
Azərbaycanın dağ yollarında uçqunlar baş verdi
Quba rayonunun ucqar dağ kəndlərinə gedən yollarda fevralın 3-dən 4-ə keçən gecə 8 yerdə qar uçqunu baş verib. Həmin ərazilər ağır texnika vasitəsi ilə qardan təmizlənib. Quba rayon 6 saylı Yol istismar idarəsinin baş mühəndisi Aydın Niftəliyevin APA-ya verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 32-ci kilometrliyindən 46-cı kilometrliyinə qədər olan hissəsində hər an qar uçqunu ehtimalı var. Həmin ərazilərdə sürücülərin diqqətli olması vacibdir. Ümumilikdə Quba Yol istismar idarəsinin balansında olan yollarda gediş-gəliş bərpa olunub. Hazırda əlavə ehtiyat tədbirləri həyata keçirilir.
Quba 68 saylı Yol
istismar idarəsinin balansında olan yollarda da vəziyyət qənaətbəxşdir. İdarənin
sahə rəisi Hüseynağa Xəlilovun açıqlamasına görə, dünən axşam saatlarından etibarən ağır texnika vasitəsi
ilə yollar qardan təmizlənib. Nəqliyyat vasitələrinin normal hərəkəti bərpa
olunub.
Quba Avtovağzalının
direktoru Fikrət Yunusov isə bildirib
ki, artıq 3 gündür rayonun 15 kəndinə avtobus reysi həyata keçirilmir. Rayonun
dağlıq ərazilərində yerləşən həmin kəndlərə avtovağzaldan gediş-gəliş hələ də bərpa
olunmayıb. Qusar 7 saylı yol istismar idarəsinin rəisi Rauf Əbilov isə qeyd
edib ki, idarənin balansında olan yollarda nəqliyyat vasitələrinin normal hərəkəti
təmin edilib. Qusar-Ləzə, Bakı-Quba-Dağıstan, Quba-Qusar və Qusar-Həzrə
yollarında da gediş-gəliş tam təmin olunub. Xaçmaz rayonunun yollarında da vəziyyətin
qənaətbəxş olduğu açıqlanıb. Rayon 5 Saylı Yol istismar idarəsinin baş mühəndisi
Məmmədşah Hacımuradovun sözlərinə görə, bu gün səhər saatlarından etibarən bəzi
ərazilər ağır texnika vasitəsi ilə qardan təmizlənib. Yolun buz olan hissələrinə
qum-duz qarışığı səpilib.
O.M.