1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) bibarıçılıq: Jurnalist Natiq Qocamana iynə vurulan zaman spirt tapılmayıb, yaş salfetkadan istifadə edilib

1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) bibarıçılıq: Jurnalist Natiq Qocamana iynə vurulan zaman spirt tapılmayıb, yaş salfetkadan istifadə edilib

4 Fevral 2019 19:35
Bəyəndim (0) Bəyənmədim (0)

İnsult keçirərək hazırda komada olan tanınmış jurnalist, "Oxu məni " qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, Mediapress saytının baş redaktoru Natiq Qocamana münasibətdə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) baş verən daha bir dəhşətli biabırçılıq üzə çıxıb. Məsələ ilə bağlı Mediainfo.az saytına məlumat verən jurnalistin həyat yoldaşı Könül Aypara bildirib ki, insult diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilən Natiq Qocamana iynə vuran zaman iynə yerini təmizləməyə spirt tapılmayıb. Nəticədə Esmira adlı tibb bacısı jurnalistə iynə vurarkən yaş salfetkadan istifadə etməli olub. Bununla bağlı jurnalistin həyat yoldaşı deyir: "Esmira adlı "40 ilin həkimiyəm" deyən qadın bir başqası ilə növbədə idi. Çox dözülməz şəraitdə olan reanimasiyada (ayaqyolu ilə uzbəuz, "proxodnoy dvor") xəstələrə spirtlə deyil, gözümüzün önündə yaş salfetlə iynə vuruldu. Iki xəstə yatırdı, sanki gözləyirdilər ki, biri ölsün, aparatı ondan çıxarıb yoldaşıma qoşsunlar. O dərəcədə "Şirəliyev mexanizmi"... Yoldaşımın vəziyyətinin daha da pişləşdiyini görüb, olan-qalan ümidlərimizi də puç etdilər".

Bu isə Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın öndə gedən tibb müəssisələrindən biri olan 1 saylı Kliniki Tibbi Mərkəzi üçün dəhşətli biabırçılıq deməkdir. Görəsən tibb ocağındakı spirt haraya yoxa çıxıb, bəlkə həkimlər spirti həzm rabedən keçirib, içiblər? Biz bunu dəqiq deməkdə çətinlik çəkirik. Yalnız onu demək istəyirik ki, respublikamızın hər yerindən gələnlərin üz tutduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə xəstəyə iynə vurulması üçün spirtin tapılmaması Səhiyyə nazirliyi üçün də böyük biabırçılıqdan başqa bir şey deyil. Çünki iynə vurulan zaman iynə yerini təmizləməyə spirtin tapılmaması neçə-neçə xəstənin digər qorxulu xəstəliklərə yoluxmasına səbəb ola bilər.

Jurnalistin həyat yoldaşının bildirdiyinə görə, koma vəziyyətində olan Natiq Qocamana qoşmaq üçün süni nəfəs aparatı da tapılmayıb. Bunun səbəbini soruşanda və məsələ ilə bağlı şikayət edəcəklərini deyəndə Esmira adlı həkim jurnalistin həyat yoldaşına: "Nazirliyə deyil, haraya şikayət edirsən, et",-deyə ona kobud cavab verib.

Jurnalistin həyat yoldaşı: ""Nazirliyə yox, hara şikayət edirsən et!" deyən Esmira haqqında elə nazirliyə şikayət etdim. Səhiyyə naziri Oqtay Şirəliyev kimi "işləyən" mətbuat katibi Pərviz Abubəkirova 2 dəfə 050-211 .. .. nömrəsindən zəng vurdum. O qədər harınlaşıblar ki, bu nömrəni də hərləmirlər. Əgər mətbuata cavab verməyəcəksənsə, o yeri işinə məsuliyyətlə yanaşana ver. Get verilişini çək",-deyir.

Necə deyərlər, jurnalistin həyat yoldaşı dəfələrlə Səhiyyə nazirliyinin mətbuat katibi Pərviz Abubəkirova zəng etsə də o, ona edilən zənglərə cavab verməyib. Ümumiyyətlə onu da deyək ki, Səhiyyə nazirliyinin Çağrı mərkəzinin telefonu da işləmir və bu heç kimin vecinə deyil.

Jurnalistin həyat yoldaşı deyir: "Uzun-uzadı zənglərdən sonra nəhayət Səfayə xanımla danışdım. Yalnız bundan sonra klinikada etinasız yanaşdıqları xəstəmizə "diqqət" göstərildi. O da necə... dediyim kimi... reanimasiya şöbəsinə adətən ağır xəstələr gətirilir. Ağır xəstəyə iynə yaş salfetlə vurulur , "jqut" əvəzi sidik katetorundan istifadə edilir və "gedin hər şeyə hazır olun" deyilir. Bunlar nə qədər şərəfsiz, insafsızdırlar! Məgər nazir Oqtay Şirəliyev guya bilmir ki, ölkədəki səhiyyə yerin dibinə batır? Batır yox, məhz o batırır?! Rüşvətxor, savadsız, etikasız səhiyyə işçiləri (yalnız sadaladıqlarıma aiddir!) cəhənnəm olun artıq!!! Məsuliyyətsiz nazirin məsuliyyətsiz işçilərinin ucbatından neçə-neçə ailələr gözüyaşlı qalır! Nə qədər olar?! Hara kimi? Ölkə rəhbərimiz cənab İlham Əliyev hər idarə üçün maddi yardım ayırır. Daima millətin, camaatın qayğısına qalır. Daha demir ki, içib yatın, məşuqələrinizlə tura çıxın və ya kötükcənizə kimi sərmayə qoyun! Bəsdirin də! Mən gecə ölüb-dirildim! Baş verən hər şeyi lentə aldırmışam! Bəlkə biri imkansızdır, savadsızdır? İnsanı ölümə məhkum edərlər? Hippokratın daşı düşsün başınıza".

Doğrudan da biabırçılıqdır, təsəvvür edin ki, komada olan xəstənin yaxınları əlləri ürəklərinin üstündə göz yaşları içində onu müalicə üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gətirirlər. Orada ona tibbi yardım göstərmək, ciddi müalicə etmək, ən azından yaxınlarına ürək-dirək vermək əvəzinə deyirlər ki, hər şeyə hazır olun, yəni xəstəniz o dünyalıqdır. Bu da Azərbaycan səhiyyəsinin dünyada analoqu olmayan daha bir biabırçılığıdır.

Əslində ölkə rəhbərliyi, şəxsən prezident İlham Əliyev tərəfindən son on illikdə Azərbaycanda səhiyyənin inkişafı üçün kifayət qədər böyük həcmdə maliyyə yardımları göstərilib. Müasir xəstəxanalar inşa edilib, oraya dünyanın ən müasir texnoloji aparatları gətirilib. Həqiqətən də texnoloji baxımdan ən müasir tibbi avadanlıqlarla təchiz edilən Azərbaycanın aparıcı tibb ocaqlarına dünyanın əksər ölkələrində həsəd apara bilərlər. Lakin bunun əvəzində Səhiyyə nazirliyinin və onların tabeliyində olan həkimlərin xəstələrə münasibəti dəyişməyib. Əgər ən müasir tibbi avadanlıqlarla təchiz olunan klinikada xəstəyə iynə vurmaq üçün spirt tapılmırsa, yaş salfetkadan istifadə edilirsə, süni nəfəs aparatı iki ədəddən artıq yoxsa, onda Səhiyyə nazirliyinin necə işlədiyini, prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğının üzərinə necə ləkə saldığını sübut etməyə zənnimizcə ehtiyac da yoxdur...

Natiq Qocamanın həyat yoldaşının dediyinə görə, Hippokrat andı içən, ancaq bu anda xəyanət edən 1 saylı Kliniki Tibbi Mərkəzdəki biabırçılıqla qarşılaşdıqdan sonra onlar xəstəni Mərkəzi Klinikaya aparmağa məcbur olublar. Hazırda Natiq Qocaman komadan ayılmayıb və onun vəziyyəti ağırdır. Jurnalistin həyat yoldaşı Natiqi tanıyanların və tanımayanların hamısından onun üçün Allahdan dua edilməsini xahış edir. Biz də belə bir ağır vəziyyətdə jurnalist həmkarımıza Allahdan şəfa diləyirik, Allah onu iki körpə uşağna bağışlasın. Amin!

Onu da deyək ki, məsələ ilə bağlı araşdırmamız davam edəcək.

Könül Aypara

Mediainfo.az