Şamaxıda 40-a yaxın ev dağılıb

Şamaxıda 40-a yaxın ev dağılıb

6 Fevral 2019 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub.

Yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi 00:10 radələrində bərpa olunub. Şəhərdə bəzi evlərin və istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından saat 00:00-dan etibarən "mavi yanacağ"ın verilişi dayandırılıb.

İlkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlər üzrə 14 evdə, şəhərdə isə 17 evdə dağıntı baş verib.

Təcili yardıma 30 müraciət daxil olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Digər çağırışlar həyəcandan təzyiqi qalxan şəxslərlə bağlı olub. Onlara tibbi yardım göstərilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon rəhbərliyi hazırda dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçirirlər.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib. (azərtac)