
Azərbaycan mətbuatına ağır itki üz verib
Fevral ayının 1-də insult keçirərək komaya düşən tanınmış jurnalist, "Oxu məni" qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, həmçinin Mediapress saytının təsisçisi və baş redaktoru Natiq Qocayev (Qocaman) bu gün səhər müalicə aldığı Neyrocərrahiyyə İnstitutunun nevralogiya şöbəsində dünyasını dəyişib
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə mərhumun qardaşına səhər saat 8.31-də müalicə aldığı nevralogiya şöbəsindən zəng vuraraq bildiriblər. Xatırladaq ki, jurnalistikamızın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilən Natiq Qocayevin (Qoçaman) müalicəsi ölkə prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzində idi və bununla bağlı müalicə olunduğu xəstəxana rəhbərliyinə müvafiq göstəriş də verilmişdi.
Natiq Qocayevin nəşi Göy məsciddə yuyulduqdan sonra 9-cu mikrorayondakı "Tərlan" şadlıq evinin yanındakı atasının evinə gətiriləcək. Mərhumla vidalaşma mərasimi də orada təşkil ediləcək. Vidalaşma mərasimindən sonra mərhum jurnalist Binəqədi qəbristanlığında dəfn ediləcək. Bir daha başda Emin Axund olmaqla "Oxu məni" qəzeti və Mediainfo.az saytı kollektivi adından mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin, ruhu şad olsun