
Şaxtalı çovğunda hətta Venesiya suları dondu
Şaxtalı çovğun
Avropanı da əsirinə çevirə bilib. Məşhur Venesiya suları donub. Artıq kanallardakı hərəkət məhdudlaşıb. 80
ildir qədim Venesiyada bu cür xoşagəlməz hal yaşanmamışdı. Lakin bütün
çətinliklərə, təbiətin şıltaqlıqlarına baxmayaraq, bu il də Venesiya karnavalı
təşkil olundu. RTNews.соm-un İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə,
bu il də adəti üzrə bayram şənliyi sudan başladı, daha doğrusu, buzdan.
Tədbirin builki şüarı "Həyat teatrdır" oldu. Təşkilatçıların fikrincə, Venesiya
məhəllələri, küçələri, meydanları, kanalları ayrı-ayrı səhnəcikləri əks
etdirməlidir. Bu il bayram şənlikləri şaxtalı-çovğunlu havaya təsadüf
etdiyindən San-Marko küçəsindəki fəvvarədən su əvəzinə qırmızı şərab ucalır. Ən
böyük kanalın girişində taxtadan öküz heykəli qurulub ki, şənliyin sonunda
təntənəli şəkildə yandırılacaq.
Venesiya karnavalı 21 fevrala qədər davam edəcək. Şənliyin pik nöqtəsi 19
fevral gününə təsadüf edəcək maskalar festivalı olacaq. Adəti üzrə tədbir
səssiz reqataların cərgəli səyahəti ilə bitməlidir. Təşkilatçılar o zamana
qədər buzların əriyəcəyinə ümid bəsləyirlər.
Sular donsa da, həyatsevər insanların
qəlbi hər zaman hərarətli olur...
Aqil Hüseynov
O.M.