
Qaradağlı faciəsi Bakıdakı Şəhidlər Xiyabanında anıldı
Qaradağlı faciəsinin 20-ci ildönümü ilə bağlı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Qaradağlı faciəsinin beynəlxalq səviyyədə tanınması üçün mühüm işlər aparılır: "Üç dildə Qaradağlı faciəsi ilə bağlı çəkilən film bu il fransız dilinə də dublyaj olunub".
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin
sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, filmin
fransız dilinə tərcümə edilməsində məqsəd Fransa ictimaiyyətinin soyqırımı barəsində
maarifləndirilməsinə yönəlib.
Qeyd edək ki, erməni hərbi birləşmələri Rusiya Silahlı
Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi
texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-də azərbaycanlılar
yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra ermənilər
fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc,
əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan
tutulub. Faciə nəticəsində Qaradağlıda girov götürülən 117 kənd sakinindən 80-ə
yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb. Şahid ifadələrinə
görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində
güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib. Qaradağlı indi də
işğal altındadır.
O.M.