
Bu gün İNTERNETin 21 yaşı tamam olur
Bu gün 25 dekabr tarixi çoxları üçün nə iləsə əlamətdardır. Yəqin kimlərsə təqvimin bu gününü xüsusi hadisə kimi yaddaşlarına yazıblar. Hətta gündəlik istifadə etdiyimiz, yeni-yeni dostlar tapdığımız, fikir mübadiləsi apardığımız "Facebook"da da 25 dekabrı əlamətdar edən qeydlərə rast gəlmək olar. Ancaq maraqlıdır ki, hamı eyni zamanda bu günün əsas hadisəsini unudub. Bəli, virtual dünyaya açılan İNTERNET 1990-cı ilin məhz bu günü yaranıb. Deməli, hamımızın yaxın silahdaşına, sirdaşına çevrilmiş internetin bu gün 21 yaşı tamam olur. Cinsini bilməsək də, biz ona "Böyük canlı olsun!" deyirik. İnternet həqiqətən də canlı orqanizm kimidir. Onun ürəyi hər kəsin kompüterində döyünür.
İndi isə səbəbkarın "valideynlərini" yada salaq. Ser Timoti Con Berners Li ümumdünya şəbəkəsini Cenevrə şəhərində Avropa nüvə araşdırmaları üzrə təşkilatında (CERN) işləyərkən kəşf edib. İlk dəfə məhz 25 dekabr günü hipermətnlər arasında körpü bağlantısı yaranıb. Daha doğrusu, "Hypertext Transfer Protocol (HTTP)" müştərisi ilə server arasında İnternet vasitəsilə rabitə yaranıb. Bunun da adı World Wide Web (Ümumdünya hörümçək toru) olub. Məhz kompüterlərimizdə yazdığımız WWW hərfləri "Ümumdünya hörümçək toru" adlı internetə daxil olmağımızın işarəsidir.
Ser Timoti Con Berners Li Britaniya vətəndaşıdır. Kompüter üzrə alimdir, Massaçusets Texnoloji İnstitutunun (MIT) professorudur. İnternet kəşfindən 14 il sonra şahzadə II Yelizaveta alimi "Cəngavər" tituluna layiq görüb.
İlk dəfə Con Perri Barlou adlı şair elmi fantastikada istifadə olunan "kiberfəza" terminini internetə aid edib. O, "Grateful Dead" musiqi qrupu üçün söz yazarkən bu fikri ortalığa atıb. 1996-cı ildə İsveçrənin Davos şəhərində qələmə alınmış mahnının sözlərində "kiberfəzanın müstəqillik deklarasiyası" elan olunub. Mahnının sözləri olduqca orijinaldır:
Mən əslən kiberfəzadanam,
Zəkanın yeni ocağındanam.
Gələcək adından xahiş edirəm,
"Keçmiş, bizi narahat etməyin", deyirəm
Bizim aramızda yerin yoxdur,
Hökmün olmayacaq, bizlər çoxdur.
Biz ağlın sivilizasiyasını yaradacağıq,
Humanizm və ədalət carçısı olacağıq.
Hökumətlərin yaratdığı dünyanı geridə qoyacağıq.
Odur ki, gəlin bizi vitual aləmdə dostlara çevirən internetin ad gününü təbrik edək! Ad günün mübarək, İnternet! Və ya internet başa düşsün deyə: "Happy birthday to you, World Wide Web!"
Natiq Qocaman
O.M.