" qərar qəbul olunması ilə başlanan Xocalı soyqırımına dair
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə beynəlxalq səviyyədə
ədalətli siyasi-hüquqi qiymətin verilməsi istiqamətində işlərin Azərbaycan
hökuməti tərəfindən daim davam etdirildiyini, lakin bu faciənin beynəlxalq
səviyyədə siyasi-hüquqi qiymət alması üçün ilk olaraq Azərbaycana dost və qonşu
ölkələr tərəfindən dəstək verilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Baş
konsul Azərbaycanla yanaşı, Türkiyədə, Şərqi Anadoluda, eləcədə İranın Xoy,
Maku, Salmas və digər şəhərlərində də ermənilərin tarix boyu günahsız insanları
qətlə yetirdiklərini, bunların da dünya ictimaiyyətinə çatdırılmasının
zəruriliyini diqqətə çatdırıb.
Türkiyənin Təbrizdəki baş konsulu da mərasimdə çıxış
edərək Xocalı soyqırımının bəşəriyyət üçün qanlı faciə olduğunu, Azərbaycan
xalqının kədərini anladıqlarını, faciənin qurbanlarını rəhmətlə andıqlarını
diqqətə çatdırıb.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının
dəhşətlərindən bəhs edən film nümayiş etdirilib, faciənin qurbanlarının
xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair DVD filmlər, Xocalı əhalisinin
dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər
əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları
Xocalı soyqırımını əks etdirən foto-stendə baxıb, sərgilənən kitab və
qəzetlərlə də tanış olublar.
O.M.