
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur
Heydər Əliyev Fondunun mətbuat xidmətindən verilən məlumata görə, Fondun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında səfirlik, konsulluq, diplomatik nümayəndəliklərin və diaspora təşkilatlarının xətti ilə qeyd olunacaq.
Fondun hazırladığı və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilən təbliğat materialları artıq
bir çox xarici ölkələrdə yayılıb. 2005-ci ildən başlayaraq soyqırımına həsr
olunmuş anma mərasimlərinin Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa,
Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara,
İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayevo və başqa şəhərlərdə silsilə tədbirlərlə
keçirilməsi nəzərdə tutulur. Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı "Xocalı
soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən
foto-şəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı
faciəsi haqqında dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri
və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin
seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaq. Anma mərasimlərində
Fondun hazırladığı və beynəlxalq ictimaiyyətə ünvanlanmış "Qarabağ həqiqətləri"
toplusunun və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması"
kitabının yayımı nəzərdə tutulur. "Qarabağ həqiqətləri" bukletlər toplusu Qarabağın tarixi,
münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni
terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı
informasiya almağa imkan verir. 2005-ci ildən başlayaraq Azərbaycan, rus,
ingilis, alman, macar, fransız və digər dillərdə nəşr olunan "Qarabağ həqiqətləri"
bukleti bu il də beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə
çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın
xəritəsi verilib və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri
göstərilib. Eyni zamanda burada münaqişə nəticəsində dəymiş ziyan, erməni
terrorizmi, işğalın qurbanları və s. məlumatlar yer alıb. İngilis dilində
hazırlanmış "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı
isə oxuculara milli-tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm
aktları barədə ətraflı məlumat verir. Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Heydər Əliyev
Fondu tərəfindən Avropa şəhərlərindən birində soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidə kompleksinin açılışı keçiriləcək.
Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və
dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlərə
müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə
də xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.
O.M.