Hazır olun: Daha da çovğunlu-şaxtalı günlər gəlir

Hazır olun: Daha da çovğunlu-şaxtalı günlər gəlir

6 Fevral 2012 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Fevralın 8-i və 9-u havanın temperaturu 6-10 dərəcə şaxta təşkil edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirir ki, fevralın 7-dən Azərbaycana növbəti soyuq atmosfer kütlələrinin daxil olması nəticəsində hava şəraiti yenidən dəyişərək tədricən kəskinləşəcək. Ən kəskin hava şəraiti ayın 8-də müşahidə olunacaq: "Yaxın günlərdə küləyin artması, şaxtanın daha da güclənməsi gözlənilir. Fevralın 7-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, şimal qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Havanın temperaturu bu günə nisbətən yenidən aşağı enəcək. Ayın 7-də gecə və gündüz saatlarında 0-3 dərəcə, axşama doğru isə - 5 dərəcə təşkil edəcək. Yollar buz bağlayacaq". U.Tağıyeva həmçinin qeyd edib ki, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Hava şaxtalı olacaq, şimal-qərb küləyi daha da şiddətlənəcək. Fasilələrlə qar yağacaq, çovğun ehtimalı var: "Havanın temperaturu daha da aşağı enəcək. Ayın 7-dən 8-nə keçən gecə və ayın 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında havanın temperaturu 6-10 dərəcə şaxta təşkil edəcək. Ayın 8-də gündüz 3-5 dərəcə şaxta müşahidə olunacaq. Yollar buz bağlayacaq. Fevralın 9-da gündüz saatlarında yağıntılarda fasilələrin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir. Bütün Avropanı əhatə edən çox soyuq Sibir antisiklonunun təsiri hələ də Azərbaycanda qalmaqdadır. Sibir antisiklonuna soyuq arktik hava kütlələrinin daxil olması davam edir. Buna görə həmin Sibir antisiklonu bütün Avropada, eyni zamanda Azərbaycanda da hava şəraitinin bu cür şaxtalı keçməsinə səbəb olur".

O.M.