Pakistanda öldürülən azərbaycanlının qardaşı açıqlama verdi
Pakistanda öldürülən azərbaycanlı mücahid Zaur Aslanov 3 il əvvəl Azərbaycanı tərk edib. Bu barədə APA-ya açıqlamasında Zaurun qardaşı Rüstəm Aslanov məlumat verib. R.Aslanovun sözlərinə görə, qardaşı Azərbaycanı tərk edəndən 7-8 ay sonra evə zəng edib Türkiyədə olduğunu bildirib: "Zaur 2009-cu il martın 25-də evdən çıxıb. O, hara gedəcəyi barədə ailə üzvlərinə heç nə deməyib. Bir xəbər çıxmadığından bir neçə aydan sonra polisə məlumat verdik. Həmin vaxtdan polis onu itkin düşmüş şəxs kimi qeydiyyata aldı. Lakin evdən gedəndən 7 ay sonra qardaşım bizə zəng edib dedi ki, Türkiyədədir, işləyir, narahat olmayaq. Biz onun sağ-salamat olduğunu biləndən sonra yenidən polisə məlumat verdik, barəsində axtarış dayandırıldı".
Qardaşı Z.Aslanovun 3 uşaq atası olduğunu deyib: "Zaur ailəli
idi və üç övladı var. Hər beş-altı aydan bir evə zəng edərdi, övladları ilə danışardı.
Sonuncu dəfə ötən ilin dekabrında zəng eləmişdi. İşləyib pul qazanacağını,
tezliklə evə qayıdacağını deyirdi". Ailə üzvləri Z.Aslanovun hansısa radikal
dini qruplaşmaya qoşulub-qoşulmadığından xəbərsiz olublar: "Bizim evimizdə
namaz qılan olmayıb. Zaur evi tərk etməzdən 3-4 ay əvvəl namaza başlamışdı. Üzü
həmişə r tüklü olardı. Onda dinə və hər hansı radikal təriqətə ifrat meyllilik
hiss etməmişdik". R.Aslanov qardaşının taleyinə aydınlıq gətirilməsi ilə üçün
Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini bildirib.
Qeyd edək ki, Pakistan hərbçilərinin bir neçə gün əvvəl
Reşavər bölgəsində "Əl-Qaidə" təşkilatının yaraqlılarına qarşı keçirdikləri əməliyyat
zamanı 1-i azərbaycanlı olmaqla, 6 nəfər öldürülüb. "Kurram" agentliyinin
yaydığı məlumata görə, öldürülən azərbaycanlı mücahidin üzərində sənədi olub. Sənəddən
bəlli olub ki, Pakistan hərbçiləri tərəfindən öldürülən "Əl Qaidə" silahlısı Azərbaycan
vətəndaşı, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Zaur Aslanovdur. Z.Aslanovun
silahlı qrupun aparıcı komandirlərindən olduğu bildirilib.
O.M.