
"APA-Group"un baş direktoru Türkiyənin "Cumhuriyet" qəzetinə Xocalı soyqırımı haqda danışdı
"APA-Group"un baş direktoru Vüsalə Mahirqızının Türkiyənin nüfuzlu "Cumhuriyet" qəzetində yazısı dərc olunub. APA-nın məlumatına görə, yazı qəzetin köşə yazarı Mina Kırıkkanatın köşəsində yayımlanıb. Yazının Azərbaycan dilindəki variantını təqdim edirik:
"Onlar ailədə 4 nəfər idilər, axşam yeməyi üçün təzə süfrə başına keçmişdilər.
Birdən çöldən səslər gəlməyə başladı: "Ermənilər gəlir, atəş açırlar".
Valideynləri onun və 5 yaşlı bacısı Yeganənin əlindən tutub həyətə qaçdılar.
25 fevral axşamıydı, çöldə buz kimi hava vardı. Bir neçə gündən bəri yağan qar
getdikcə güclənirdi. Hamı qaçırdı. Qəsəbəyə ən yaxın olan Ağdama tərəf gedən
yol meşənin içindən keçirdi. Bir anda güllə yağışının ortasında qaldılar.
Vurulanlar yerə yıxılır, hələ ki sağ qalanlar isə güllə yağışına tərəf qaçırdı.
Çünki başqa yol yoxdu. Birdən əlindən tutan anası Rənanın fəryadını eşitdi,
güllə başından dəymişdi, üzü qan içində yerə yıxıldı, atası ilə bacısı da
anasına tərəf yüyürdülər. Bir güllə daha, biri də... Bacısı yerə sərildi, heç fəryada
belə imkanı olmadan... Bacının qanı ağ qarı qıpqırmızı rəngə boyamışdı.
Qorxudan titrəyən Xəzangül ağlayırdı, atası ölmüş anasını və bacısını buraxıb
onun əlindən tutdu, qaçmağa başladılar, qarşılarını əsgər geyimlilər kəsdilər.
Bircə həmlə ilə atasını da, onu da yük maşının içinə fırlatdılar.
Ermənilər əsir aldıqları uşaqları, qadınları, yaşlıları bura doldurmuşdular,
bir də yaralanıb ayaq üstə dura bilənlər vardı. Ancaq indi atasının da qolundan
qan axdığı fərq elədi. Onları heç tanımadıqları bir yerə apardılar. Kişilərin
hamısını yaşlı, yaralı demədən ağaca bağladılar. 38 yaşlı atası Təvəkkülə sarı
gələn əsgər bağırdı: "De ki, Qarabağ erməni torpağıdır". Atasından səs çıxmadı,
döydülər, yarasına basdılar, təpiklədilər...
Onda 8 yaşındaydı Xəzangül, "ata, ata" fəryadı yeri-göyü inlədirdi.
Təvəkküldən səs çıxmayınca ermənilər hiddətləndilər. Atasının üstünə benzin
tökdülər və bircə kibrit... Xəzangül bu dəhşəti 8 yaşında yaşadı. Və üzərindən 20
il keçəndən sonra atasının yanan bədənindən qalxan o iy gəlir hələ burnuna, fəryadı
heç getmir qulaqlarından...
Xeyr, oxuduqlarınız bir romandan, ya da filmdən parça deyil. Bu, 20 il əvvəl
Xocalıda bir ailənin yox edilməsinin gerçək dramıdır. 25-26 fevral 1992-ci ildə
erməni terrorçuları qəsəbənin əksəriyyəti qadın, qoca və uşaq olmaqla 2500
sakininin üzərinə ağır silahlardan mərmi yağdırdı, 613 vətəndaşımız qətlə
yetirildi, 1500-ə qədər dinc sakin yaralı vəziyyətdə meşədə tərk edildi, çoxu
donub öldü, çoxlu əsirlərimiz oldu. Bəzilərinin aqibətindən hələ də xəbərsizik.
Erməni terrorçuları bir neçə saat içində bir qəsəbəni yer üzündən sildilər.
Bu gün dünya parlamentləri 1915-ci ildə baş vermiş olaylarla bağlı qondarma
"soyqırımı" qərarları qəbul edirlər. Həm də tarixi araşdırmadan, arxivlərə
daxil olmaq zəhmətinə qatlanmadan... Amma vicdan, qürur, obyektivlik kimi dünyəvi
anlayışların keçərli olduğu hər yerdə "soyqırımı" anlayışı barədə öncə bizdən,
Azərbaycan türklərindən soruşulmalıdır. Çünki biz soyqırımı cəmi 20 il əvvəl
bütün dəhşət və acılarıyla yaşadıq.
Fevralın 26-da Xocalıda yaşananların adı soyqırımından başqa bir şey ola bilməz.
Soyqırımı bir insanlıq cinayəti olaraq görənləri 26 fevralda, bu bazar günü
saat 14-də Taksim Meydanına dəvət edirik. Dünyanın istənilən yerində tarixin istənilən
çağında soyqırımı niyyəti ilə bir nəfəri belə qətlə yetirənləri lənətləməyi
insanlıq vəzifəsi bilənləri 26 fevralda Taksimdə "Hamımız Xocalılıyıq" deyə
hayqırmağa çağırırıq.
O.M.