Qarabağ məsələsi İstanbulda gündəmə gəlib
Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının rəhbəri Sabina Freyzer jurnalistlərə açıqlama verib. Brifinq zamanı o, Qarabağ məsələsinə də toxunub.
Belə ki, Sabina Freyzer Azərbaycanla Ermənistan arasında qısamüddətli müharibəni mümkün saymadığını söyləyib. Oxumeni.az xəbər portalının ermənipərəst "Novostnik" saytına istinadən verdiyi məlumata görə, S. Freyzer İstanbulda erməni jurnalistləri ilə bir araya gəlib.
O bildirib ki, Azərbaycanda qəfil
hücumla qələbə qazanacaqlarını, Ağdamı, Füzulini götürəcəklərini düşünürlər:
"Hesab edirəm ki, bu, heç vaxt mümkün deyil. Azərbaycanlılar hücuma
başlasalar, erməni tərəfi də reaksiya verəcək və heç də sadə olmayan bir
vəziyyət yaranacaq ".
Ekspert əmindir ki, müharibə Türkiyəyə də lazım deyil. Ermənistan-Türkiyə
münasibətlərinə toxunan S. Freyzer bu sahədə müəyyən tərəqqinin olduğunu
söyləyib. O, "Əlbəttə, sərhədlər hələlik açılmayıb. Lakin ermənilər və türklər
dialoq aparır, bir-birini anlamağa çalışır. Bununla yanaşı, prosesin Azərbaycan
və Ermənistan tərəfində heç bir irəliləyiş yoxdur. Üstəlik, vəziyyət
gərginləşir. Azərbaycan öz mövqeyində israrlıdır, ermənilərə isə yalnız
Qarabağın müstəqilliyi lazımdır. Bu, bizi çox narahat edir ", - deyib.
Avropa həmişəki kimi məsələyə ikili standartlarla yanaşır. Çünki iki üzün iki astarı olur...
Elvin Babayev
O.M.